ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD
Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı «mə᾽rifət və tanımaq» kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mə᾽nası ancaq mə᾽rifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və mə᾽ada iman da həmin mə᾽nadadır. Qur᾽anın harasında iman kəlməsi işlənibsə, mə᾽nası mə᾽rifət və agahlıqdır və onun bundan başqa heç bir mə᾽nası yoxdur.
Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mə᾽rifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. «Tanıyır», yə᾽ni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qur᾽andakı imanın mə᾽nası yalnız tanımaqdır? Allaha iman gətirməyin mə᾽nası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mə᾽rifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda tə᾽zim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.
Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mə᾽dən və suya rəğbət bəsləməsi mə᾽nasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bə᾽zən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mə᾽nası onun İsrailə meyl və rəğbəti olması mə᾽nasındadırmı? Xeyir, belə deyil, bəlkə məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.
İslam alimləri, filosofların iddialarının əksinə olaraq, islam imanının yalnız mə᾽rifət və tanışlıqdan ibarət olmasının dəlilinin, Qur᾽anın ən yaxşı tanıyanlardan ən yaxşı nümunələr gətirməsi olduğunu bildirirlər. Bu ilahi kitab Allah, peyğəmbərlər, ilahi höccətlər və mə᾽adı ən yüksək və ali səviyyədə tanıyan bir məxluqu misal gətirib ki, o, bütün bunlara baxmayaraq müsəlman deyil, kafirdir. O, hansı məxluqdur? Şeytan! Şeytan Allahı tanıyır, yoxsa Onu inkar edir və materialistdir? O, Allahı biz və sizdən çox yaxşı tanıyır, neçə min il də Allaha ibadət edib. Qur᾽an bizə mələklərə iman gətirməyimizi deyir. Şeytan mələkləri tanıyır ya yox? Bəli tanıyır. O, minlərlə il mələklərlə bir sırada dayanıb və Cəbraili mən və sizdən çox-çox yaxşı tanıyır. Peyğəmbərləri necə? O, peyğəmbərlərin peyğəmbər və ilahi elçilər olduqlarını bilir ya yox? Bəli, o, peyğəmbərlərin hamısını bizdən yaxşı tanıyır. Mə᾽adı da həmçinin! Allahla həmişə qiyamət barəsində danışır. Əgər belədirsə, bəs nə üçün Qur᾽an onu kafir adlandıraraq belə buyurur: «...O, [səcdə etməyə] təkəbbür göstərdi və kafirlərdən oldu». (Sad-74). İman filosofların dedikləri kimi, yalnız mə᾽rifət və tanımaq olsaydı, şeytan birinci mö᾽min olmalı idi, halbuki mö᾽min deyil. Çünki o, inadkar tanıyandır, yə᾽ni mə᾽rifət və tanımasına baxmayaraq, inad və müxalifət edir. Tanıdığı həqiqət müqabilində təslim olmur. Həmin həqiqətə rəğbəti yoxdur. Həmin həqiqətə əlaqə göstərmir və ona doğru hərəkət etmir. Deməli iman, təkcə tanımaq deyil. Buna görə də bizim filosofların çoxu Tin surəsinin ayələrinin birinin təfsirində səhvə yol veriblər. Həmin surə belədir:
«And olsun əncirə və zeytuna, and olsun Tur dağına, and olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə ki, biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra da onu qaytarıb rəzillərin rəzili edirik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa!»
Filosoflar deyirlər ki, bu surənin 6-cı ayəsindəki «İlləl-ləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsindən məqsəd nəzəri hikmət, «Və əmilus-salihati» (yaxşı əməllər edənlər) ifadəsindən məqsəd isə əməli hikmətdir. Bu düzgün deyil. «İlləl-ləzinə amənu» ifadəsində nəzəri hikmətdən üstün şeylər vardır və nəzəri hikmət onun bir hissəsi və təməlidir, iman yalnız hikmət, elm və tanışlıq əldə etmək demək deyildir, onda mə᾽rifət və tanışlıqdan üstün şeylər vardır.
Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mö᾽təbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.
Dostları ilə paylaş: |