Ərlərə xəbərdarlıq
Deyildiyi kimi, qadın üçün ərin ona diqqətindən mühüm bir şey yoxdur. Bu sahədə qadın çox həssasdır. Bu səbəbdən də ərin başqalarını, xüsusi ilə hansısa qadınları və ya öz ana-bacısını tə`rif etməsi qadın üçün dözülməzdir.
Qadın bu istəkdədir ki, ərinin qəlbini öz inhisarında saxlasın və bu qəlbdə kimsə onun yerini tutmasın. Ər öz həyat yoldaşının bu hisslərindən agah olmalıdır. O, yol verməməlidir ki, qadında onun sevgisi ilə bağlı narahatlıqlar yaransın. Ana-bacını, qardaşı, dostları sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim onlardan danışasan. Məsələn, həyat yoldaşı ilə ikilikdə səfərə çıxdıqda yeri gəldi gəlmədi başqa yaxınları xatırlayıb, onların olmamasına təəssüflənmək qadında iztirab yaradır. Həyat yoldaşına başqalarının bişirdiyi xörəkləri tə`rifləmək, əl işlərindən həvəslə danışmaq zərərlidir. Kişi bu şərtlərə riayət etməsə, daim öz həyat yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki, ər onun yanında da olsa, fikri başqa yerdədir. Belə bir hiss onun üçün dözülməzdir və onda əxlaqi nöqsan olan həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz anasının hüzurunda ardıcıl şəkildə həyat yoldaşını tə`rifləyib, başqalarına biganə qalması ilə bağlı şübhələr yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda bir çox problemlər yaradır və həmin sifətdən asanlıqla yaxa qurtarmaq olmur. Məhz bu məqamlarda kişinin müdiriyyət rolu aydın olur.) Təkrar-təkrar qeyd etdik ki, ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə inandırmalıdır. Qadın əmin olmalıdır ki, ərin qəlbində onun yerini başqa biri tuta bilməz. Qadın belə bir arxayınlıq olduqda müştərək həyatını sağlam və enerjili davam etdirir.
Bə`zən qadın öz ərini onun sevdiyi hər şeyə, hətta heyvana, əşyaya, idman və ya əyləncəyə də qısqanır. Ərinin ona yox, digər şeylərə maraq göstərdiyini gördükdə nifrəti həmin şeylərə ünvanlanır. Ətrafda bu nümunələrlə rastlaşmaq çətin deyil. Əlbəttə ki, belə bir münasibət qadının öz hisslərində ifrata vardığını göstərir. Amma hər halda ər öz həyat yoldaşının bu hisslərindən xəbərdar olmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, qadındakı bu hisslər qıcıqlanmasın. Əgər buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının psixoloji aramlığı tə`min edilər.
Dostları ilə paylaş: |