«MƏN»DƏN QURTULUŞ YOLU BATİNİN İSLAH EDİLMƏSİDİR
İslam deyir ki, insanı «mən» olmaqdan çıxararaq «biz» etmək istəyirsinizsə onun batinini islah edin, onu dünya malına qul olmağa qoymayın. Onu şəxsi mülkiyyətdən və sahibkarlıqdan məhrum etməklə bu dərd sağalmayacaq. Əlbəttə qeyd etmək lazımdır ki, bu barədə də iki məktəb və nəzər vardır. Məktəblərdən biri deyir ki, sizin sahibkarlıqla qətiyyən işiniz olmasın; bərabərsizliklərin çoxluğu problem deyil, siz yalnız batinlə məşğul olun. Digər məktəb isə deyir ki, batinin mühüm və əsas olması fikri düzdür, amma xarici aləm islah edilməyincə batini islah etmək olmaz və biz islamda xarici aləmə də diqqət yetirildiyini görürük, yə᾽ni islam sahibkarlığı tamamilə ləğv etmədən xaricdəki əyrilikləri düzəltmək istəyir. İslam bərabərliklərin bərqərar edilməsi və cəmiyyətdə düzlük yaranması üçün müxtəlif yollardan istifadə edir, amma bununla belə «mən»liyin «biz»ə çevrilməsi üçün təkcə bunu qənaətbəxş saymır. Ruhlara həqiqət hakim olmalıdır.
Yəqin ki, qarmmatikadakı izafət tərkibində tə᾽yin edilən və tə᾽yin edən hissələrlə tanışsınız. Sosializm məktəbinin diqqəti izafətin tə᾽yin edilən hissəsinədir. Bu məktəb deyir ki, tə᾽yin edilən hissələrin «mən» ilə birlikdə gəlməsi məsələn, «mənim evim», «mənim pulum» və s. deyilməsi «mən»liyi «mən» edir; siz tə᾽yin edilən hissələri götürün, çünki onların xüsusi olması «mən» yaradır.
Amma bu məktəb deyir ki, «mən»liyin tə᾽yin edilən hissələri heç bir iş görmür, iş görən «mən»liyin tə᾽yin edən tərəfidir. O, «mən nə?» deyir. Yə᾽ni «mən» nəyə aiddir? Əgər «mən»liyin fərdi və xüsusi işlərə aid olması «mən»liyi, «mən» edir... (Ustadın söhbətinin yazıldığı kasetin bu hissəsi bir az pozulub.) Amma ruh ümumi işlərə məsələn, iman və Allaha bağlı olanda «mən» «biz»ə çevrilir. Bu məktəbin tərəfdarları deyirlər: Biz bir çoxlarını görürük ki, mallarının çox olmasına baxmayaraq, onların «mən»liyi «mən» kimi qalmayıb və «biz»ə çevrilib. Onların «mən»liyi onların heç nələri olmayanda da «biz» olub, əllərində hər şey olanda da! Çünki onların ruhları əşyaya bağlı olmayıb.
Əli (ə) həyatda belə olub. O, çox enişli-yoxuşlu həyat keçirib. O həzrətin evində bə᾽zən yalnız ailə üzvlərinə çatacaq miqdarda azuqə olub və evdə başqa heç nə olmasına baxmayaraq həmin azuqəni Allah yolunda bağışlayıb. Bir müddət də dövrün ən böyük ölkə və xilafət başçısı olub və bütün beytül-mal xəzinələrinin ixtiyar sahibi hesab edilib. Bəli, Əli (ə) həmin vaxt hər cür naz-ne᾽mətlə yaşamaq və «mən»liyi hər cür doyurma imkanına malik olub. Amma onun «mən»liyi həm heç nəyə malik olmadığı və həm də hər şeyə sahib olduğu vaxt «mən» deyil, «biz» olub. Həmişə özünü unudaraq başqalarının fikrində olub. Deməli, «mən»liyin «biz» olması üçün mülkiyyət və sahibkarlığın aradan götürülməsinin zəruriliyini vurğulayan fəlsəfə düzgün deyildir.
Dostları ilə paylaş: |