Kitabın yazılmasında məqsəd
Müəllif uzun illər tə`lim-tərbiyə fəaliyyəti və çoxsaylı ailələrlə təmasdan belə bir gerçəkliyi dərk etmişdir ki, bir çox ailə problemlərinin səbəbi ər-arvad münasibətləri ilə bağlı həqiqətlərdən mə`lumatsızlıqdır. Belə bir mə`lumatsızlıq səbəbindən bə`zi zövcələr ailə həyatından lazımınca bəhrələnə bilmirlər. Onlar sırf mə`lumatsızlıq səbəbindən ailəni xoşbəxt edəcək böyük ilahi bir ne`məti əldən buraxırlar. Amma insanlara vaxtında zəruri mə`lumatlar verilsə, onlar öz şər`i, əxlaqi və hüquqi vəzifələri ilə tanış olsalar, düzgün yola yönəldilsələr, ailəni öz inkişafları, xoşbəxtlikləri üçün münasib fəzaya çevirər və yetərincə bəhrələnərlər. Ailə münasibətlərində yanlış düşüncə tərzini, yersiz adət-ən`ənələrə bulaşmış e`tiqadları aradan qaldırmaq heç də asan iş olmur. Bu sayaq e`tiqadların əksəri həqiqətdən çox-çox uzaqdır və xurafat düşüncə ilə bağlı yanlış təsəvvür sayılır. İzdivacdan öncə ən zəruri işlərdən biri ailə quran tərəflərə düzgün ailə münasibətləri qaydalarının öyrədilməsidir.
"Ata-analara göstərişlər" adlı ikicildli məcmuənin nəşri gözlənildiyindən qat-qat artıq reaksiya doğurdu. Məcmuə körpələrin və yeniyetmələrin tərbiyəsinə həsr olunmuşdu. Bu məcmuə ilə diqqətlə tanış olanların təşviqi müəllifi məcbur etdi ki, adı çəkilən məcmuəni əlinizdəki kitab halında tərtib etsin. Hazırkı kitabda müəllif sə`y göstərmişdir ki, İslam tə`limlərinə və bu sahədəki şəxsi təcrübələrinə istinad edərək ailə həyatı ilə bağlı baxışını bildirsin. Zəruri mövzular imkan həddində sadə dillə, elmi terminlərsiz qələmə alınmışdır ki, bütün xalq ondan istifadə edə bilsin. Əlbəttə ki, müəllif möhtərəm oxucuların, xüsusi ilə mütəxəssislərin məsləhətlərini kitabın təkmilində nəzərə alacaqdır.
Müəllif, 1375, 1996 Oktyabr.
Dostları ilə paylaş: |