MÜƏYYƏN BİR DƏYƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ HƏDDİ AŞMAĞIN NÜMUNƏLƏRİ 1. İBADƏT
İslamın tamamilə təsdiq etdiyi insani dəyərlərdən biri də ibadətdir. İslam baxımından insanın Allah yolunda etdiyi hər bir iş ibadətdir. Amma burada bizim məqsədimiz namaz, dua, münacat və bu kimi ibadətlərdir ki, islami mətnlərin ayrılmaz hissələridir.
İbadət doğrudan da əsl dəyərdir. Amma əgər, diqqət edilməsə cəmiyyət hədsiz dərəcədə bu dəyərə doğru yönələr, islam yalnız ibadət etmək, məscidə getmək, müstəhəbbi namaz qılmaq, dua oxumaq, müstəhəbbi qüsl vermək və Qur᾽an oxumaq kimi başa düşülər. Cəmiyyət bu istiqamətdə həddini aşanda, qalan dəyərlərin hamısı məhv olur. İslam tarixində cəmiyyət və şəxslərin belə bir ifrata varmalarını görmək olar. Tam çərəsiz şəxslər bu mübaliğə və ifratlara yol veriblər və belə bir yola düşdükdən sonra tarazlığı qoruya bilməyiblər. Əlbəttə onlar bu işləri üçün elə də günahlandırıla bilməzlər. Həmin şəxs, Allahın onu mələk deyil, insan yaratdığını başa düşə bilmir. Çünki o, mələk olsaydı belə işlərə məşğul olmalı idi. Buna görə də insan, müxtəlif dəyərləri bərabər və həmahəng surətdə inkişaf etdirməlidir.
Əziz islam Peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətə ifrat dərəcədə qərq olduqlarını xəbər verirlər. O həzrət narahat və əsəbi halda məscidə gələrək uca səslə belə deyir: «Bu dəstələrə nə olub? Nə olub? (Peyğəmbər sözlərini ədəbli ifadə ilə deyib. Ümumi dillə desək, məqsədi bu olub ki, onlar nə xəstəliyinə tutulublar?) Eşitmişəm ki, mənim ümmətimdə belə şəxslər peyda olublar. Mən sizin peyğəmbərinizəm, amma belə etmirəm. Heç vaxt gecəni səhərə kimi ibadət etmirəm. Gecənin bir hissəsini istirahət edirəm, yatıram. öz ailə işlərimlə məşğul olaraq onlara da vaxt ayırıram. Hər gün oruc tutmuram. Bə᾽zi günləri oruc tutur, bə᾽zi günləri isə yemək yeyirəm. Həmin dəstə və onların yolu ilə gedənlər mənim sünnəmdən xaricdirlər.»
Peyğəmbər, islami dəyərlərdən birinin inkişaf etdirilərək digər dəyərlərin unudulmasını, yə᾽ni cəmiyyətin yalnız bir tərəfə meyl göstərməsini müşahidə etdikdə onunla mübarizə aparır.
Əmr ibni Asın Məhəmməd və Abdullah adlı iki oğlu olub. Məhəmməd, atası kimi dünyapərəst, Abdullah isə nisbətən nəcib adam olub. Əmr, həmişə oğlanları ilə məsləhətləşəndə Abdullah atasını Əli (ə)-a tərəf də᾽vət edirmiş. Məhəmməd isə atasına belə deyərmiş. Əlidən xeyir görməyəcəksən, Müaviyənin yanına get. Bir dəfə Peyğəmbər Abdullahı görəndə ona belə deyib: Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: Bəli, ey Allahın peyğəmbəri! Peyğəmbər (s) söhbətinin davamında ona belə buyurub: Amma mən elə etmirəm və bu cür etməyi düz də saymıram. Bu düz iş deyil, onu tərk et.
Bə᾽zən cəmiyyət zahidliyə doğru çəkilir. Zahidlik və pərhizkarlıq mühüm həqiqətlərdəndir, inkaredilməz gerçəklikdir. O, mühüm tə᾽sir və faydalara malik dəyərlərdəndir. Bu dəyərə malik olmayan cəmiyyətin islam cəmiyyəti adlandırılması və ya səadət və xoşbəxtlik görməsi qeyri-mümkündür. Amma bə᾽zən, bu dəyərin cəmiyyəti özünə tərəf çəkdiyini, orada zahidlikdən başqa bütün dəyərlərin məhv olaraq aradan getdiyini müşahidə edirik.
Dostları ilə paylaş: |