Dər mürüvvət xod ki danəd kisti
Mə᾽nası:
Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.
Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.
Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.
Bir dəfə də Əli (ə)-ı camaatın işlərini qurtardıqdan sonra təklikdə olanda təsəvvür edin. Belə hallarda onun bir özü, bir də Allahı olur; təklikdə Allahı ilə aşiqanə surətdə razi-niyaz edir və ibadət dünyasında qərq olur. Xoşbəxtlikdən Nəhcül-bəlağədə bu barədə də söhbətlər vardır. Əli (ə) bu barədə belə deyir: «İlahi! Sən övliyaların üçün bütün həmdəmlərindən ən yaxınısan.» Yə᾽ni mən heç bir həmdəmlə Sənin kimi ünsiyyətdə olmuram, mənim həmdəmim Sənsən, yalnız Səninlə olanda kimsəsiz olduğumu hiss etmirəm. Əli (ə) söhbətinin davamında belə buyurur: «Sənə təvəkkül edənlər, Sənin hər yerdə olduğunu görürlər, çünki Sən təvəkkül edənlərin harayına çatırsan. İlahi! Dost və aşiqlərini batini sirrlərində görürsən və onların batinlərindən xəbərdarsan, onların bəsirətlərinin necə olmasını bilirsən, onların sirləri Sənə əyandır və ürəkləri Sənə doğru uçmaqdadır.»
Cümə axşamları Əli (ə)-ın duası olan Kumeyl duasını oxuyun. Bu dua məzmun baxımından irfanın ən yüksək zirvələrindədir. Belə ki, siz o duanı əvvəldən axıra kimi oxusanız, onda nə dünya və nə də axirət, yə᾽ni behişt və cəhənnəmə rast gəlməzsiniz. Kumeyl duasında dünya və axirətdən üstün şeylər – Allah, müqəddəs ilahi zata vurğun və valeh olan pərəstişkar bəndənin Haqq ilə səmimi əlaqəsi, yə᾽ni ibadətin həqiqəti vardır. Onun özü də həqiqi ibadəti məhz bu cür izah edir. Siz Əli (ə)-ın öz Allahı ilə necə razi-niyaz etdiyinə, necə münacatlar etdiyinə nəzər salın. Həmçinin imam Zeynəlabidin (ə)-ın Ramazan ayında səhər çağları Əbu Həmzə duasında öz Allahı ilə necə razi-niyaz və münacat etdiyinə diqqət edin. Bu, bizim müsəlmançılığımızın ilk addımıdır. Müsəlmançılığın ilk addımı budur ki, öz Allahımıza yaxınlaşaq. Biz Allahımıza yaxınlaşdıqdan sonra digər vəzifələrimiz, o cümlədən ictimai məs᾽uliyyət və vəzifələrimizi yaxşı və düzgün yerinə yetirə bilərik. Biz dinin birtərəfli meyllər xəstəliyinə düçar olmaması üçün müsəlmanların həmişə giriftar olduqları bu xəstəliyi kənara qoymalıyıq. İbadətin dəyərini heç vaxt azaltmamalıyıq.
İmam Sadiq (ə) ömrünün son anlarında bütün yaxın qohumlarını çağırtdırdı. Sonra gözünü axırıncı dəfə açaraq bir cümlə dedi və dünyadan köçdü. Həmin cümlə bu idi: «Bizim şəfaətimiz namazı yüngül sayan şəxslərə nəsib olmayacaqdır!»
Dostları ilə paylaş: |