İNSAN ASILILIĞININ NƏTİCƏLƏRİ
Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun «insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü tə᾽yin edir» sözləri fəlsəfi azadlıq mə᾽nasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.
İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.
İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.
Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.
Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.
BU MƏKTƏB BAXIMINDAN ALLAHA E᾽TİQAD MƏSƏLƏSİ
Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini yığışdırmalıdır.
Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, eksistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına e᾽tiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.
Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mə᾽nası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:
Dostları ilə paylaş: |