Mühüm məsələlərdən biri qadının ər evində dil tapmasıdır. Təəssüf ki, bu sahədə bir çox problemlər yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, həm həyat yoldaşı, həm də yaxınlarının haqlarını yerinə yetirsin. Hər halda onlardan heç birini digərinə fəda etmək olmaz. Bə`zi kişilər analarını çox sevdiklərindən özləri də bilmədən həyat yoldaşlarının haqqını tapdalayırlar. Onlar öz həyat yoldaşlarından analarına qarşı xüsusi bir münasibət umurlar. Hansı ki, qadın yalnız öz vəzifəsini yerinə yetirməli, yersiz tələblərin icrasında üzülməməlidir. Bə`ziləri isə evləndikdən sonra ana-bacısını, yaxınlarını yaddan çıxarır və onların hüquqlarına biganəlik göstərir. Evləndikdən sonra kişinin öz həyat yoldaşı, yaxınları ilə necə rəftar edəcəyindən çox şey asılıdır. Ailədə isti rabitələrin yaranması, bir çox problemlərin aradan qalxması üçün kişi düzgün müdiriyyət üsulu seçməlidir. Kişi tədbirli və agah olmadıqda ailədə xeyli problem yaranır. Digər tərəfdən, qadın da ərini əziyyətə salacaq rəftarlardan çəkinməli, ərin yaxınları ilə isti əlaqələr qurmağa çalışmalıdır. Cüz`i məsələlərdən ötrü dava-dalaş salmaq, səmimi rabitələri pozmaq düzgün deyil.