Söyləyəni: Göyçə mahalının Dərə kəndindən Güldərən Vəli qızı
Bəxtimi axtarıram
Bir nəfər öz bəxtindən gileylənir və qərara gəlir ki, bəxtini axtarsın. Elə də eyləyir, heybəsinə yol azuqəsi doldurub yoluna davam edir. Az gedir, çox gedir, bir meşənin kənarına çatır, səs eşidir və səs gələn tərəfə baxır. Görür ki, bir canavar ulayır. Bu adam canavardan soruşur:
- Sənə nə olub, niyə ulayırsan?
Rəvayətə görə, canavar dilə gəlib deyir:
-Ey bəni-insan, başımın ağrısı kəsmir. Gecə-gündüz ağrıyır və bütün günü belə zulumla keçirirəm. Ey bəni-insan, bəs sən hara gedirsən?
-Mən də bəxtimdən şikayətçiyəm, onu axtarmağa gedirəm.
Canavar deyir:
-Ey bəni-insan, səndən xahiş edirəm, öz bəxtini tapsan ona de ki, meşədə bir canavar var, başının ağrısından gecə-gündüz yatmır, hey ulayır.
O, canavara söz verib deyir:
- Mütləq sənin dərdini deyərəm və cavabını olduğu kimi sənə çatdıraram.
Bunu deyib canavarla xudahafizləşir və yoluna davam edir. Az gedir, çox gedir, gəlib bir bulağın yanına çatır. Bulağın suyunda əl-üzünü yuyur, doyunca su içir və dincəlir. Birdən gözü bulağın ortasındakı inkişaf etməmiş bir söyüd ağacına sataşır. Öz-özünə fikirləşir:
- Bu ağacın dibindən su axır, bəs bu ağac niyə qol-budaq atmır?
Söyüd ağacı dilə gəlib soruşur:
-Sən kimsən və hardan gəlib, hara gedirsən?
-Mən bəxtimi axtarıram və bəxtimi tapmayınca geri dönən deyiləm- deyə insan cavab verir.
Ağac deyir:
- Mən də səndən xahiş edirəm ki, mənim də dərdimi ona danışın.
Həmin insan ağaca da söz verib yoluna davam edir. Az gedir, çox gedir, başqa bir ölkənin torpağına çatır. Həmin vaxt şah öz vəziri, vəkili və adamları ilə səyahətə çıxıbmış. Şahın fərraşları nabələd adamı görür və şahın hüzuruna gətirirlər. Şah onu sorğu-suala tutub soruşur:
-Sən kimsən, hardan gəlib, hara gedirsən?
Həmin insan deyir:
-Şah sağ olsun, mən öz bəxtimi axtarmağa gedirəm.
Şah deyir:
-Sən gecə-gündüz yol gəlib yorulmusan, bir az istirahət elə, sonra yoluna davam edərsən.
Kişi razılaşır. Şah adamlarına əmr edir ki, hazırlaşın, geri qayıdırıq. Kişini də götürüb saraya qayıdırlar. Həmin adam istirahət edir, sonra onu şahın hüzuruna aparırlar. Şah onunla tək söhbət etmək istədiyini bildirib adamlarına otaqdan çıxmağı əmr edir. Sonra şah üzünü tutub kişiyə deyir:
- Sən öz bəxtini tapanda ona de ki, uzaq ölkədə bir şah var, onun ürəyi gündə üç dəfə elə döyünür ki, az qala yerindən çıxa. Ölkədə elə həkim, loğman qalmayıb ki, ona baxmasın. Amma, dərdinə əlac tapılmayıb.
Həmin adam şaha da söz verir:
- Sənin də dərdini ona çatdıraram və olduğu kimi gəlib deyərəm.
Şah əmr edir ki, onun heybəsinə yol azuqəsi doldurub yola salsınlar. Həmin adam şaha çox təşəkkür edib yoluna davam edir. Az gedir, çox gedir gəlib bir səhraya çatır. Görür ki, bir nəfər hansısa işlə məşğuldu. Soruşur:
-Sən burada nə işlə məşğulsan?
-Mən adamların bəxtiyəm və onlara kömək edirəm. Bəxtini axtaran adam deyir:
-Əgər sən insanların bəxtisənsə, onda mənim suallarıma cavab ver.
Kişi şahın əhvalatını ona danışır. O da deyir:
- Həmin şah qızdır, ərə getsə, dərdi ötüb keçəcək.
Kişi söyüd ağacının dərdini də ona danışdı. O da cavab verdi:
-Ağacın dibində zəncirə bağlanmış yeddi küpə qızıl var. Ağac zəncirin halqasının ortasından çıxıb, ona görə də inkişaf etmir. Zənciri qırıb küpələri çıxartsan, ağac inkişaf edər.
Sonra kişi canavarın xahişini də ona çatdırdı. O da dedi:
-Əgər canavar axmaq adamın başını yesə, başının ağrısı ötüb keçər.
O adam bu sözləri deyib qeybə çıxır. Kişi nə qədər axtarsa da, onu tapa bilmir. Naəlac qalıb şahın yanına geri dönür. Şaha xəbər verirlər ki, kişi gəlib. Şah deyir:
-Onu mənim hüzuruma gətirin.
Sonra şah adamlarına onları tək qoymalarını əmr edir. Onlar söhbət etməyə başlayırlar. Adam əhvalatı şaha olduğu kimi danışır. Şah həmin adama deyir:
- Bu sirri səndən başqa heç kim bilmir. Gəl mənimlə evlən, ölkəmdə şahlıq elə.
Kişi razılaşmır, “mən bəxtimi tapmalıyam”-deyir. Şahla xudahafizləşib yoluna davam edir. Az gedir, çox gedir, gəlib söyüd ağacının yanına çatır, salamlaşır. Söyüd ağacı deyir:
- Mənim dərdimi soruşdun?
Adam əhvalatı olduğu kimi ağaca danışdı. Ağac dedi:
-Gəl, mənim zəncirlərimi qır, küpələri çıxar, dünyada ən varlı adam ol, mən də bəladan azad olum, inkişaf edim.
Kişi dedi:
- Mən hələ bəxtimi axtaracam.
Sonra söyüdlə də xudahafizləşib yoluna davam etdi. Az getdi, çox getdi, gəlib meşədəki canavarın yanına çatdı. Canavar oğlanı görüb çox sevindi və soruşdu:
- Bəxtin sənə nə dedi?
Kişi cavab verdi:
- Bəxt dedi ki, ona bir axmaq başı lazımdı, onu yesin.
Canavar bu sözləri eşidib çox sevindi və kişiyə dedi:
- Heç bilmirəm sənə necə minnətdarlıq edim, yaxına gəl doyunca başından öpüm.
Kişi yaxına gəldi, başını canavarın ağzına tərəf uzatdı. Canavar həmin dəqiqə onun başını yedi.
Atalar düzgün deyib: “Axmaq adamın başı qurd ağzında olar”.
Dostları ilə paylaş: |