Əziz islam peyğəmbəri həzrət Məhəmmədin (s) səhabələri haqda Mu᾽tə müharibəsində baş vermiş bir hadisə nəql edilib və bu, çox heyrətləndirici bir hekayətdir. Bu hadisə əsl fədakarlıq nümunəsidir. Mu᾽tə müharibəsində səhabələrdən bir qrupu yaralanaraq yerə düşürlər. Yaralı adamın qanı axdıqca onun bədəni yenidən qan yaratmalı olur. Bu vəziyyətdə insan çox susuzlayır, çünki bədənin yeni qan yaratması üçün suya ehtiyacı olur. Buna görə də yaralanmaq və bədən qanının axması susuzluq yaradır. Bir nəfər əlində su qabı tutaraq müsəlman yaralıların arasında gəzməyə başlayır ki, onlardan susuzlayanı olsa ona su versin. Yaralılardan birinə yaxınlaşaraq ona su vermək istəyəndə, yaralı əli ilə başqasını göstərdi ki, suyu ona ver, onun suya ehtiyacı daha çoxdur. Su paylayan həmin adamın yanına gedir, amma o da başqa birisini göstərir və onun suya daha çox möhtac olduğunu deyir. Həmin şəxs üçüncüsünün yanına gedəndə görür ki, o, ölüb. Geri qayıdanda görür ki, ikinci adam, yə᾽ni onun su təklif etdiyi ikinci şəxs də ölüb. Birincinin yanına qayıdanda onun da öldüyünü görür. Buna fədakarlıq və başqasını özündən üstün tutmaq, yə᾽ni tam ehtiyac içində olmasına baxmayaraq, başqasını özündən üstün tutmaq deyirlər.