Tünd xasiyyətdən çəkinək
Zövcələrin xoşbəxtliyinin tə`minində ən tə`sirli amillərdən biri gözəl əxlaqdır. Dini tə`limlərimizdə də bu nöqtəyə əsas amil kimi yanaşılmış, tövsiyə edilmişdir ki, pis əxlaqlı fərdlə izdivac edilməsin. Pis əxlaqlı insan ailə həyatını səfa-səmimiyyətdən məhrum edir, bə`zən onu özü və həyat yoldaşı üçün yandırıcı cəhənnəmə döndərir. Yersiz sərtliklər, danışıq və rəftarda tündlük, güzəşt və sazişdən uzaqlıq, kin-küdurət və bu kimi digər xasiyyətlər müştərək həyatı təbii axarından çıxaran amillərdəndir.
Səmavi tə`limlərə əsasən aramlıq və səfa-səmimiyyət hakim olan evlər Allahın diqqət və mərhəmətindən bəhrələnir. Mələklər yolunu belə evlərdən salır, mərhəmət bərəkət və aramlıq gətirir. Bu sayaq həyat axirətdə behiştlə sonuclanır. Qur`an ayələrinə əsasən behişt əhli arasında heç bir kin-küdurət və düşmənçilik yoxdur. Behiştdə olanlar tam səfa-səmimiyyət içindədirlər və bu səbəbdən behiştə “darus-səlam” deyilmişdir. Xoş rəftar, qarşılıqlı anlaşma həm də behişt əhlinə məxsus sifətlərdəndir və insanın üzünə behişt qapılarını açır. Çəkişmə, ixtilaf, keşməkeşlər meydanı olan evin əhli isə cəhənnəm astanasında dayanmışdır. Belələrində cəhənnəm əhlinin xüsusiyyətləri var. Qur`an tə`limlərinə əsasən belə fərdlər yırtıcı itlər tək bir-birlərinə hürməkdədir. Belə evə şeytanın gəliş-gedişi var. Onlar ilahi rəhmət və bərəkətdən məhrumdurlar. Məşhur bir rəvayətdə İslam peyğəmbərinin belə buyurduğu nəql olunur: “İt olan evə mələklər daxil olmaz.” Rəvayətin zahiri mə`nasına əsasən evdə it saxlamaq olmaz. Amma rəvayətdən başqa iki mə`na da anlaşılır:
Birinci mə`naya əsasən ev deyərkən insanın qəlbi nəzərdə tutulmuşdur. Əgər insanın qəlbində tamah, xəsislik, kin-küdurət, eqoistlik kimi məzəmmət olunmuş sifətlər varsa, mələklər bu qəlbə daxil olmaz. Belə bir qəlb şeytan yuvasıdır.
İkinci mə`naya əsasən rəhmət mələkləri çəkişmə, dava-dalaş, ixtilaf olan evə daxil olmazlar. Belə bir ev ilahi lütfdən məhrum olduğundan onda ilahi diqqət əlaməti olan aramlıq, səfa-səmimiyyət tapılmaz. Belə bir ev daim iztirab qəm-qüssə içindədir.1 Bir sözlə, belə ev mə`nəvi bərəkət və xeyirdən uzaqdır. Ona görə də belə bir ailədə ərlə arvad sağlam və layiqli övlad intizarında olmamalıdır.
Dostları ilə paylaş: |