Uyğunlaşma məfhumu
Ailədə uyğunlaşma deyərkən hər bir ailə üzvünün, xüsusi ilə ərlə arvadın bə`zi məsələlərə münasibətini dəyişməsi və ümumi razılıq naminə bə`zi istəklərdən çəkinməsi nəzərdə tutulur. Deyildiyi kimi, ərlə arvadın bə`zi əxlaqi xüsusiyyətləri bir-biri ilə ziddiyyət təşkil edir. Ümumi razılıq xatirinə bu xasiyyəti tərk etməkdən başqa yol yoxdur.
Müştərək bir həyatda ərlə arvad çalışmalıdır ki, bir-birlərinin bütün xüsusiyyətlərini, maraqlarını öyrənsinlər və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər.
Bu həssaslıqların kökü çox vaxt insanların psixoloji xüsusiyyətlərində, aldıqları tərbiyədə olur. Əlbəttə ki, bu sahələrdə dəyişmək çətindir. Hər hansı fərdin qısa bir zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz. Ona görə də hər iki tərəf çalışmalıdır ki, qarşı tərəfin həssaslığını nəzərə alsın.
Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir.
Çünki həyat yoldaşını sevən kəs ailə həyatına əlaqəlidir. O, həyat yoldaşını incidəcək, müştərək həyat bağlarını qıracaq heç bir iş görmür. O, inadkarlıq və ya nadanlıq üzündən yoldaşı üçün sıxıntı yaradacaq işə yol vermir. Təəssüf ki, bə`zən zövcələr bir-birinə hörmət əvəzinə, inadkarlıq göstərərək biganələrin yanında qarşı tərəfi incidirlər. Bu sayaq rəftar göstərir ki, onlar ailə həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər.
Bilməliyik ki, hər bir insanın xüsusi ruhiyyəsi, düşüncə tərzi var. Hər bir insan xüsusi yanaşma tələb edir. Başqa sözlə, ətrafdakılarla rabitə zamanı onların şəxsiyyətini nəzərə almamaq olmaz. İstənilən bir söz və rəftar qarşı tərəfin düşüncə və ruhuna uyğun olmalıdır. Çünki hər maye üçün münasib bir qab var və qaba tutumundan artıq bir şey tökmək olmaz.
Bə`ziləri öz rəftarında ağıla əsaslandığından onlarla ağıl və məntiq dilində danışılmalıdır. Bə`ziləri isə emosionaldırlar. Belələri ilə ünsiyyətdə quru məntiqi dəlillərlə kifayətlənmək olmur. Onların həssaslığını nəzərə almaqla daha tez nəticə əldə etmək olmaz. Kimi istiqanlı, kimi isə soyuqqanlıdır. Kimi məsələlərə səthi yanaşır, kimi də məsələnin mahiyyətinə varır.
Zövcələrdən hər biri qarşı tərəfin şəxsiyyətinə qapı açmaq üçün açar soraqlamalıdır. Qarşı tərəflə onun ruhiyyəsinə uyğun rəftar edilməlidir.
Müsbət nəticə əldə etmək üçün sağlam və yetərli rabitələrin qurulmasında sədaqətlə təlaş göstərmək lazımdır.
Dostları ilə paylaş: |