BU MƏKTƏB BAXIMINDAN ALLAHA E᾽TİQAD MƏSƏLƏSİ
Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini yığışdırmalıdır.
Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, eksistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına e᾽tiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.
Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mə᾽nası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:
Mən bəsteye to həstəm mohtace bəstəni nist
Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist.
Yə᾽ni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.
Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.
Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz «Materializmə yönəlmənin səbəbləri» və «İnsan və taleh» kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.
Bu məktəbin ikinci iradı «bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə!» deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.
KAMİLLİK «öZ»DƏN «öZ»Ə OLAN HƏRƏKƏTDİR
Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yə᾽ni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yə᾽ni yad bir şeyə çevrilirmi?
Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mə᾽nası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bə᾽ziləri deyiblər ki, «hərəkət qeyriliyin yaranmasıdır», yə᾽ni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.
Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi «öz»ündən «öz»ünə doğru hərəkət edir, yə᾽ni onun «öz»ü və gerçəkliyi bir həqiqətdir. Onun «öz»ü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun «öz»ü əvvəldən axıra kimi «öz»üdür; o, axıra çatdıqca daha da «öz»ləşir, yə᾽ni onun «öz»ü daha kamil olur. Bəli, o, «öz»ündən «öz»ünə doğru hərəkət edir, amma naqis «öz»dən kamil «öz»ə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, o, yenə də bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yə᾽ni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yə᾽ni daha çox «öz» olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yə᾽ni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yə᾽ni həmin varlığın kamillik mərhələsini də əhatə edərək «mən hətta öz kamillik və təkamül mərhələsində də azadam» mə᾽nasını verməsi o deməkdir ki, mən «öz»ümdən daha kamiləm və mənim naqis «öz»üm, daha kamil «öz»ümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.
Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yə᾽ni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, «öz»ünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.
Dostları ilə paylaş: |