Diqqət və ayıqlıq ictimai həyatın zərurətidir
Təcrübə göstərdi ki, qapalı mühitdə yaşamış, ictimai hadisələrdən yetərincə xəbər tutmamış, ailələri də lazımınca agah olmayan qızlar həyat yoldaşı seçimində mə`lumatsız və sadəlövh addım atırlar. Bu addım onlar üçün qarşıda xeyli problem yaradır. Gözünü və qəlbini təqva və paklıqla bəzəmiş pak xarakterli qızlar həyat yoldaşı seçimində ailələri və gözüaçıq yaxınları ilə məsləhətləşməlidirlər. Onlar bu məsələyə sadəlövhlüklə yanaşmaqdan ciddi çəkinməlidirlər. Çünki pak insanlar, adətən, hamını özləri kimi pak bilirlər. Belə bir yanaşma insanı öz seçimində yanlışlığa apara bilər. Bu səbəbdən dinimizdə diqqət və ayıqlıq məsələsi önə çəkilmiş, pak və imanlı insanların riyakar şəxslərə aldanmamasına sə`y göstərilmişdir. İmanlı insanlar saxta fərdlərin məkr və qurğusuna düçar olmamalıdır. Məşhur bir hədisdə həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mö`min agahlıq sahibidir.”
Övladları sağlam mühitdə tərbiyə almış və təbii şəkildə ictimai rabitələrdə məhdudiyyətlə üzləşmiş pak və nəcib ailələr övladlarını hökmən vaxtında zəruri bilgilər və ictimai gerçəkliklərlə tanış etməlidirlər. İmkan vermək olmaz ki, övladlar gözü-qulağı bağlı qalıb, asanlıqla hiyləgərlərin toruna düşələr və həyatda uğursuzluğa düçar olalar.
Dostları ilə paylaş: |