Qadın ruhunda şadlıq və təravət
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əri tərəfindən sevilən, bu sevgidən arxayın olan qadın qəm-qüssədən uzaqdır. Belə bir arxayınlıq qadına daxili bir rahatlıq verir. Ərində özünə qarşı biganəlik görən, onun başqa kəslərə və başqa şeylərə maraq göstərdiyinə şahid olan, ərinin qəlbini ram etməkdə acizlik hiss edən qadın isə günbəgün pərişanlaşır, ruhi təravətini əldən verir. Qarşı tərəfin biganəliyi qadın ruhiyyəsinə o qədər mənfi tə`sir göstərir ki, o hətta övladlarına qarşı biganələşir. Yə`ni hətta analıq hissləri də ərin münasibəti ilə müəyyənləşir. Kişinin himayə və mehribanlığı qadın üçün o qədər dəyərlidir ki, bu hisslər olmadıqda ailə həyatı qadın üçün dözülməz olur. Belə bir izdivac heç vaxt xoşbəxtliyə aparmır.
Beləcə, mə`lum olur ki, ərin öz arvadına münasibətdə həssaslığı ailə həyatının xoşbəxtliyində misilsiz rola malikdir.
Belə bir nöqtəni də nəzərdən qaçırmaq olmaz: Qadın kişinin soyuqluğunu onun nəzərinə çatdıra bilmir! Ona elə gəlir ki, bu onun mənliyinə xələl gətirir. Amma bu biganəlik davamlı şəkil aldıqda qadının rəftarlarında onun mənfi təzahürləri özünü büruzə verir. Məsələ gündən-günə çətinləşir.
Qadın dərin daxili hisslərə malik olduğundan təbii bir şəraitdə əri yolunda böyük fədakarlıqlar göstərib, məhrumiyyətlərə dözə bilər. Amma bütün bu fədakarlıqlar yalnız o zaman baş verir ki, qadın əri ilə münasibətdə ruhən tə`min olunsun və özünü alçaldılmış görməsin. Başqa sözlə, ailə rabitələrində e`timad, həyat yoldaşının diqqəti və mehribanlığı qadına güc verir ki, çətinlikləri adlasın, ərinə münasibətdə böyük fədakarlıqlar göstərsin. Hətta belə bir vəziyyətdə qadın öz məhrumiyyətlərindən ləzzət alır. Amma qadının sevgisi və fədakarlığı qiymətləndirilmədikdə onun ruhiyyəsi günbəgün zəifləyir, hansısa fədakarlığa yer qalmır. Beləcə, ixtilaf və qarşıdurmaların bünövrəsi qoyulur.
Bir çox ailə ixtilaflarının kökü budur ki, qadın əsil istəyinə çatmır, ərinin qəlbini və məhəbbətini qazana bilmədiyini düşünür, amma bunu açıqlamır, bu hisslərin tə`siri altında qadın özündən asılı olmayaraq uyğunsuzluq və e`tiraz yolunu seçir.
Təəssüf ki, bir çox kişilər qadın ruhiyyəsindən xəbərsiz olduqlarından onun qanuni istəklərinə biganəlik göstərirlər. Onlar öz rəftarlarının nə ilə nəticələnəcəyindən xəbərsiz həyat yoldaşlarına məhəbbətlərini əsirgəyir, onu iztirab aləmində tənha buraxırlar. Qadın öz ailə həyatında məğlubiyyət hiss edib eşq sərmayəsini hədərə verdiyini düşündükdə özünü ailə həyatına necə həsr edə bilər?! Bu sayaq düşüncələrlə qəlbin pak hisslərini səxavətlə paylaşmaq, həyat nihalına eşq və məhəbbətlə qulluq etmək mümkündürmü?!
Dostları ilə paylaş: |