Kəlbəcərin işğalından 19 IL ötür

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 11.96 Kb.
tarix21.08.2018
ölçüsü11.96 Kb.

Kəlbəcərin işğalından 19 il ötür
Azərbaycanın cənnət məkanı hesab olunan Kəlbəcərin işğalından 19 il ötür. Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu, Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgəsi idi. Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 1-i və 2-də işğal edildi. Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun “Qaragöl”, “Zalxa” gölləri sahillərində, “Ayıçınqıl” və “Pəriçınqıl” dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri tədqiqatçı-alimlər tərəfindən öyrənilmişdir. 

Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan “Camışdağ”ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir. Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilibdir. Ərazisi 1936 kvadrat kilometr, əhalisi işğaldan öncə 61 min nəfər idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd vardı. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdü. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kəndi, həmçinin, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. 

Qeyd edək ki, Qarabağ münaqişəsinin başladığı ilk günlərdən 1993-cü il aprelin 2-nədək Kəlbəcər qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri olub. Ermənilər Kəlbəcəri ələ keçirmək üçün 5 il ərzində bir neçə dəfə güclü həmlə ediblər. Ermənistanla sərhəddə yerləşən və Azərbaycanda Aşıq Şəmşir yurdu kimi tanınan Ağdaban kəndi 1992-ci il aprelin 7-də erməni silahlı birləşmələrinin hücumuna məruz qaldı. Ermənilər dinc sakinləri qətlə yetirərək, Ağdabanı yandırdılar. Lakin kənd əhalisinin və hərbçilərimizin əzmkarlığı nəticəsində düşmən Ağdabanda çox qala bilməmişdi. Ermənistan Laçın rayonunu işğal edərkən Kəlbəcəri də ələ keçirməyə cəhd edirdi. Ancaq istəyinə nail ola bilmədi. Lakin Laçının işğalı Kəlbəcər ətrafında dairəni daha da daraltdı və faktiki olaraq rayon üç tərəfdən erməni qoşunlarının əhatəsində qalır. Kəlbəcər məhz bu vəziyyətdə bir il yaşadı. 1993-cü ilin mart ayının sonlarında Ermənistan qoşunlarının üç istiqamətdən güclü həmləsinin qarşısını almaq mümkün olmadı. Kəlbəcərin işğalında ermənilərə rus hərbçiləri də dəstək vermişdir. Kəlbəcər işğal edildikdən sonra bu rayonun kəndlərinin birinin 64 sakini düz dörd ay dağlarda mühasirədə yaşayıb. Rayonun 128 kəndi içərisində ən böyüyü olan Başlıbel kəndinin (3 min sakini olub) əhalisi kəndi tərk etmək istəməyib. Bu kəndin əhalisi öz yurdlarını o zaman tərk edib ki, artıq Kəlbəcər, demək olar ki, işğal olunub.

Hətta kəndi piyada tərk edən camaatın bir qismi rayon mərkəzinin yaxınlığında erməni tankları ilə qarşılaşmışdılar. Nəticədə çoxlu sayda insan qətlə yetirilmiş və əsir götürülmüşdü. Kənddə qalan sonuncu 64 nəfər isə rayonun işğal olunmasından xəbər tutduqları və mühasirədə qaldıqları üçün yola çıxmayıblar və kəndin yaxınlığındakı kahalara çəkiliblər. Həmin 64 nəfərin 10-a yaxını azyaşlı uşaq, təxminən 15 nəfəri qoca qadın və kişi olub. Ermənilər kəndi aprelin 2-də işğal etsələr də, kahalarda əhalinin gizləndiyindən aprelin 18-də xəbər tutublar. Kənd camaatına hücum edilib. Nəticədə 64 nəfərdən 16-sı öldürülüb, 10 nəfərə yaxın əsir götürülüb. Sağ qalanlar isə dağlara çəkiliblər. İçərisində azyaşlı uşaqların da olduğu 30-dan yuxarı kənd sakini düz 4 ay Dəlidağın ətəyində yaşamağa məcbur olublar. Dörd ay Kəlbəcərin azad ediləcəyini gözləyən və gecələr kəndə düşüb ermənilərin aparmadığı un və digər ərzaq məhsulları ilə qidalanmaqla sağ qalan kənd camaatı iyulun sonunda bir həftə gecələr yol qət etməklə dağlarla birtəhər Daşkəsənə gəlib çıxıblar.

Torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranının yaxşılaşdırılması Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə bir nömrəli problem kimi diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Torpaqlarından didərgin düşmüş soydaşlarımız ölkə Prezidentinin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. 

Kəlbəcərlilər inanır ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və səmərəli fəaliyyəti nəticəsində xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, doğma torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.


RƏFİQƏ KAMALQIZI

Səs.- 2012.- 3 aprel.- N 56.- S.6.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə