Qızılquş nağılı
Padşah heyvanlar aləminin yaşayış tərzi ilə tanış olmaq üçün səyahətə çıxır. Heyvanlar içərisində onun diqqətini ən çox cəlb edən Qızılquş olur. O, öz-özünə deyir: “Bütün heyvanlar aləmi içərisində Qızılquşdan gözəl həyat tərzi keçirən başqa bir heyvan yoxdur.”
Padşah səyahətdən qayıdan kimi ovçulara əmr edir ki, onun üçün bir Qızılquş tutub gətirsinlər. Ovçular padşahın əmrini yerinə yetirirlər. Padşah Qızılquşu qəfəsə saldırır və ona nəzarətçi təyin edir. Bir müddətdən sonra padşah quşlarda etibar olub-olmamasını yoxlamaq məqsədilə quşu qəfəsdən açıb buraxır. Qızılquş uçub dəstəsinə qovuşur və onlara deyir:
- Ey mənim həmkarlarım, bilirsinizmi, padşah məni nəyə görə açıb buraxdı? Ona görə ki, o, məndə etibar olub-olmamasını yoxlamaq istəyir. Mən padşahın yanına mütləq qayıtmalıyam və ona elə bir gözəl hədiyyə aparmalıyam ki, dünyada tayı- bərabəri olmasın.
Dostları Qızılquşa məsləhət görürlər:
- Əlçatmaz dağın başında bir alma ağacı var, onun meyvəsini yeyən qoca adam on beş yaşında cavan oğlan olur. İndi o dağın zirvəsinə qanad çal, həmin ağacın budağından bir dənəsini qırıb padşaha hədiyyə apar.
Qızılquş Zirvəli dağa qanad çalır, alma ağacının budağından bir dənəsini qırıb padşaha gətirir.
Padşah deyir:
-Ay Qızılquş, bu gətirdiyin hədiyyə nədir?
Quş cavab verir:
- Bu, alma ağacının budağıdır, özü də sirlidir. Bu ağac ildə üç dənə alma verir. Onu yeyən qoca adam on beş yaşında cavan bir oğlan olur. Ona görə də, bu ağacı bağçanızın elə bir guşəsində əkməlisiniz ki, heç kəs onu görə bilməsin.
Padşah buna razı olur, budağı bağbana verir, gizli bir yerdə əkməsini məsləhət görür.
Nəhayət, vaxt gəlib çatır, budaq böyüyüb ağac olur, ağacda üç dənə alma yetişir. Bağban almalardan birini dərib padşah aparır. Yolda ona vəzir rast gəlir, bağbanı dilə tutub deyir:
-Bağban, bir gör bu alma necə də gözəl, yaraşıqlı, ətirlidir. Mənim arvadım xəstədir, əgər aparıb ona göstərsəm, dərhal sağalıb ayağa duracaqdır.
Vəzir bağbanı aldadır, almanı onun əlindən alıb evinə aparır. Almanı iynə ilə zəhərləyib bağbana qaytarır. Bağban almanı gətirib padşaha verir. Padşah almanı diqqətlə nəzərdən keçirir. Baxıb görür ki, bu qeyri-adi almadır. Ona görə də şübhələnir, almadan bir az kəsib pişiyə verir. Heyvan dərhal ölür. Padşah qəzəblənib Qızılquşun boynunu kötük üstünə qoydurur. Qorxuya düşən bağban tez bağçaya qaçır, yerdə qalan almanın birisini yeyir ki, ölsün. O, belə də edir, almanı yeyir, ancaq ölmür, on beş yaşında bir oğlan olur və dərhal padşahın yanına qayıdır. Padşah nahaq yerə Qızılquşu öldürdüyünə heyfslənir və sirri açmaq üçün bağbanı dindirir. Soruşur ki:
-Bağçadan mənim yanıma gələndə sənin qarşına kim çıxmışdı?
Bağban cavab verir ki, vəzir. Padşah vəziri zindana saldırır. Vəzir boynuna alır ki, almanı o zəhərləmişdir.
Nəhayət, padşah hər şeyi araşdırmadan Qızılquşa cəza verdiyinə görə çox heyfslənir.
Dostları ilə paylaş: |