Yaddan çıxmayan adam
La Perl içini çəkə-çəkə qarın üstüylə qaçırdı. O, tövşüyə-tövşüyə öz taleyinə, Alyaskaya, Nom şəhərinə, qumara və bir də... bir də indicə bıçaqla vurub öldürdüyü adama lənət oxuyurdu. Barmaqlarındakı insan qanı artıq soyumuşdu. Amma o dəhşətli səhnə hələ də gözləri önündən getmirdi; stolun küncündən yapışan adamın yavaş-yavaş döşəməyə yıxılması, ətrafa səpələnən fişkalar14, dağılmış kartlar, içəridəkilərin qorxudan tir-tir əsməsi, xəzinədarların çaşqın-çaşqın baxması, dəmir pulların ölü sükutu, camaatın təlaşı və nəhayət, köməyə çağıran dəhşətli, ətürpədici bağırtı. Məhz bu bağırtı onu aradan çıxmağa məcbur etdi. Bundan sonra bütün şəhər ayağa qalxıb bir-birinə dəydi.
“Şeytanlar cəhənnəm zəncirini qırdılar!” deyə o. istehzayla güldü; sonra da gecənin zülmətində gözdən itdi və sahilə tərəf götürüldü.
Qapılar taybatay açıldı. İçəridən gələn işıq seli ətrafı bürüdü. Adamlar otaqlardan, çadırlardan, rəqs salonlarından çıxıb qışqırışa-qışqırışa qatili qovmağa başladılar. Camaatın hay-küyü, itlərin hürüşməsi onu var gücüylə qaçmağa məcbur edirdi. Arxadan gələn səslər yavaş-yavaş azalırdı. Görünür, təqib edənlər axtarışlarının boşa çıxdığını anlayıb əsbləşmişdilər. Amma kiminsə kölgəsi xəlvətcə və inadla onu izləyirdi. Geriyə boylandı. Həmin kölgə göründü.
Kölgə gah ağ örpəyə bürünmüş açıq düzəndə tutqun qaraltıya dönür, gah da qarlı havanın qalın duman yorğanı içində əriyib yox olurdu. Elə bil kölgə hardansa, yaxın bir yerdən çıxmış və düz onun dalınca yüyürmüşdü. Perl astaca donquldandı. Səsində yorulub əldən düşmüş qadın heysizliyi duyulurdu. Buna baxmayaraq, o, buz dolanbacların daha dərinliklərinə, qızılaxtaranların qazdığı quyulara tərəf yüyürdü. Birdən ayağı yerə basdırılmış yöndəmsiz payalara və bir yığın kəndirə ilişdi; yıxıldı, rəngi-ruhu qaçdı. O, sıra ilə düzülmüş və buz bağlamış ağacların üstünə düşmüşdü. Başı gicəlləndi, ürəyi guppultu ilə döyünməyə başladı. Nəfəsi də təngimişdi. Az sonra ona elə gəldi ki, nəhayət, təqibdən canı qurtarıb. Addımlarını yavaşıtdı. Amma gecənin qaranlığında həmin tanış kölgə yenə də göründü. La Perl dərhal yerindən götürüldü. Qəflətən beyninə bir fikir girdi: bu, onun xofunu bir qədər aldı. Ona, qumar oynayan bir adama, kölgənin qətiyyəti və inadkarlığı sərsəm bir əlamət kimi göründü. Ona elə gəldi ki, dilsiz-ağızsız bu kölgəni lap taleyin özü göndərib. Məğlubiyyət və ya qələbələrə xitam verməkçün son oyununu gözləyir. Bəxtəvər qatil işıq ucu görünən anlara çox nadir hallarda inanırdı. Bu vaxt ağıl və kamal zamanı da qabaqlayır, öz çərçivəsindən çıxıb əbədiyyət üzərində dalğalanır və öz gələcəyini təsadüfün açdığı səhifələrdə oxuyur. Şübhəsiz, indi yalnız bu anların vaxtıydı. Buna görə də o, sahildən uzaqlaşdı; ağ örpəyə bürünmüş adda-budda meşə zolağına tərəf qaçdı, yaxınlaşan və lap aydın görünən kölgə onu daha qorxutmadı. Lakin La Perl taqətdən düşmüşdü. Talacıqda dayandı və qəfildən geri döndü. Sağ əlindəki əlcək sürüşüb düşdü. Ulduzların solğun işığında tapançası parıldadı.
-
Atmayın! Mən silahsızam...
Kölgədən adam səsi gəldi. Qatilin dizləri əsməyə başladı. Hiss etdi ki, hətta topuqları da yüngülcə titrəyir.
Əlbəttə, əgər “Eldorado” restoranının dəmir oturacaqlarından birində əyləşən və bu hadisəni öz gözləri ilə görən Uri Bramın tapançası üstündə olsaydı, bəlkə də həmin gecə hər şey başqa cür olacaqdı; yoxsa, ona nə düşmüşdü ki, özünə tamamilə bab olmayan bir adamın dalınca bu qədər yol ölçsün. Amma nə fərqi var, ya elə, ya da belə?! Bram bir də təkrar etdi:
-
Atma... görürsən ki, mən əli yalınam...
-
Bəs onda niyə məni qovursan?- deyə qumarbaz qatil tapançanı aşağı saldı. Uri Bram çiyinlərini çəkdi.
-
Bunun nə dəxli var? İstəyirəm ki, mənimlə gedəsən...
-
Hara?
-
Ora bax! Düşərgənin o başındakı komaya, mənimkidi.
La Perl yerindən tərpənmədi və ürəyində bütün gözəgörünməz qüvvələri şahidliyə çağırdı; yalnız və yalnız ona görə ki, gəlib Uri Bramın axmaqlığına tamaşa etsinlər, doyunca gülsünlər. Nəhayət, soruşdu:
-
Bura bax, axı sən kimsən? Məni nə hesab edirsən? Elə bilirsən tələyə düşəcəyəm? Ay-hayyy....
-
Mən Uri Bramam, bildin? Komam isə ordadı, düşərgənin başında. Səni də tanımıram. Lakin sən canlı bir adamın bağırsaqlarını tökdün; əllərin hələ də qanlıdı. Sən qatilsən və hamı səni axtarır. Gizlənməyə də yerin-yurdun yoxdu. Mənim daxmam var, heç olmasa...
-
Yaşamaq istəyirsənsə, səsini kəs,- deyə La Perl onun sözünü ağzında qoydu.- Yoxsa sənin də işini bitirərəm; xəbərsiz-ətərsiz. Vallah öldürərəm səni! Daxma-zad qulağıma girmir! Görmürsən bütün şəhər məni təqib edir? Onlar məni yerin deşiyindən də olsa tapıb çıxararlar. Əclaflar! Burdan əkilmək istəyirəm! Axxx!!! Dəli şeytan deyir qayıt geri, get bir-ikisinin də bağırsaqlarını tök yerə! Görüm onları lənətə gəlsin! And olsun Allaha, qarşıma çıxanın qarnını yortacam, köpək uşağı! Həyat bə nədi, budu da – murdar bir oyun! Onsuz da bezmişəm!
Birdən La Perli vahimə basdı. Qorxusundan səsini kəsdi. Yalqızlığını hiss etdi. Uri Brama da elə bu lazımıydı. Dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Bu adamın sən deyən gözəl və qeyri-adi nitqi də yox idi. Və o, ömründə indiki kimi uzun danışmamışdı. Yalnız bircə dəfə uzun bir əhvalat danışacaq, vəssalam; onu da burda yox, başqa yerdə.
-
Elə isə, gedək mənim daxmama. İnan, səni elə gizlədərəm ki, heç kəsin ağlına gəlməz. Yeməyim də var, nə qədər istəsən. Yoxsa, aradan çıxa bilməzsən; nə itin var, nə də sursatın. Dəniz də buz bağlayıb. Yaxınlıqda bircə Sent Maykl Fortudur.15 Amma yəqin ki, bu xəbər ordakı Anvik şəhərinə səndən daha tez yetişəcək. Özün bil, başqa yolun yoxdur. Bir az gözlə, qoy ara sakitləşsin. Bir ay keçər, bəlkə də lap tez... heç səni yada salan olmayacaq. Baş qarışacaq, hamı Yorka qayıdacaq. Sən lap camaatın içində gizlənəcəksən. Heç kəs də bundan şübhələnməz. Qorxma, mən ədalətli adamam və ədalət barədə də öz mülahizələrim var. Səni ələ vermək niyyətim də yoxdu. Mən axı onlar kimi düşünmürəm, öz ağlıma nə gəlib?!
Uri qatilin cibindən dua kitabını çıxartdığını gördü və susdu. Şimal qütb parıltısının göy qübbəsinin şimal-şərq hissəsindən düşən sarımtıl işığında La Perl Uri Bramı papağını çıxartmağa və bu müqəddəs kitaba and içməyə məcbur etdi. Bram bu müqəddəs andı heç vaxt pozmamışdı, pozmadı da...
Qumarbaz qapının kandarında bir anlıq ayaq saxladı; birdən-birə onu xilas etmək istəyən adamdan şübhələnməyə başladı. Bu adamın qəribə hərəkətləri qatili təəccübləndirmişdi. O, şamın tutqun işığında otağa göz gəzdirdi. Burda yad adam yox idi və otaq kifayət qədər rahat görünürdü. Ev sahibi qəhvə hazırlayana kimi o, cəld papiros bükdü. Otağın istisi qonağın əzələlərini boşaltdı və o, laqeyd-laqeyd arxasını oturacağa söykəyib ev sahibinin sifətini papirosun əyri-üyrü tüstüsü arasından diqqətlə süzməyə başladı. Bu, güclü bir insan sifətiydi və bu gücün arxasında sonsuz kişi səbri gizlənmişdi. Və yəqin ki, o, bu gücü boş yerə sərf etməzdi. Üzündəki dərin qırışlar çapıqları xatırladırdı. Görkəminə diqqətlə baxan adamlar orda xeyirxahlıq, yaxud üzüyolalıq əlaməti görməzdilər. Qalın qaşları altından boz gözlərinin soyuq baxışları adamı üşüdürdü. Çuxura düşmüş yanaqlarından sallanmış sümükləri sifətini bir az da eybəcər hala salmışdı. Çənəsinin quruluşu bu adamın kor-koranə sərtliyindən və ərköyünlüyündən xəbər verirdi. Alnı geniş deyildi və bu da onun yeri gələndə amansız olduğuna işarəydi. Səsində, sifətindəki bütün cizgilərdə, burnunda, dodaqlarında və alnındakı qırışlarda həddən artıq kobudluq sezilirdi. Ömrü boyu tək yaşamağa adət etmiş adamlar belə ola bilərdi. Bu adam da heç vaxt özgə sözü ilə oturub durmamış, heç kəsdən də kömək ummamışdı. Uzun, qaranlıq gecələrdə beynindəkli fikirlərlə mübarizə aparanda belə gündüzlər üz-gözündə gecəki düşüncələrdən əsər-əlamət görməzdin. Dünyagörüşü dar olsa da, məqsədi həmişə aydın idi.
Təbiətcə yüngül xasiyyətli La Perl Uri Bramdan baş aça bilmirdi. Düzü, baş açmağa heç halı da yox idi. Əgər Uri oxuyub şənlənsəydi, yaxud ah çəkib kədərlənsəydi, bəlkə də onu asanlıqla başa düşmək olardı. Hətta La Perl onun “tapmaca cizgiləri”ni də açar və hansı yuvanın quşu olduğunu da söyləyərdi.
-
Cənab, mənə kömək edin,- deyə Uri Bram əmr etdi.- Gərək çağrılmamış qonaqları da qarşılamağa hazır olaq!
Yalnız bundan sonra La Perl özünü ev sahibinə təqdim etdi və dərhal işə girişdi. Urinin taxtı otağın uzaq küncündə, divarın dibindəydi. Taxt yöndəmsiz şalbanlardan düzəldilmiş, üstünə mamır döşənmişdi. Ayaqlarına da necə gəldi kəsilmiş qeyri-bərabər ölçülü şalbanlar vurulmuşdu. Uri taxtın divar tərəfindən mamırları və şalbanların üçünü söküb çıxartdı; uclarını mişarladı və təzədən yerinə elə qoydu ki, taxtın küncündə boş yer qalsın. La Perl anbardan bir-iki kisə un gətirdi, onları divarın yanında döşəməyə düzüb taxtın altına itələdi. Uri bu un taylarının üstünə əlavə iki dənə də uzun kisə saldı, onların da üstünə mamır döşədi. Sonra ədyalı onların üstünə çəkdi. La Perl burda yatmalıydı. Taxt başdan ayağa kimi dəri ilə örtülmüşdü və heç kəsin ağlına gəlməzdi ki, onun altında kimsə gizlənib.
Bir neçə həftə ərzində hökumət orqanları gərgin axtarış apardı. Nomda ev qalmadı, hər yeri ələk-vələk elədilər, amma La Perli tapa bilmədilər. Döğrusu, Uri Bramın komasına heç kəs bir elə əhəmiyyət vermədi. Kimin ağlına gələrdi ki, Con Rəndolfun qatili məhz burda gizlənmişdir.
Axtarışlar çoxdan qurtarmışdı. La Perl bütün günü komada var-gəl edir, elə hey kartları düzür, saysız-hesabsız papiros çəkirdi. O, sabit adam deyildi. Şən-zarafatcıl söhbətləri xoşlasa da, tez bir zamanda Urinin qaradinməzliyinə alışdı. Uri ilə söhbət adətən çox qısa olurdu. Ya təqibçilərdən, ya da yolların vəziyyətindən, yaxud da itlərin qiymətindən qısaca danışardılar.
La Perl kartda udmağın yollarını tapmağa möhkəm girişmişdi. Bütün günü kartları qarışdırıb paylayırdı. Müxtəlif əməliyyatları, öyrəndiyi fırıldaqları qeyd edirdi. Yenə kartları qarışdırır, təzə bir fənd axtarıb tapırdı. Nəhayət, bu məşğuliyyət də onu təngə gətirdi. Başını stolun üstünə qoyub yadına şəhərin səsli-küylü qumarxanalarını saldı. Xəyalında qumar otaqlarında kart paylayan oyunçuların coşğunluğu, gözətçilərin növbə ilə oyunlara acğözlüklə tamaşa etməsi, diyirlənən ruletka şarı canlandı. Belə anlarda o öz yalqızlığını daha çox hiss edir, uğursuzluğu haqqında düşünürdü. Və çox vaxt hərəkətsiz halda oturub gözlərini bir nöqtəyə zilləyirdi. Bəzən içində coşan amansızlıq onun hiddətli ehtiraslarını daha da qızışdırırdı. Həyat çox vaxt onunla sərt rəftar etmişdi, buna görə də həyatı sevmirdi.
Hər dəfə bu sözləri təkrar edə-edə La Perl taleyindən, qismətindən gileylənirdi.
-
Bəxtim yoxdu. Əlim heç vaxt gətirmir. Məni anadan olandan aldadıblar. Hətta ana südündə də aldanmışam. Bir vaxt anam nişanlanmış kartlarla oynamağa məcbur edilib. Güya mənim ayağım düşməyib, anamın məğlubiyyətinə səbəb mən olmuşam. Məgər mənim günahım var? Axı niyə mənə uduzulmuş kartlar kimi baxıb? Onun uduzmasında mənmi günahkaram? Axı niyə anam mənə elə bir qüvvət verməyib ki, heç olmasa qumarda bir dəfə udum? Bəs, başqaları niyə bu imkanı əldən vermir? Axı mən niyə Sitlə gəldim? Nə üçün göyərtədə veyillənirdim? Hardan gəlib çıxdım? Lap donuz kimi yaşayıram. Görürsünüz, hər şey və hamı elə bil mənə qarşı yönəldilib? Az qala bankı udacaqdım. Ömrümdə bu qədər pul görməmişdim. İndi bildin nə üçün? Elə buna görə də, Con Randolf kart atdı və eyni vaxtda fişkaları qabağa itələdi. Əcəb oldu onunçun. Cəhənnəm olsun qoy! Dilini qarnına soxaydı. Heç olmasa, mənə də bəxtimi sınamağa imkan verəydi. O bilirdi ki, bankı udacağam. Axı, niyə son anda özümü ələ ala bilmədim? Niyə, hə?
La Perl hirsindən döşəməni yumruqladı və hər şeyə lənət yağdırdı.
Adətən onun belə sarsıntılı dəqiqələrində Uri Bram səssizcə, hərəkətsiz dayanıb bu mənzərəni izləyirdi.Yalnız boz gözləri qaralır, baxışları dumanlanırdı. Sanki bu hərəkətiylə La Perlin deyinməsinin maraqsız, boş bir şey olduğunu bildirirdi.
La Perlə bəlliydi ki, onunla Urini heç bir ümumi cəhət birləşdirmir. Bəs necə oldu ki, Bram onu xilas etdi, təqibdən qorudu? Bu, onu çox təəccübləndirirdi. Amma vaxt da yetişmişdi. Adamların ürəyindəki intiqam hissi onların qızıla olan məhəbbətini söndürə bilmirdi. Beləcə Con Rondolfun ölümü artıq şəhər tarixinin arxivinə düşmüşdü. Əlbəttə, qatil tapılsaydı, şübhəsiz, camat öz işini kənara qoyub ədalət məhkəməsinin hökmünü gözləyərdi. Təəssüf ki, qatili axtarıb tapmaq daha onlar üçün birinci dərəcəli vəzifə ola bilmədi. Çayın dibində qızıl yatırdı. Sahildəki qumlar hələ öz qiymətini itirməmişdi. Dənizin donu açılandan sonra isə adamlar öz kisələrini çiyinlərinə salıb o yerlərə gedəcəkdilər. Burada onları dünyanın bütün naz-neməti gözləyirdi.
Bir gecə La Perl Uri Bramla birlikdə itləri kirşəyə qoşdu və onlar ağ qarla örtülmüş cığırla cənuba yollandılar. Daha doğrusu, Sent Maykl Fortuna çatmamış sahilboyu şərqə tərəf üz tutdular. Alçaq sıra dağları, təpəlikləri aşıb Anvik çayının yanından ötdülər və düz Yukona gedib Koyukük, Tanan və Minuk şəhərlərini arxada qoyaraq iki dəfə qütb dairəsini keçib böyük bir düzənliyə çıxdılar və burdan cənuba döndülər. Bu, həddindən artıq üzücü bir səyahət idi. Və La Perl heç cürə başa düşə bilmirdi ki, Uri Bram niyə onu bura özüylə gətirib. Nəhayət, Uri dedi ki, düzənliyin o tayında – İqldə onun öz sahəsi var və orada adamlar işləyirlər. İql şəhəri düz sərhəddə yerləşirdi. Onun bir neçə milliyində yerləşən Kyudaxi istehkamlarının kazarmaları üstündə Britaniya bayraqları yellənirdi. Bundan sonra Douson, Pelli, Beşbarmaq, Vindi Arm, Linderman, Çilkut və Danya gəlirdi.
Onlar İql şəhərini də ötüb dayandılar. Bu, onların son dayanacağıydı və burda ayrılmalıydılar. La Perl arxayın idi. Ətrafdan baharın iyi gəlirdi. Günlər uzanmışdı. Bundan sonra La Perl Kanadanın ərazisi ilə mənzil başına gedib çıxmalıydı. Sanki azadlıq qulağının dibində idi. Hər təzə gün gəldikcə o da təzə həyata yaxınlaşırdı. Dünya geniş dünyaydı və gələcək yenə ona işıqlı görünürdü. Səhər yeməyi zamanı La Perlin keyfi lap durulmuşdu. Fit çalır, astadan mahnı oxuyurdu. Uri itləri qoşquya qoşdu və yola düşməyə hazırlaşdı. Hər şey hazır idi. Amma La Perl yola düşməyə hazırlaşanda Bram sönmüş odun parçalarını tonqala yaxın gətirdi, üstündə oturub soruşdu:
-
Sən heç Ölü Atlar Yolu haqqında eşitmisənmi!
Onun baxışları qayğıyla dolu idi. La Perl sualı başa düşmədi və çiyinlərini çəkdi.
-
Bəzən həyatda elə adamlar olur ki, onları yaddan çıxartmaq, unutmaq çox çətindir,- deyə Uri astadan, tələsmədən söhbətə başladı. – Mən belə bir adamla görüşmüşəm. Bax, dediyim həmin Ölü Atlar Yolunda. 1897-ci ildə qarlı dağ aşırımlarını keçmək çoxlarının həyatı bahasına başa gəlib. O vaxtdan bu aşırımların adı belə qalıb. Bir vaxt buralarda atlar buz heykəllərə dönüb və Skaquyadan Bennetə16 qədər dağlarda bütöv at cəmdəkləri sıralanıb. Qarlı aşırımları keçərkən yük dolu bu atlar sürüşüb dərələrə düşmüş, tikə-tikə olmuşlar. Bəziləri isə uçurumlarda acından can vermiş, dolu kisələrin ağırlığına tab gətirməyib bataqlığa düşmüş, lehməli sularda boğulub ölmüşlər. Mən dəhşətli mənzərələrin şahidi olmuşam. Adamların bu dilsiz-ağızsız heyvanlara necə əziyyət verdiklərini, onları ölənə kimi qovduqlarını gözlərimlə görmüşəm. Atlar uçuruma düşəndən sonra heyvanların sahibləri təzədən sahilboyuna qayıdıb təzə atlar alırdılar. Bəziləri hətta bu yazıq heyvanları öldürmək üçün əziyyət də çəkmirdi. Onları elə beləcə taleyin hökmünə buraxırdılar. Amma bu aşırımdan keçməzdən əvvəl atların yəhərlərini və nallarını çıxarıb saxlayırdılar. Qarlı dağ aşırımlarından keçən bu adamların ürəyi elə bil daşdan idi, onlar azğınlaşmışdılar.
Belə günlərin birində məhz orada böyük bir ürək sahibinə rast gəldim. Yaxşı və vicdanlı adam idi. Elə bil lap peyğəmbər övladıydı. Dincələcək vaxtı gələndə o, atların belindən yükləri boşaldır, bu zaman heyvanlar rahat nəfəs alırdılar. Atların yeminə yüzlərlə dollar xərcləyən bu adam heyvanların sürtülüb yara olmuş bellərini yorğanla örtərdi. Amma o biri sahibkarların atlarının belinə baxanda adam dəhşətə gəlirdi. Yəhərlərin altında dərin yaralar irin bağlamışdı. Nalları sürtüb təmizlədikdən sonra bu adamlar yazıq heyvanları dırnaqlarından qan axana kimi qovardılar, amma mənim rast gəldiyim adam isə cibindən son dollarını belə nalların mismarına verərdi. Biz onunla bir yorğan altında yatırdıq, bir qabdan çörək yeyirdik. Beləcə, dediyim bu yolda qan qardaşı olduq. Bu yollar ağıllarını itirmiş və tanrını lənətləyə-lənətləyə ölən həmin adamların yoludur. Həmin adamlardan fərqli olaraq, mənim unuda bilmədiyim dostum bütün günü yorulsa da, həmişə yüyəni boşaldır, tapqırı çəkməyə vaxt tapırdı. Görürdüm ki, tez-tez o, bu sonsuz əzab dənizinə baxırdı. Gözlərindən acı yaşlar axırdı. Dağ aşırımlarında yazıq atlar şahə qalxaraq imdad istəyirdilər. Qabaq ayaqlarını divarına dirəyirdilər. Elə bil pişiklər divara dırmaşırdı. O vaxt bütün yollar sıldırım dərəyə düşən atların sümükləri ilə örtülmüşdü. Bu cəhənnəm yolunda mənim dostum heyvanlara o qədər nəvaziş, o qədər qayğı göstərirdi ki, atlar ruhlanırdı. Atlardan biri yıxılsaydı, o dərhal karvanı saxlayırdı. Həmin atı qaldırıb çıxartmalı idi. Belədə heç kəsin ona etiraz etməyə cəsarəti çatmazdı. Qarlı aşırımı keçəndən sonra təxminən əlliyə qədər at qovub öldürən bir adam təzədən at çapmaq fikrinə düşdü. Biz bir buna, bir də dönüb atlarımıza baxdıq. Bizim atlarımız poni cinsli atlar idi. O, bizə beş min dollar təklif etdi. Cibimizdə isə siçan oynaşırdı. Amma yadımıza dağ yamaclarındakı zəhərli otlar, qarlı aşırımları düşdü. Qardaşdan artıq hesab etdiyim dost isə bir kəlmə belə danışmadı. Sakitcə atlarını ayırdı. Sonra mənə baxdı. Biz bir-birimizi başa düşdük. Mən onun atlarını qovdum, o da mənimkiləri. Beləliklə, biz öz atlarımızın hamısını güllələdik. Öz əlli atını öldürən sahibkarın az qala ürəyi partlayacaqdı. Güllə səsləri və atların dəhşətli hayqırtıları at almaq istəyəni özündən çıxarmışdı. Bizə ağzına gələni dedi. İndi bildin Ölü Atlar yolunda rast gəldiyim və özümə qardaş hesab etdiyim həmin adam....
-
Bildim, Con Randolf! – deyə La Perl onun sözünü tamamladı, dodaqları dartıldı.
Uri başını tərpədib dedi:
Amma La Perl qüssəliydi.
-
Mən hazır – deyə o, bildirdi. – Gəl keçək əsas məsələyə, amma cəld ol.
Uri Bram ayağa durdu:
-
Ömrüm boyu Allaha inanmışam, - dedi. – Bilirəm ki, tanrı ədalətli tanrıdır. Yəqin ki, indi yuxarıdan bizə baxır və taleyimizi həll etmək istəyir. Onu da bilirəm ki, o gözəgörünməz qüvvə bax, mənim bu sağ əlimin onun hökmünü yerinə yetirməsini istəyir. Mən Allaha o qədər ürəkdən inanıram ki, hətta səninlə bərabər şərtlərlə atışmağa razıyam. Qoy o gözəgörünməz ilahi qüvvə son hökmü də özü versin.
Bu sözlərdən sonra La Perlin ürəyi sevincdən döyündü. O, Urinin itaət etdiyi gözəgörünməz qüvvəyə yox, yalnız təsadüfə inanırdı. Bu, həmin təsadüf idi ki, indiyə kimi ondan öz köməyini əsirgəməmişdi; sahilboyu qar təpəcikləri arasında gecənin zülmətinə qaçanda da.
-
Axı bizim bircə tapancamız var, - deyə La Perl etiraz etdi.
-
Növbə ilə atacağıq, - deyə Uri Bram bəxti üzdə olan adamın xüsusi sistemli tapançasını çıxartdı və onu diqqətlə yoxladı.
-
Onda gəl belə edək. Kimin birinci atacağını qoy kart desin!
Bəxti üzdə olan adamın bədəni istiləndi. Ürəyində kart oyununu götür-qoy etdi. Və o, Urinin sakitcə razılaşdığını görüb kartını cibindən çıxartdı. Ona elə gəlirdi ki, bu dəfə də təsadüf mütləq ona kömək edəcək, günəş yenə də ona gülümsəyəcək. Cəld kartlardan birini çıxartdı. Bunu ona görə etdi ki, siftə paylayan adamı müəyyənləşdirsin. Bəxti gətirdi. Sevincdən əsdi. Cəld kartı qarışdırdı. Sonra payladı. Uri valet pik kartını çəkdi. Oynamağa başladılar. Urinin əlində heç bir kozır yox idi. Amma bəxti üzdə olan bu adamın iki tuzu, iki kozırı vardı. Həyat bu dəfə də onun üzünə gülmüşdü. Beləliklə, onlar əlli addım ölçüb məsafəni müəyyənləşdirdilər.
Uri dedi:
-
İşdi, sən məni öldürsən, itləri də, sursatı da götür. Cibimdə onlara aid rəsmi mülk kağızları da var. Onları da götürərsən.
O çiyinlərini düzəldib dik ayağa qalxdı. Əlli metrlik məsafənin kənarında dayandı, və beləcə düz rəqibinin üzünə baxdı. La Perl gözlərini qıydı. Arxasını şüaları ilə okeanı yuyan günəşə çevirdi və nişan aldı. Tələsmirdi. Yaz yelinin ani vıyıltısı iki dəfə şam ağaclarını titrətdi və o, silahı aşağı saldı. Birdən dizi üstə çökərək tapançanı hər iki əli ilə bərk-bərk tutub atəş açdı. Uri addım atıb əllərini yellətdi. Səndəlləyib yerə yıxıldı. Güllə onun ürəyinə dəymədi, yoxsa elə oradaca qalardı.
Uri var gücünü toplayıb ayağa qalxdı. Tapançanı istədi. La Perlin könlündən ikinci dəfə atəş açmaq keçdi. Amma elə o dəqiqə bu fikri beynindən çıxartdı. Belə hesab edirdi ki, onsuz da təsadüf onun tərəfindədir. Əgər bu dəfə də hiylə və fırıldaq işlətsə, sonra cavab verməli olacaq. Yox, o, bu oyunu vicdanla oynayacaq. Axı Uri ağır yaralanıb. Çətin ki, əlində bu ağır tapançanı saxlaya bilsin. Bəlkə heç dəqiq nişan ala bilməyəcək?!
La Perl kinayə ilə güldü və tapançanı yaralıya uzadıb dedi:
-
Hə, bə deyirdin Allah var? Hanı, hardadı o?
-
O, hələ son sözünü deməyib. O sözü eşitməyə hazırlaş...
La Perl Bramla üzbəüz dayandı. Sonra geri döndü. Hətta məsafəni uzatmaq da könlündən keçdi. Uri sərxoş adamlar kimi yırğalanırdı. Tapança çox ağır idi. Qorxurdu ki, onu saxlaya bilməsin. La Perl də elə bu fikirdə idi. Uri Bram tapançanın dəstəyindən yapışıb əlini başının üstünə qaldırdı. Sonra onu yavaş-yavaş gözünün önünə çəkdi. Bəxti üzdə olan adamın düz ürəyini nişan alıb çaxmağı çəkdi. La Perl hərəkətsiz qaldı, dərhal onun San-Fransisko haqqındakı arzuları dumanlandı və söndü. Ayağının altında günəş işığına qərq olmuş bəyaz qar birdən qaraldı. O, bu dəfə pıçıltı ilə təsadüfi qarğıdı. Son dəfə belə kobud səhv buraxdığı amansız oyunu lənətlədi.
Oskar Uayld
(Böyük Britaniya)
Dünya şöhrətli dramaturq, şair və yazıçı Oskar Uayld (Oskar Finqal O”Flarti Uilz Uayld) 16 oktyabr 1854-cü ildə İrlandiyanın Dublin şəhərində anadan olmuşdur. Oskar Uilyam və Ceyn Françesko Uayldlar ailəsinin ikinci oğlu idi. Anası Ceyn “Speranza” (İtalyanca “ümid” deməkdir) təxəllüsü ilə İrlandiya azadlıq hərəkatı haqqında şeirlər yazırdı. Atası Uilyam Uayld İrlandiyanın tanınmış həkim –oftolmoloqu və tibb üzrə bir neçə elmi əsərin müəllifiydi. O, həm də arxeologiya və folklora dair kitablar yazmışdı. Beləliklə, hələ uşaqlıqdan Oskar Uayld poeziya və ədəbiyyat ruhunda böyüyürdü; ailədəki yaradıcı mühit onun gələcək taleyinə çox böyük təsir etdi.
Oskar 9 yaşına kimi evdə təhsil alıb. Sonralar orta təhsilini kollecdə davam etdirmiş, müəllimi Con Pentlənd Mahaffidən Yunan ədəbiyyatına dair bilgilər əldə etmişdir. O, məktəbi qızıl medalla bitirdikdən sonra təhsilini Oksfordun Maqdalen kollecində davam etdirir.
O. Uayld bir neçə il kollec təhsili alır, daha sonra Oksford Universitetinə daxil olur. O, burada ingilis yazıçıları Con Reskin və Volter Paterin təsiri altına düşür. Onlar sənətin həyatda əhəmiyyətli rolu ideyasını müdafiə edirdilər. Sonralar Oskar bu ideyaya güləcəkdi və özünün “Dorian Qreyin Portreti”əsərində yazacaqdı ki, “sənət əhəmiyyətsiz, boş bir şeydir”.
Oskar ilk şerlər toplusunu Oksford Birliyinə təqdim edir və debatlarda Oliver Elton adlı bir nəfər onu plagiatlıqda suçlayır və beləliklə, kitab əlyazma şəklində geri qaytarılır.
Təhsilini başa vurduqdan sonra Oskarın düşüncələri və fəlsəfi görüşləri tamamilə dəyişir; o, yeni-yeni əsərlər yazır və mədəniyyət tarixində ilk dəfə olaraq ritual və mərasimlərdə danışıq tərzinə və intonasiyasına yeni forma gətirir. Oskara görə, sənətkar, ədəbiyyat adamı həyata estetik bir akt kimi baxmalıdır.
Oskar Uayldın ilk poetik şerlər kitabı 1881-ci ildə işıq üzü görür. Elə ilk kitabda onun estetik dünyagörüşündəki pessimist notlar, fərdilik, mistik əhval- ruhiyyə sezilməyə başlayır. Bu onun dramaturgiyasına da təsir etdi. O, başqa janrlarda da – esse, nağıl, ədəbi-tənqidi manifestlər və s. qələmini sınadı və uğurlar qazandı.
Bir qədər sonra Oskar Uayld Nyu Yorka gedir və burada ədəbiyyatdan mühazirələr oxumağa başlayır. Burada o, ilk dəfə olaraq dekadent17 hərəkatının əsas prinsiplərini işləyib hazırlayır. O, sənətin sosial funksiyasını inkar edir; həqiqətə uyarlığını, solipsist18 konsepsiyanı rədd edir. Oskar sənətkar hüquqlarının tam formada müdafiəsini tələb edirdi. Əlbəttə, Oskarın böyüklər üçün nəzərdə tutulan əsərləri hələ də mübahisə doğurmaqdadır. Lakin sənətkarın uşaqlar üçün yazdığı nağılllar daha ibrətamiz və maraqlıdır. Onun gözəl və qəmli nağılları təsirli, cəlbedici və düşündürücüdür.
Oskar Uayld ömrünün sonlarına yaxın “Dorian Qreyin Portreti”(The Picture of Dorian Gray, 1890) romanını yazmaqla özünün bütün mövzu dairəsinin üstündən qara xətt çəkdi. Sonrakı komediyalarında o, yüksək təbəqəyə mənsub təmtəraqlı məclislərdə və salonlarda əxlaqsızlığın estetikləşdırılməsını, abırsız gedonizmi19, fahişəliyə birbaşa rəğbəti təsvir etdi. Lakin bütün bunlar istər-istəməz “Dorian Qreyin Portreti”ndəki paradoksal dialoqlarda yumordan daha çox satiraya çevrildi. Beləliklə, onun komediyaları sosial-ifşaedici xarakter daşıyaraq teatrların səhnəsinə yol açdı.
Oskar Uayldın 1890-cı illərdə yazdığı demək olar ki, bütün əsərləri İngiltərədə ictimai qınaq və qalmaqallarla müşaiyyət olundu. Lakin onun həyatında əsas qalmaqal təkcə yaradıcılığı ilə deyil, şəxsi həyatı ilə də bağlı idi. Qeyd edək ki, hələ Oksford Universitetində oxuyarkən Oskar Uayld Mason Lojasına üzv olmuşdu və daha sonralar Masonların Usta dərəcəsini almışdı. Həyatının faciə ilə bitməsində də məhz bu amilin rolu oldu və yazıçı çox sonralar anlayacaqdı ki, masonların “toru”na düşmək nə deməkdir.
Məsələ bundadır ki, yazıçı Oksfordu bitirdikdən sonra Dublində Florens Balkomba adında bir qıza vurulur. Lakin Florens yazıçı Bram Stokerlə ailə həyatı qurduqda bu, Oskara pis təsir edir və o, Florensə İrlandiyanı birdəfəlik tərk edəcəyini bildirir. Belə də edir və 1878-ci ildə ölkəni tərk edir və öz doğma vətəninə yalnız ikicə dəfə qısa müddətə qayıdır. Oskar London və Paris şəhərlərində altı il yaşayır. Londonda olarkən varlı bir adamın Konstansa Lloyd adlı qızıyla tanış olur, ona evlənməyi təklif edir və onlar 29 may 1884-cü ildə Londonda evlənirlər. Onların iki oğlu olur: Siril və Vivyan.
1895-ci ildə Oskarı homoseksuallıqda suçladılar. O, buna görə yaxın dostu Alfred Duqlasın atasını məhkəməyə verdi. Lakin təxminən üç il Oskarın himayəsində olan və Oskarı ailəsindən ayıran Duqlas məhkəmədə ona qarşı şahid kimi çıxış etdi. Beləliklə, Oskar əxlaqsızlığa görə həbs edildi. Onun bütün pyesləri dərhal səhnədən yığışdırıldı, afişalar götürüldü. Onu müdafiə edən, lakin azad olunmasına nail ola bilməyən yeganə dostu Bernard Şou idi.
Oskar Uayldın mənəvi süqutundan sonra Konstansa özünün və oğlanlarının familyasını dəyişib Holland edir. Bu qadın 1898-ci ildə belindən cərrahiyyə olunduqdan sonra vəfat etmiş, İtaliyada dəfn olunmuşdur. 1897-ci ildə həbsdən çıxandan sonra Oskar Uayld Fransaya köçür, burada o, səfil, yoxsul və tənha bir həyat sürür; nəticədə 30 noyabr 1900-cü ildə Parisdə vəfat edir.
Oskarın birinci oğlu Siril Birinci dünya müharibəsində Fransada öldürülmüşdür. Vivyan da müharibədə iştirak edir və müharibədən sonra yazıçılıq və tərcüməçıiliklə məşğul olur. 1954-cü ildə Vivyanın “Oskar Uayldın oğlu” (Son of Oscar Wilde, 1954) adlı xatirələr kitabı çapdan çıxır. O, xatirələrində atasının həbsdə olduğu müddətdə ailələrinin necə əziyyətlər çəkdiyindən yazıb. Vivyanın oğlu, Merlin Holland da öz babası Oskar Uayld haqqında bir neçə kitab yazıb. Uayldın qardaşı qızı Dolli Uayld da lezbiyan idi və o, qadın yazıçı Natali Kliffordla evlənmişdi.
Oskar Uayldın bütün həyat və yaradıcılığında qəbul olunmayan məqamlar və dəyərlər olsa da, onun yaradıcılığı və sənətkarlıq xüsusiyyətləri 20-ci əsrin Avropa ədəbiyyatı üçün qiymətli idi və vaxitlə İngiltərənin qəbul etmədiyi dəyərləri (məsələn, Salvador Dalinin həyat tərzi kimi) bu gün Avropa müdafiə edir. Bütün bunlara baxmayaraq, Oskar Uayldın uşaqlar üçün yazdığı nağıllar bu gün də maraqla oxunur.
Dostları ilə paylaş: |