İSLAMIN NƏZƏRİ
İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır». Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yə᾽ni o, öz sərmayəsini və bütün sə᾽y və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: «Dünya Allah övliyaları üçün ticarət yeridir.»
Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: «Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan.» Bu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.
Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə aldatsın; yə᾽ni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: «Dünya Allah dostlarının məscididir, səcdə yeridir.» Abid, məscid olmasa ibadət edə bilərmi? «Dünya Allah övliyalarının ticarət yeridir.» Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?
Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.
Dostları ilə paylaş: |