İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ
Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin e᾽tibar və əsilliyidir. Yə᾽ni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və «əqli agahlıq» e᾽tibarsız deyil, köklü, mö᾽təbər və istinad edilə bilən bilikdir.
Məktəblərin çoxu əqlə belə bir e᾽tibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına e᾽timad etmək səviyyəsində dəyər və e᾽tibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mö᾽təbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Mö᾽minlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşsını almaqdır. Xristianlığın tə᾽limləri buna əsaslanır.
Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz «tohid» (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz «Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir» deyə cavab versəniz, yə᾽ni «nəticəni götür, müqəddimə ilə nə işin var» misalına əsaslansanız və ya «nənəmdən eşidib yəqinlik əldə etmişəm», yaxud «yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam» kimi cavablar versəniz qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin e᾽tiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin tə᾽siridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.
Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mö᾽min xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Qur᾽an hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb. Bundan əlavə hədislərimiz əqlə o qədər əhəmiyyət və dəyər veriblər ki, siz hədis kitablarını açanda gördüyünüz ilk fəsil və bölüm «əql kitabı» adı ilə başlanır. Məsələn, bütün hədis fəsillərinə malik «Üsuli-kafi» kitabını açsanız orada ilk fəslin «əql kitabı» olmasını görəcəksiniz. Əhli-beyt məktəbinin bu fəsildəki bütün hədisləri (əvvəlldən axıra kimi) əqli himayə edir.
İmam Musa ibni Cə᾽fər (ə)-ın çox maraqlı bir ifadəsi var. O həzrət buyurub: «Allahın iki höccət və peyğəmbəri var. Peyğəmbərlərin biri batinidir və o, insanın əqlidir, digəri isə insan olmuş və bəşəriyyəti (düz yola) çağırmış aşkar peyğəmbərlərdir. Allahın iki höccəti var və onlar bir-birlərini tamamlayaraq təkmilləşdirirlər. Yə᾽ni bəşər, peyğəmbərlər olmadan təkcə əql ilə səadət yolunu gedə bilməz. Həmçinin əgər peyğəmbərlər tək olsalar və əql olmasa, insan yenə də səadət yolunu gedə bilməz. Əql və peyğəmbər hər ikisi bir-birilə bir iş görürlər.» Əqli himayə etməkdə bundan ali söz tapıb demək mümkün deyildir.
Belə ibarətlər çoxdur və siz onları çox eşitmisiniz. Məsələn: «Ağıllı adamın yuxusu nadan adamın ibadətindən üstündür», «Ağıllı adamın yemək yeməsi nadanın orucundan üstündür», «Allah hər bir peyğəmbəri göndərməmişdən əvvəl həmin peyğəmbərin əqlini kamala yetirib, belə ki, onun əqlini ümmətinin hamısının əqlindən daha kamil edib.» Biz həzrət Peyğəmbəri (s) «kamil ağıl» adlandırırıq. və s.
Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi «kamil ağıl» adlandırırıq.
Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yə᾽ni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb – əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi – bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.
Dostları ilə paylaş: |