MEHRİBANÇILIĞA BİR MİSAL
Ümumiyyətlə rəhm, mehribançılıq və başqalarının halına yanma islamda həmişə tə᾽kid olunmuş məsələlərdəndir. Bəlkə də nəql edəcəyim bu əhvalatı hamınız eşitmisiniz. Bir dəfə, cahillik dövrünün tanınmış şəxsiyyətlərindən biri Peyğəmbər (s)-in yanına gəlir və görür ki, o həzrət nəvələrindən birini dizinin üstündə oturdub üzündən öpür, başını sığallayaraq ona məhəbbət göstərir. Həmin şəxs birdən Peyğəmbərə (s) üz tutaraq belə deyir: Mənim on uşağım var, amma indiyə kimi bir dəfə də olsun belə, onların heç birini öpməmişəm. (Bu həmin Niçe məktəbidir. Çünki öpmək onları sevməyim və onlara acımağım deməkdir. Başqasına acımaq isə zəiflikdir. Güclü adam heç vaxt belə işlər görmür, bu qism işlər güclü adam üçün yüngüllükdür.) Bu barədə nəql edilmiş rəvayətlərin birində deyilir ki, Peyğəmbər (s) bu sözdən o qədər narahat oldu ki, mübarək sifəti qızardı, rəngi dəyişdi və belə buyurdu: «Başqasına rəhm etməyənə rəhm edilməz!» Yə᾽ni Allah başqasına rəhm etməyən şəxsə rəhm etməz. Başqa bir rəvayətdə isə nəql edilib ki, o həzrət belə buyurub: «Əgər Allah sənin qəlbindən rəhmi çıxarıbsa, mən nə edim?!»
Bu barədə də hədis və rəvayətlər çoxdur. Əli (ə)-ın həyatı buna ən yaxşı nümunədir. Ümumiyyətlə o həzrət rəhm və mehribançılıq simvoludur. Zəif adamın qarşısında dayananda Əli (ə)-ın rəhm və məhəbbət dəryası cuşa gəlir.
Dostları ilə paylaş: |