DAXİLİ VƏ XARİCİ MEYLLƏRİN BİRGƏLİK ZƏRURİYYƏTİ
Biz hələ ki, əsas bəhsimizin birinci mərhələsindəyik. Bu gün mübarək Ramazan ayının 21-ci və bu ayın son on günlüyünün birinci gecəsidir. Mübarək Ramazan ayının son on günlüyü çatanda həzrət Peyğəmbər (s) yataq yerinin yığışdırılaraq onun Şəvval ayına kimi salınmaması göstərişini verərdi. Belə ki, əziz islam Peyğəmbəri (s) bu ongünlüyün heç bir gecəsində yatmazdı. Bu gecələr ibadət, münacat və Allahla gizli razi-niyaz gecələridir. Bu məsələni keçən söhbətlərimizdəki mətləblə əlaqədar deyirəm ki, bə᾽zən bir sıra dəyərlər digər dəyərləri aradan aparır.
İslam cəmiyyəti keçmişdə ibadətin dəyərliliyinə meyl göstərərək digər dəyərləri aradan aparmaq istəyirdi və mən indi digər ifratçı cərəyanın formalaşmasını hiss edirəm. Belə ki, bir qrup, islamın ictimai dəyərlərinə meyl göstərərək onun ilahi dəyərlərini yaddan çıxarmaq istəyirlər. Bu da digər bir azğınlıq və səhvdir. Bir ərəbin bir uzunqulağı var idi və onu minmək üçün o qədər arxaya çəkilir ki, uzunqulağa tərəf tullananda heyvanın o biri tərəfinə düşür və belə deyir: Yenə əvvəlki kimi oldu. Əgər islamın orta mövqeyindən çıxırıqsa, cəmiyyətdən uzaqlaşan abid və ya Allahdan uzaqlaşan ictimai şəxs olmağımız arasında heç bir fərq yoxdur. İslam məntiqində bunlar bir-birlərindən fərqlənirlər. Qur᾽anda bu barədə çoxlu ayələr vardır. Allah-taala Qur᾽anın Fəth surəsinin axırıncı ayəsində belə buyurur:
«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö᾽minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
(Fəth-29).
Peyğəmbər (s)-in səhabələri və yetişdirdiyi şəxslər necədirlər? Onlar haqq və həqiqət düşmənləri müqabilində sərt, möhkəm və əyilməzdirlər, tunc divar kimi yerlərindən tərpənmirlər.
Dostları ilə paylaş: |