2. TAM BATİNPƏRƏSTLİK
İrfan məktəbinin kamil insanının islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mə᾽nəvi riyazət, lütflə bağışlanan mə᾽nəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Qur᾽an da bu sifətləri bir yerdə cəmləyib. «[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...»
(Tövbə-112).
Bu ayənin «səcdə edənlər» ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur: «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö᾽minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
(Fəth-29).
Bu ayədə əvvəlcə onların cəmiyyət meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: «Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.» Yə᾽ni sən cəmiyyət meyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yə᾽ni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. «Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.»
Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam tə᾽limlərinin güclü tə᾽siri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq bə᾽zi vaxtlarda bu cür ifratlar yaranıb; yə᾽ni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.
Dostları ilə paylaş: |