Kənd xəSTƏxanasi



Yüklə 26.92 Kb.
tarix21.10.2017
ölçüsü26.92 Kb.

KƏND XƏSTƏXANASI

Kənd xəstəxanası – Horadiz kəndinin mərkəzində, kənd məs­cidi ilə üzbə-üz, orta məktəbə gedən yolun sağ tərəfində yerləşirdi.

Xəstəxananın yarandığı tarix mənə məlum olana görə 1924-cü ildə kəndimizə Aristov soy adlı həkim gəlir və ona bir köməkçi kimi Abbasov Muradxan Əsəd oğlu götürülür.

Az müddət içərisində kənd adamları arasında böyük hörmət sahibi olan həkim Aristov çox xəstəliklərdən adamlarımızı xilas edir. 1928-ci ildə Aristov Rusiyaya qayıdır və öz yerinə Abbasov Muradxanı təyin etdirir. 1930-cu ildə kəndə yeni Sank-Peterburq Tibb İnstitutunu bitirmiş Aslan bəy adlı həkim gəlir. O, kənd xəstələrinə kinə(həb) atmağın qaydalarını elə öyrədir ki, hələ indi də kənd adamların dilində məsəl çəkirlər: - “Aslan bəy kinə atan kimi atarsan”, deyərək Aslan həkimi yada salardılar və gülərdilər.

1934-cü ildə kəndə yeni baş həkim Yusifova Hamayıl (Cuvarlı kəndindən) təyin edilir. Abbasov Muradxanı isə Qafana işləməyə göndərilir.

Bu xəstəxanada müxtəlif vaxtlarda Baş həkim vəzifəsində işləyən: Talıb Ağakişiyev, Mütəllim Qaraşov, Hidayət Hüseynov, Asif Məmmədov və Veysəl Aslanov öz həkim borclarını vicdanla yerinə yetirmişlər. 1950-ci ildən ərazisi hasara alınmış və girəcə­yində darvazası vardı. Darvazadan içəri girdikdə sağ tərəfdə kürsülü ambulatoriya binası yerləşirdi. Bir az irəlidə sağ tərəfdə diş kabineti vardı.

Xəstəxananın əsas binası 50 metr qabaqda idi, 25 yerlik pala­talar və həkimlər üçün otaqları vardı. Sol tərəfdə isə təsərrüfat am­barı yerləşirdi. Doğum evi xəstəxananın əsas binasında yerləşirdi.

Ümumiyyətlə, bizim kənd həkimləri öz sənətini sevər, ən ağır xəstəni tez və təmənnasız müalicə edirdilər. Bundan əlavə sahə hə­kimləri, daima evlərə gedir, körpə uşaqların və xəstələrin sağlam­lığının keşiyində dururdular.

Burada işləyən hər bir həkimdən və tibb bacısından iri həcmli iş təcrübəsi yazmaq olardı.


Xəstəxana işçilərindən bir qrup: soldan sağa(oturanlar) feldşer həkim – Hüseyn Cəfərov, baş həkim – İskəndər Heydərov, feldşer həkimlər – Əsgər Mehdiyev və Əliş Əzizov. Ayaqüstə duranlar (tibb bacılar): Şükufə Namazalı­yeva, Tamara Cəfərova, Mədinə Nağıyeva, Mahirə Məmmədova, Nənəş Hüsey­nova, Zərifə Məmmədova və Əntiqə Məhərrəmova.
1950-60-cı illər xəstəxanada feldşer-həkim işləmiş Məhəmməd Mövsüm oğlu Məmmədov özünü yaxşı, mehriban və bacarıqlı feldşer-həkim kimi tanıtdırmışdı. M.Məmmədov öz həkim sənətini mükəmməl öyrənmək üçün 1960-66-cı illər Azərbaycan Tibb İnstitutunda oxumuş və oranı müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatını Horadiz kənd Xəstəxanasına alaraq həkim işləmişdir. 1969-cu ildə baş həkim təyin edilmiş, az sonra isə onun iş qabiliyyətinin nəzərə alaraq və həkimlik sənətinin mahir bilicisi kimi tanınaraq, Bakı şəhərinə Respublika Xəstəxanasınada işləmək üçün dəvət olunmuşdu.

1969-93-cü ildə öz həmyerlimiz İskəndər Səttar oğlu Heydərov baş həkim vəzifəsinə təyin edildi. O, xəstəxanaya rəhbərlik etdiyi zaman, kənd camaatının arasında böyük hörmət qazanmışdır. Hippokrat andına sadiq olan, öz həkimlik sənətinin sirrlərini dərindən bilən və sevən həkim idi. Baş həkim İskəndər Heydərov haqqında ehtiramla danışmaq yerinə düşərdi. O, qəbul etdiyi xəstələri diqqətlə dinləyir, müayinə edib və müalicə təyin edərək, xəstələrin tez bir zamanda sağalmasına nail olurdu.

Ümumiyyətlə bizim Horadiz kənd xəstəxana həkimləri əllərindən gələn bütün bacarıqlarını sərf edərdilər ki, xəstə sağalsın.

1971-73-cü illər burada ali təhsilli həkim işləmiş Qulam Bayramalı oğlu Novruzov öz bacarığı və işgüzarlığı ilə tanınırdı. . .

Burada bundan başqa 1953-cü ildən, uzun müddət qüsursuz baş feldşer işləmiş, böyük hörmət sahibi Hüseyn Yaqub oğlu Cəfərova haqqında xoş sözlər demək olar. Hüseyn həkim üçün gecə-gündüz yox idi. O, hər vaxt “baş üstə” sözü işlədərək, heç bir xəstəni ümid­siz qoymazdı. Həmişə çağırışa tez gələr və xəstənin tam müalicə olmasına nail olardı. Dəri üzərinda əməliyyatlarda əla bacarırdı. 1969-cu ildə SSRİ “Səhiyyə əlaçısı” adı verilmiş, 1976-cı ildə SSRİ Ali Sovetin qərarı ilə “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüş, 1994 və 2000-ci illərdə Səhiyyə Nazirliyi tərəfindən “Ali feldşer “ adı verilmişdir.

1956-cı ildən xəstəxanada feldşer-sahə həkimi işləyən Əsgər Qasım oğlu Mehdiyev haqqında da xoş sözlər danışmaq olar, belə deyirlər ki, Əsgər həkim dərmandan çox, dili, sözü-söhbətilə xəstəni sağaldardı. O, gözəl, mükəmməl biliyə malik idi ki, kənd adamları arasında, xüsusi hörmətə layiq, bacarıqlı tibb feldşeri idi.

Ali təhsilli uşaq həkimləri işləyən İskəndər Garay oğlu Kərimo­vun və onun həyat yoldaşı Elmira Əliş qızı Quluyeva da ali təhsilli uşaq həkimi kimi haqqında da kənd adamları çox xoş sözlər deyirlər. Uşaq həkimi olmaq və işləmək çətindir, çünki böyük xəstələr harası ağrıyırsa deyirlər, amma balacalar bacarmır. Ancaq həkim İskəndər Kərimov öz işinin öhdəsindən məharətlə gəlirdi. O, neçə-neçə uşağı ağır vəziyyətdən xilas edərək sağaldıb.

Burada sahə feldşeri kimi kənd adamlarının sağlamlığı keşi­yin­də duran Əliş Şirin oğlu Əzizovun da haqqında xoş sözlər deyilirdi.

Amalya Cəfərova, Sona Heydarova və Mətanət Məhərrəmova feldşer-mamaça kimi öz işlərinin mahir bilərək, yüzlərlə uşağı dünyaya gətirməklə onlara həyat vəsiqəsi vermişlər.

Bundan başqa xəstəxanada işləyən tibb bacılarından: - Məhbubə Məmmədova, Sürəyya Mehdiyeva, Mahirə Məmmədova, Sayad Şirinova, Solmaz Şirinova, Nənəş Hüseynova, Şükufə Namazalıyeva, Ayna İsmayılova, Zeynəb Mehdiyeva, Kəmalə Qurbanova, Mahirə Mehdiyeva, Rəhilə Kazımova, Pəri İsmayılova: Aidə İsmayılova, Mədinə İbişova və xidmətçilərdən:- Miniş Əmirova, Ağgül İsmayılova öz vəzifələrində layiqincə çalışardılar. Aşbazlardan: Gülüstan Sultanova, Yaqut Hüseynova öz peşələrinin mahir ustası idilər.

Xəstəxanada diş kabineti də fəaliyyət göstərirdi. Ali təhsilli diş həkimi – Allahyar İbrahimov(Molla Məhərrəmli kəndindən) 1972-ci ildən 1993-cü ilə kimi burada öz işinin mahir ustası kimi göstərmiş, camaatımız arasında böyük hörmətə sahib olmuş və haqqında xoş sözlər deyilirdi.

Onun köməkçisi işləyən Əliş Vəli oğlu Mehdizadə diş texnikasını səylə ondan öyrənirdi.

Hal-hazırda Bakı şəhəri, Nizami rayonunda diş həkimi kimi fəaliyyətini və təhsilini təkmilləşdirir.

Bu xəstəxanada uzun illər təsərrüfat müdiri işləmiş Yaqub Məmiş oğlu Cəfərov haqqında geniş danışmaq yerinə düşərdi. Yaqub kişi çox qayğıkeş, işgüzar və işini bilən təsərrüfatçı idi. Xəstəxananı vaxtlı-vaxtında ərzaqla, dərmanlarla, xəstə xalatları, çarpayı materialları ilə təmin edərdi. Qış vaxtları otaqlar odun sarıdan korluq çəkməzdi. O, ağıllı, xoşxasiyyətli, insanpərvər bir ağsaqqal idi.

Yaqub kişi təsərrüfat müdiri işləsə də, onun kənd ağsaqqalı kimi Füzuli rayonunda çox hörmət-izzət sahib idi və onun sözü hər yerdə keçərdi. Onun üçün açılmayan qapı yox idi. Əgər kim çətinliyə düşsəydi, mütləq Yaqub kişiyə müraciət edirdi və o, da yorulmadan, heç bir təmənna ummadan çətin işləri sahmana salardı. Mən elə bir adam görməmişəm ki, ona bənzəyən olsun. Yaqub kişi çox kargüzar olub, kənd adamların xeyir-şərinə yarı­yan­lardan idi. Yaqub kişi təqaüdə çıxdıqdan sonra onun oğlu Tarıyel Cəfərov təsərrüfat müdiri işləyərək atasının yolun davam etdirirdi.

Xəstəxananın tərkibində “Uaz”- markalı təcili yardım maşınını vardı və onu Arif Əli oğlu İsmayılov idarə edirdi.

Horadiz kənd xəstəxanasının nəzdində Dördçinar kəndində açılmış tibb məntəqəsində tibb bacıları: - Tənzilə Nəcəfova və Mədinə Xələfova fəaliyyət göstərirdilər.
KƏND MƏDƏNİYYƏT EVİ
Kənd Mədəniyyət evi – kəndin mərkəzində, kənd Məscidindən şimal-qərbdə, Qozlu çayın şərqində Məşədi Abdullanın evinin yerində tikilən, kəndin ən böyük binalarından biridir.

1960-cı ildə Horadiz kolxoz sədri Suruş Fərhadovanın təşəb­büsü ilə və şəxsən başçılığı ilə kolxoz İdarə heyyətində kənddə yeni Mədəniyyət evinin inşa edilməsi haqqında qərar qəbul edilir. Eyni zamanda XX-əsrin əvvəllərində ən varlı və tanınmış adamlarından olan Məşədi Abdullanın torpağında yaşayan oğlu Təbriz Məm­mədovu və qızı Günəş Məmmədovanı oradan başqa yerə, kolxoz hesabına köçürülməsi haqda qərar qəbul edilir. Qurdlu bulaq məhəl­ləsində, Dəyirman boynunun qərb tərəfində yer ayrılır və Təbrizin ailəsinin yaşaması üçün kolxoz hesabına ev tikiilir. 1963-cü ildə gözəl, yaraşıqlı və iki mərtəbəli, uzunluğu 35 metr, eni 25 metr ölçüdə geniş və işıqlı Mədəniyyət evi tikilib istifadəyə verilir. Bu binada 400 nəfərlik iclas və konsert zalı var idi. Şərq tərəfində olan hissəsinə kolxozun idarə heyyəti və kənd kitabxanası da fəaliyyət göstərirdi.

Bu Mədəniyyət evində dəfələrlə Respublikanın tanınmış incəsənət ustalarının iştirakıilə böyük konsertlər təşkil edilirdi. Tez-tez Füzuli Xalq teatrının artistlərinin iştirakı ilə teatr tamaşaları kənd zəhmətkeşləri qarşısında göstərilirdi. Bundan başqa burada kolxo­zun idarə heyyətin geniş iclasları, təntənəli bayram yığıncaqları və digər tədbirlər də keçirilirdi.

1975-ci il mayın 9-da Mədəniyyət evi qarşısında 1941-45-ci illər II- Dünya Müharibəsinin Qələbə bayramı günü bizim kəndimizdən həlak olanların şərəfinə inşa edilmiş abidə kompleksinin açılışı oldu.




Kənd Mədəniyyət evinin şimaldan görünüşü

1992-ci ildə Qarabağ Müharibəsi Şəhidi həmyerlimiz Qurban Namazalıyevin şərəfinə Mədəniyyət evinin qarşısında da abidə büstü qoyulmuşdur.



KƏND KOLXOZ İDARƏSİ

(keçmiş binası)
Keçmiş kolxoz idarəsi – Qozlu çay kənd körpüsündən 50 metr şimal-qərbə tərəf, Qarağan təpənin şimalında, Kənd klubu ilə yan-yana yerləşən binadır. Bu binanın sahibi Tanrıverdi kişi varlı-hallı olub və Sovet rejimi qolçomaq möhürü vuraraq, onu represiya qur­banı edib və evini müsadirə edərək kolxozun sərəncamına verilib.

Bu binada kolxozun idarə heyəti və kənd kitabxanası yerləşirdi. O kitabxanada Dilarə Rzayeva Balaca qızı işləyirdi. Dilarə xanım çox kitab sevən idi. Hansı məzmunda istəsən o dəqiqə kitab seçərdi. Biz məktəblilər əsasən ondan yayda, məktəb tətili zamanı kitablar alıb oxuyardıq.

Binanın şərqə tərəf otaqlarda isə barama qurdu becərilirdi.

1965-ci ildə yeni Mədəniyyət sarayı inşa edildikdən sonra, kolxoz idarə heyəti və kitabxana ora köçürüldü.

Keçmiş kolxoz binası isə kənd aptekinin sərəncamına verildi və bu aptekdə Adilə Əsəd qızı işləyirdi.

Həmin bu binada həm də barama qurdu yetişdirib hər il may ayının əvvələrində kolxozçulara 1 qutu norma paylayırdılar. Barama qurdlarını körpə ikən I-yuxuya kimi tər tut yarpaqları doğrayaraq, II-yuxuya kimi tər tut yarpaqları ilə, III-yuxuda tut yarpağı xırda budaqlarla, IV-yuxuda iri tut budaqlarla və nəhayət V-yuxuda tut budaqları şaxlı şəkildə yedizdirib bəslənərdi. Qurdlar saralıb yetişərdilər və onların üstünə çox qanadlı budaqlar, həm də türpənk bitkisi döşəyərək basdırıb və bir həftəyə qədər qurdlar barama sarıyardılar. Tənəkəçilər isə baramanı dərərdilər və aparıb onu dövlətə təhvil verərdilər.



Bu binanın qarşısında Böyük Sovetlər ölkəsinin başçısı İosif Vissarionoviç Stalinin büstü yerləşirdi. 1953-cü ildə İ.V.Stalinin ölümündən sonra hakimiyyətə gəlmiş Nikita Sergeyeviç Xruşşovun rejimi dövründə onun büstü o binanın qarşısından 1954-cü ildə götürüldü və həmin binanın zirzəmisində saxlanılırdı.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə