Təne adəmi şərifəst be cane adəmiyyət
Nə həmin libas zibast nişane adəmiyyət
Əgər adəmi be çeşməst zəbano quşo bini
Çe miyane nəqşe divar miyane adəmiyyət.
Şe᾽rin məzmunu:
İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?
Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mə᾽naların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insana dəyər və şəxsiyyət verən və onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini verən şeylərə «insani dəyərlər» deyilir.
Bu gün keçən söhbətlərimizi davam etdirəcəyik. Əvvəlki söhbətlərimizdə dedik ki, fərd və cəmiyyətin doğru yoldan çıxması iki cürdür. Bunlardan biri dəyərə malik olmayan şeylərin əsl dəyərlər müqabilində müqavimət göstərməsi və onların qarşısını almasıdır. Buna misal olaraq zülmün ədalət, allahsızlıq və laqeyidsizliyin allahpərstlik və ibadət, səfehlik və axmaqlığın ağıl, dərrakə və hikmət müqabilində dayanmasını göstərmək olar. Amma dəyərsiz şeylərin dəyərlər müqabilində dayanması, bəlkə də, bəşərin düzgün yolundan çıxmasında elə də çox tə᾽sir göstərməyib. Çünki dəyərsiz şeylər insani dəyərlər qarşısında duranda çox davam gətirə bilmir və qısa müddətdə məğlub olur. Bəşəriyyətin düz və haqq yoldan çıxmasının əsas amili onun, dənizdə çəkilmə və qabarma baş verdiyi kimi hansısa bir dəyərə üz tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur. Dediyimiz kimi zahidlik və təqva bir dəyərdir, insanlıq me᾽yarlarındandır. Amma bə᾽zən görürsən ki, bir şəxs və ya cəmiyyət zahidliyə elə qapılır ki, onun üçün hər bir şey zahidlik olur və o, zahidlikdə məhv olur. Qeyd etdik ki, belə bir şəxs və ya cəmiyyət yalnız bədəninin bir üzvü, məsələn burnu inkişaf edərək böyüyən insana bənzəyir.
Dostları ilə paylaş: |