Hazırkı söhbətin sonunda mühüm bir nöqtəyə işarə etmək lazım gəlir: Kişi toplumda şəxsiyyətini elə tanıtdırmalıdır ki, ailədə onun müdiriyyəti təbii şəkildə qəbul olunsun. Bu şərt gözlənilsə, bir çox qadınlar ər müdiriyyətinin qəbulunda problemə düçar olmaz. V. Dorant bu barədə deyir: “Qadın məhəllin komandanı olan kişiyə xoşluqla təslim olur. Əgər bu gün qadın itaətsizlik göstərirsə, bunun səbəbi kişilərin qüdrət və əxlaq baxımından keçmişə nisbətən zəif olmasıdır.”1
Ailədə iş bölgüsü
Qədim adət-ən`ənələrə əsasən, iş bölgüsündə evdarlıq, uşağa qulluq və bu kimi işlər qadının, öhdəsinə ailə ehtiyaclarını ödəmək üçün qazanc əldə edilməsi kişinin öhdəsinə düşmüşdür. Belə bir iş bölgüsü təbii bölgüdür və qadın ailə səngərində bu məsələlərlə məşğul olaraq ön cəbhədə ailə ehtiyaclarını tə`min etmək üçün vuruşan kişini bu sayaq işlərdən azad edir. Belə bir bölgü ailə həyatına səfa-səmimiyyət bəxş edir. Nəzərdə tutulan bölgüdə qadın övladların tərbiyəsi üçün münasib fürsət əldə edir, bütün güc və iste`dadını gələcək nəsillərin tərbiyəsinə yönəldir. Bu halda ailə gələcək nəslin qəbulu üçün isti bir ocağa çevrilir. Qadın qazanc əldə edilməsinin, bu işdən yaranan yorğunluğun sıxıntısından amandadır. O bütün fiziki və ruhi gücünü ailə-övladına həsr etmişdir. Onun daim evdə olması ər və övladlar üçün ailə cazibəsini artırır. Belə bir ailə daha möhkəm bünövrəyə malik olur.
Modern dünyada bütün ictimai sahələr kimi ailə qurumu da dəyişikliyə mə`ruz qalmışdır. Belə ki, ən`ənəvi iş bölgüsü yenidən nəzərdən keçirilmiş, tamam başqa bir şəkil almışdır. Hazırda iqtisadi zərurətdən bir çox qadınlar ərlə çiyin-çiyinə, bə`zən isə ondan da artıq, evdən xaricdə əmək fəaliyyəti ilə məşğuldur. Onlar da eynən kişi kimi evə yorğun gəlir, qulluğa ehtiyac duyurlar. Evdən bayırda əmək fəaliyyəti ilə məşğul olan qadından evdarlıq gözləmək olmaz, eləcə də, ictimai ehtiyacları nəzərə alıb qadını evdən kənardakı fəaliyyətdən məhrum etmək olmaz. Axı evdən bayırda yalnız qadının ixtiyarına veriləsi işlər var. Yenə də bə`zi nöqtələri araşdırmaq lazım gəlir.
Dostları ilə paylaş: |