Bə`zi fərdlər və ailələr məsləhətli yolu tə`yin etmək üçün istixarəyə müraciət edirlər. Amma istixarə həddini düzgün bilmədiklərindən onu yeri gəldi-gəlmədi işə salırlar. Mə`lum məsələdir ki, istixarə ağıl, təcrübə, məsləhət və bu kimi yardımları əvəz etməməlidir. İstixarənin ağılın yerini tutması düşüncəni zəiflədir, insanın əqli inkişafına mane olur. İnsan öz həyat problemlərini ağıl və təcrübə vasitəsi ilə həll etməlidir. Öz ağılı ilə hər hansı məsələni həll edə bilməyən şəxs başqalarının ağıl və təcrübəsindən faydalanmalıdır. (Mə`lumatlı və mütəxəssis şəxslərlə məsləhətləşmək lazımdır.) Bütün bu mərhələlərdən sonra son qərar çıxarmaq olar. Amma deyilən tədbirlərdən sonra mövcud şübhələr aradan qalxmasa, insan tərəddüddə qalsa və seçim aparmağa məcbur olsa, Allaha üz tutub tərəddüdlü vəziyyətdən çıxmaq üçün istixarə edə bilər. İstixarə bir növ duadır. İstixarə edən şəxs Allahdan istəyir ki, ona doğru yol göstərilsin və tərəddüdlü vəziyyətə son qoyulsun. İstixarə edən insan Allahın lütf və yardımlarına ümidli olmalı, hər bir duada hüsn-zənn və xoşbinliyi tərk etməməlidir. Xoş gümanla istixarə edib onun nəticəsini boşlamaq tərbiyəvi baxımdan düz deyil. Eləcə də, düzgün deyil ki, bir şəxs dua etdiyi halda duasının qəbul olmayacağını düşünsün. Belə bir münasibət duada hüsnü-zənnə ziddir. Əslində istixarənin nəticəsi şər`i dəlil deyil və hansısa iş istixarə ilə vacib olmur. Böyük alimlərdən biri “istixarə edib onun nəticəsini boşlamaq olarmı” sualına belə cavab vermişdir: “İstixarə vaciblik gətirmir.”1
İzdivac məsələsində lazımi araşdırmalar aparmadan istixarə yolunu seçmək şər`i və islami ölçülərə uyğun deyil.