Kimə: AzKİL, Lİq direktor müavini, İcma İnkişafı Üzrə Meneceri Gülbəniz Qənbərova



Yüklə 63,31 Kb.
tarix22.10.2017
ölçüsü63,31 Kb.
#10413


İKİNCİ AZƏRBAYCAN KƏND İNVESTİSİYA LAYİHƏSİ
ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI
YEKUN HESABAT


GİRİŞ
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi fəaliyyətə başladığı ilk gündən öz uğurları ilə bütün Azərbaycanda tanınır və sadə insanlar tərəfindən “Xalqın dostu” adına layiq görülüb. Müxtəlif təbəqələrə məxsus insanları bir araya gətirən AzKİL-2 şəbəkələşmə sahəsində də müstəqil Azərbaycanda möhtəşəm yeniliklərə imza atan yeganə layihədir desək, heç də yanılmarıq. İnteqrasiyalı layihələr, zonadaxili və zonalararası qarşılıqlı görüşlər, regional bacarıqların artırılması və milli konfranslar, ətraf mühit, dayanıqlıq və gender seminarları şəbəkələşmə prosesində hər addımı daha əmin və daha dayanıqlı edir. İnsanlar ehtiyaclarının həlli ilə bərabər heç zaman görmədikləri əraziləri görür, yeni dostlar və təcrübələr qazanır, öz uğurlarını və öyrənilmiş dərslərini başqaları ilə bölüşürlər.

AzKİL-2 fəaliyyətə başladığı ilk gündən öz ətrafında milyonlarla insanı birləşdirib. Birbaşa və dolayısı ilə faydalanan icma sakinləri həm problemlərini həll edir, həm də öz problemlərinin həllini düzgün təhlil etmək bacarığı qazanırlar. Onlarda yaranan inam birgə daha güclü olduqlarını dərk etdirir. “Güc birlikdədir” atalar məsəlində olduğu kimi uzun illərin çiyinlərində yüklənib qalmış problemlərini birgə silkələnərək qalxdıqda həll etmək mümkün olması hər bir icma sakinin qəlbində yaşamaq və yaratmaq toxumunu cücərdir.

Zonalararası Qarşılıqlı Görüş yalnız icma sakinlərinə deyil, AzKİL2-nin ayağı dəydiyi hər qarış ərazidə olan insanlara layihənin əldə etdiyi uğurları və təcrübəni çatdırır.
QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASININ TƏŞKİLİ
20-25 sentyabr 2013-cü il tarixlərində AzKİL2 fəaliyyət göstərdiyi Şimal, Şimal-Qərb və Muğan-Salyan zonalarında sayca beşinci Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasını həyata keçirdi. Bu görüş zamanı sessiyaya cəlb olunan insanların sayı təqribən 600 nəfərdən çox oldu. Yalnız səfər edən icmalar deyil, görüşlər təşkil olunan icmalarda da nəinki İQ üzvləri, hətta digər kənd sakinləri də yüksək maraq və fəallıqla bu görüşlərə, müzakirələrə qoşulur və öz töhfələrini əsirgəmirdilər.

20 sentyabr 2013-cü il tarixdə Şimal zonasında yerləşən Qəbələ rayonunda başlanan açılış konfransında 200 nəfərdən çox nümayəndənin iştirakı ilə başlanan Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 6 günlük səfərə start verdi. Qəbələ-İsmayıllı – Oğuz - Ağsu ərazisindən başlanan görüş Balakən - Zaqatala, Beyləqan - Ağcabədi və Bərdə rayonlarını da əhatə etdi. Sessiya səfərin yekununu da başladığı kimi Qəbələ rayonunda başa çatdırdı. Görüş zamanı əldə olunan təcrübələr, öyrənilmiş dərslər və yaddaşlara həkk olunan unudulmaz anlar qısa da olsa yekun konfransda bütün iştirakçıların nəzərinə çatdırıldı.


METODOLOGİYA:
Qəbələ rayonunda başlanan açılış konfransında AzKİL-2 direktoru Sübhan Əsgərov, AzKİL-2 direktor müavini və İcma İnkişafı üzrə menecer Gülbəniz Qənbərova, Dünya Bankının AzKİL-2 üzrə tapşırıq meneceri Daniel Ouen, Qəbələ rayonu İH başçısının müavini Rahib Əhmədov və digər fəxri qonaqlar iştirak edirdilər.

Seminarı giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının müavini Rahib Əhmədov açdı. O, ilk növbədə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin rəhbərlərinə bu tədbirin məhz Qəbələ rayonunda keçirilməsi üçün öz minnətdarlığını bildirdi. O bildirdi ki, regionlarımızın hər biri inkişaf edir. Son dövrlər ərzində Qəbələdə də bir çox işlər aparılır. Rayon ərazisində aparılan işlərdə AzKİL2-nin rolu çox böyükdür. İllərlə kəndlərdə yığışıb qalan problemlərin həllində görülən işlər əvəzsizdir. O, bunun üçün bir daha AzKİL-2 rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü dilə gətirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Növbəti çıxış üçün söz İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərova verildi. O, hamını salamladı və bildirdi ki, əvvəllər bu qarşılıqlı görüşlər haqqında söhbət açılarkən bu görüşlərin bizə nə verəcəyi barədə çox düşünürdüm. Amma sonralar bu tədbirlərin mahiyyətini onun nəticələrini gördükcə daha dərindən anladım. Belə tədbirlər hər dəfə yeni fikirlər, biliklər, təcrübələr verir, tədbirin bütün iştirakçılarına nəsə öyrədir. Onlar həm öyrədir, həm də öyrənirlər. Bu tədbir mənə də suallarıma cavab tapmaqda köməklik edir. Sübhan Əsgərov bütün iştirakçılara xoş istirahətlər və maraqlı görüşlər keçirməyi arzu etdi.

Sonra çıxış üçün söz İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi Həsən Həsənova verildi. O, qeyd etdi ki, mən hələ xeyli əvvəl İmişli rayonunda Azərbaycan Kənd İnvestisiya Layihəsinin belə bir tədbirində iştirak etmişəm və hələ də o təəssüratları unuda bilmirəm. AzKİL-2 İsmayıllı rayonunda da həm problemlərin həllində, həm də icma inkişafında əvəzsiz işlər görür. Bizim rayonumuzda görülən işlərdə həmişə yaxından iştirak edirəm və sabah da İsmayıllı rayon Təzəkənd kəndində “İçməli su təminatı” layihəsinin açılışında iştirak edəcəyik. Bu tədbirlər regionlarda gedən inkişafa böyük təkan verir. Biz də çalışırıq ki, yaxın qonşumuz olan Qəbələdəki kimi inkişafa nail olaq. Mən də İcra Hakimiyyəti adından bizim rayonumuzda həyata keçirilən layihələrə görə şəxsən Sübhan müəllimə və AzKİL2-nin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.



Növbəti söz Dünya Bankının AzKİL-2 üzrə Tapşırıq Qrupunun Rəhbəri Daniel Ouenə verildi. O, Dünya Bankı və öz adından bütün tədbir iştirakçılarını salamladı. Bu gün münasibətilə hamını təbrik edən Daniel Ouen qeyd etdi ki, sizin müsbət nəticələriniz olmasaydı, belə bir vacib tədbir də keçirilməzdi. O, bildirdi ki, AzKİL-2 bütün dünyada uğurlu bir layihə kimi tanınır. Ancaq 8 il ərzində qazanılan uğurun əsas səbəbi sizlərsiz, sizin- yəni icma sakinlərinin dəstəyidir. Uğurlar əldə olunduqca, daha yüksək göstəricilər tələb olunur. Belə tədbirlər sizin əldə etdiyiniz nəticələri üzə çıxarır. 6 gün ərzində siz təcrübə mübadiləsi aparacaqsınız və biz tərəfdən hansı dəstək istəsəniz, bu barədə də fikirlərinizi bizlərə - AzKİL2 əməkdaşlarına çatdırmanızı çox istərdik.

Növbəti çıxış üçün söz AzKİL2 Direktor Müavini, Bacarıqların Artırılması və İcma İnkişafı üzrə menecer Gülbəniz Qənbərovaya verildi. O bildirdi ki, əvvəllər İcma Şəbəkəsində 60 icma var idisə, indi 670 icma var. V Zonalararsı Qarşılıqlı Görüşlər Sessiyasında İcma Qruplarının üzvlərini bu səfərə cəlb etdikləri və digər təşkilatçılıq işləri üçün Gülbəniz xanım AzKİL-in Regional Əməliyyatlar Ofislərinin əməkdaşlarına təşəkkürünü bildirdi. Zonalarda olan əməkdaşların AzKİL2-nin yerlərdə dayağı olduğunu qeyd edən Gülbəniz Qənbərova sonra iştirakçıları Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının Proqramı ilə tanış etdi və onların nəzərinə çatdırdı ki: “16 icmada 16 maraqlı seminar keçiriləcək. Sonra isə yenidən Qəbələ rayonuna qayıdaraq Yekun Seminarda bütün gördüklərimizi, öyrəndiklərimizi bir-birimizlə paylaşacağıq” fikrini xüsusi vurğulayan Gülbəniz xanım iştirakçılara daha fəal olmağı arzu etdi. O qeyd etdi ki: “Siz bu tədbirlər zamanı öz bacarıqlarınızı artırmaqla bərabər, layihələrlə və digər icmalarla tanış olacaqsınız. Sual vermək istəyirəm: “Siz bizi tanıyırsınızmı?” Deyəcəksiz ki: “Bəli siz AzKİL-siz!” Bəs, özünüzü necə, tanıyırsınızmı? Bu sualıma cavabı isə görüşün sonunda deyəcəksiniz.”

Açılış seminarında RƏO proqram mütəxəssisləri Muğan-Salyan zonası - Fəridə Eminova, Şimal zonası - Akif Kərimli və Şimal-Qərb zonası - Xudayar Gülmalıyev öz zonalarında aparılan işlər barədə slaydlar vasitəsilə geniş təqdimat etdilər. Naxçıvan zonasını isə AzKİL2-nin Naxçıvan zonasından olan nümayəndəsi Anar Həsənov təmsil edərək həm Naxçıvan haqqında, həm də görülən işlər barədə iştirakçılara geniş məlumat çatdırdı.

AzKİL2 daim Azərbaycanda fəaliyyət göstərən bütün dövlət, beynəlxalq və QHT qurumları ilə əməkdaşlıq edir. Əməkdaşlıq etdiyi qurumların uğurlu təcrübələrini öyrənməklə yeniliklərə imza atan AzKİL2 bu dəfə keçirilən tədbirə də qonaq qismində dəvət olunmuş Şərq-Qərb İdarəetmə İnstitutu Beynəlxalq QHT: SEDA proqramının nümayəndəsi cənab Timoti Madiqana təqdimat üçün imkan yaratdı. O çıxışında bildirdi ki: “Mən burada iştirak etdiyim üçün çox şadam və buna görə də təşəkkür edirəm. Təmsil etdiyim təşkilatın Azərbaycandakı sosial iqtisadi fəaliyyətləri ilə bağlı burada iştirak edirəm. Artıq 8 ildir ki, AzKİL fəaliyyət göstərir, 8 il icra olunan uğurlu icma layihəsinin nəticəsi əməkdaşlığın yaxşı olmasından irəli gəlir. Mən inanıram ki, icma inkişafına dəstək göstərən fəaliyyətlər güclü təsirə malikdir. İstərdim sizə bizim işlər haqqınada məlumat verəm: Biz Ümid milli QHT ilə əməkdaşlıq edirik və əsas məqsədimiz cəmiyyətdə vətəndaş iştirakını artırmaqdan ibarətdir. İctimai iştirak region inkişafında əhəmiyyətə malikdir. Biz benefisiarlara bacarıqların artırılması üzrə dəstək göstəririk və proqramımız 3 komponenti əsas tutur:

1. Qərarçıxarmada iştirakı gücləndirmək.

2.Vətəndaş Cəmiyyətinin Təşkilində bacarıqların artırılması.

3. Regional sosial inkişafı dəstəkləməklə Azərbaycan Hökumətinə köməklik.

AzKİL2 ilə əməkdaşlıq edirik və bizim oxşar komponentlərimiz “İcma əsaslı sosial – iqtisadi layihələri dəstəkləmək”-dir. Hədəf regionlarımız Quba-Xaçmaz, Aran, Gəncə-Qazaxdır. 105 İcma İnkişaf Şurası qurmaqla 105 layihə həyata keçirmək istəyirik ki, bu icmalar AzKİL2 və Ümid QHT ilə əməkdaşlıq edən icmalar olsun. Əsas məqsəd icmalar tərəfindən müəyyən olunmuş məqsədlərin yenilənməsidir. Biz layihənin icrasından çox, sonra əldə olunan nəticələrlə maraqlanırıq. 25 icma ilə hazırda əməkdaşlıq edirik, 250 fəal vətəndaşdan 100-dən çoxu qadınlardır. Yeni icmalar olduqca nəticələrimiz də çoxalacaqdır.”

Növbəti çıxış edən müstəqil ekspert Dr. İsrayıl İsgəndərov öz çıxışına Gəlir Gətirən İcma Layihələri haqqında məlumat verərək başladı və 3 növ gəlir gətirən layihələrin adını çəkdi: Su təhzicatının yaxşılaşdırılması, Süd istehsalı və İcma Xidmətləri Mərkəzi. Belə layihələrin həyata keçirilməsi təcrübəsini iştirakçılarla bölüşən təqdimatçı bildirdi ki, bir sıra meyarlar nəzərə alınmalıdır. “Proses uzun müddətlidir”, “Layihə xarakterinə uyğun spesifik bacarıqlar formalaşmalıdır”, “Layihə xarakterinə uyğun təlimlər keçilməlidir”, “Menecment və Marketinq planı hazırlanmalıdır”, “Hesabatlar sistemli olmalıdır”. Bundan sonra Ümid təşkilatının belə layihələri haqqında danışdı və bildirdi ki, 11 kənddə su qurğusu qurulub, süd toplama məntəqələri yaradılıb və icma xidmət mərkəzləri tikilib, bunlar kiçik MMC-lər kimi fəaliyyət göstərir və mənfəətin 25%-i icma fonduna köçürülür. O, icmayönümlü layihələrin hüquqi bazası barədə məlumat verərək, çıxışını Məhəmməd Yunusun sözləri ilə sona çatdırdı: “Zəngin olmaq yaxşılıq etmək üçün olmalıdır”

AzKİL- 2 İCMA ŞƏBƏKƏSİ İLƏ UĞURLARINI BİR DAHA TƏSDİQ EDİR
Rəsmi açılışdan sonra iki paralel qrupda təqdimatlar aparıldı.

I qrupda Beyləqan rayonu, Aşıqlı-1 icmasından bələdiyyə sədri, İQ üzvü Sədulla Eyvazovun, Gədəbəy rayonu Ruzigar icması haqqında isə AzKİL2-nin mühəndisi Kamil Əliyevin təqdimatları oldu. Təqdimatlardan sonra müzakirələr aparıldı. Təqdimatçılar qrup iştirakçılarının suallarını cavablandırdılar. Ən çox sual AzKİL2-nin mühəndisi Kamil Əliyevə ünvanlanmışdı. Ruzigar icmasında həyata keçirilən möhtəşəm layihə və burada olan mühəndislik işi hər kəsin marağına səbəb olmuşdu. Heç zaman yolu olmayan və sıldırım qayalar arasında yerləşən icmada həyata keçirilən layihə insanlarda AzKİL2 layihəsinə marağı birə-min artırdı.

II Qrupda Babək rayonu, Məzrə icmasından İQ sədri Abdulla Həsənovun və İsmayıllı rayonu, Buynuz icmasının lideri Elman Məmmədovun təqdimatları oldu. Bu qrupda da təqdimatlardan sonra təqdimatçılara maraqlı suallar ünvanlandı. Xüsusən Naxçıvan zonasından olan təqdimat iştirakçıları çox maraqlandırdı. Bu zonada həyata keçirilən layihələrdə dövlətin fəal iştirakı və layihələrin möhtəşəmliyi insanları heyran etdi. Xüsusən “İçməli su təminatı” layihələri susuz icmaların gələcəkdə öz problemlərinin həllinə inamını daha da artırdı. Naxçıvan zonası üzrə mühəndis Heydər Əliyev verilən bütün sualları cavablandırdı və digər zonalardan olan icmalarda da içməli su kapitajı layihəsinə ehtiyac olduğu zaman köməyini əsirgəməyəcəyini vurğuladı.

I Qrupda olan təqdimatların və müzakirələrin xülasəsini AzKİL2 Muğan-Salyan zonasının İnformasiya və Əlaqələr üzrə işçisi Əşrəf Nəsirov, II Qrupda olan təqdimat və müzakirələrin xülasəsini isə AzKİL2 Şimal zonasının İnformasiya və Əlaqələr üzrə işçisi Səbirə Mehdiyeva verdi.

Açılış konfransı iştirakçıların konfransı qiymətləndirməsi ilə yekunlaşdırıldı və iştirakçılar qonaq qalacaqları icmalara yola düşdülər.
ƏN BÖYÜK TƏCRÜBƏ İCMALARDA QAZANILIR

İlk gün icmalar Şimal zonasında yerləşən 4 icmaya -

1. Şimal-Qərb zonasından olan nümayəndələr İsmayıllı rayonu Təzəkənd icmasına;

2. Naxçıvan və Muğan-Salyan (Masallı rayonu) zonasının təmsilçiləri İsmayıllı rayonu Buynuz icmasına;

3. Şimal zonasının təmsilçiləri Qəbələ rayonunun Tüntül icmasına;

4. Muğan-Salyan zonasının nümayəndələri isə Oğuz rayonunun Padar icmasına səfər etdilər. İlk səfər və ilk təcrübələr, ilk dostluqlar, ilk öyrənilmiş dərslər üçün yola çıxan iştirakçılar qonaq olduqları icmaların hər birində isti münasibətlə qarşılaşdılar. Səhəri gün bütün icmalarda qonaqların, yerli İcma Qrupu və sakinlərin iştirakı ilə 3 saatdan artıq davam edən zonalararası qarşılıqlı görüşün ən vacib məqamı - təcrübə mübadiləsi görüşləri başladı. İsmayıllı rayonu Təzəkənd icmasında qonaq qismində AzKİL2 Direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova və Dünya Bankının AzKİL2 üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen də iştirak edirdilər. Burada “AzKİL2-nin icmaların sosial-iqtisadi həyatına təsiri” mövzusu üzrə müzakirələr aparılırdı. Bu müzakirələrdə fəal iştirak edən İQ üzvləri AzKİL2 tərəfindən həyata keçirilən layihələrdən sonra insanların əlavə xərclərinin azalması, gəlirlərinin artması, təhsilin, sağlamlığın keyfiyyətinin artması və sair dəyərli dəyişiklikləri vurğuladılar.

İsmayıllı rayonu Buynuz icmasında “İctimai iştiraklılıq”, Qəbələ rayonu Tüntül icmasında “Tamamlanmış layihələrin hüquqi statusu- balansa verilmə,” Oğuz rayonu Padar icmasında isə “İcma layihələrində qadın iştirakı ” mövzuları ətrafında geniş müzakirələr aparıldı. Eyni zamanda, 21 sentyabr 2013-cü il tarixdə AzKİL2 uğurlarının təntənəli təsdiqi olan iki möhtəşəm layihənin açılışı oldu. İsmayıllı rayonu Təzəkənd icmasında “İçməli su təminatı”, Qəbələ rayonu Tüntül icmasında isə “Tibb məntəqəsinin bərpası” layihələrinin açılışlarında Qəbələ və İsmayıllı rayon ictimaiyyəti, İH başçısının nümayəndələri, səfər iştirakçıları olan qonaqlar, yerli icma sakinləri və KİV nümayəndələri iştirak etdilər. Növbəti səfər Şimal zonasına daxil olan və əsrarəngiz gözəllikləri ilə fərqlənən Zaqatala - Balakən istiqamətində idi. Burada da iştirakçılar seçilmiş dörd icmada - Balakən rayonu Qaysa və Qazma, Zaqatala rayonunda isə Qandax və Yengiyan icmalarında qonaq oldular. Bu icmalarda insanların təkrarsız qonaqpərvərliyi, kəndlərin gözəlliyi insanları heyran etdi. Həyatında ilk dəfə AzKİL2 sayəsində bu ərazilərə qədəm basan iştirakçılar dəfələrlə layihəyə təşəkkürlərini bildirir və təəssüratlarını böyük həyəcanla bir-biri ilə bölüşürdülər.

22 sentyabr 2013-cü il tarixdə Balakən rayonu Qaysa icmasında “Gəlirgətirən layihələrin icma həyatında rolu” mövzusunun müzakirəsində fasilitator kimi biznes səfərbərçisi Əhməd Əliyev, qonaq qismində isə AzKİL2 Direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova və Dünya Bankının AzKİL-2 üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen də iştirak edirdilər. Gülbəniz xanım və Daniel Ouenin iştirakı müzakirələrin daha canlı və fəal keçirilməsinə təkan verdi.

Balakən rayonu Qazma icmasında “Tamamlanmış icma layihələrinin Şərti və Yekun təhvili”, Zaqatala rayonu Yengiyan icmasında “Ətraf mühit”, Zaqatala rayonu Qandax icmasında isə “Konfliktlərin həlli” mövzularında geniş müzakirələr aparıldı. AzKİL2 tərəfindən Yengiyan icmasında həyata keçirilən “İçməli su təminatı” layihəsinin açılışı da bu tarixə təsadüf etdi və bu layihənin açılışı da eyni təntənə ilə keçirildi. Layihə açılışından sonra Qax rayonunun görkəmli və təkrarsız gözəlliyə malik İlisu ərazisinə səfər olundu. Buradan isə yol səfər iştirakçılarını Beyləqan və Ağcabədi ərazisinə apardı.

Beyləqan rayonunda Baharabad və Günəşli, Ağcabədi rayonunda isə Qiyaməddin və Təzəkənd icmalarına səfər olundu. Yağışlı, küləkli bir gecədə çox gec saatda icmaya gəlib çatsalar da yerli İQ və icma sakinlərinin böyük sevgi və qayğısı ilə qarşılaşan iştirakçılar küləkli yağışın nəticəsində elektrikin olmamasına baxmayaraq, onların qəlblərindəki günəşin işığı ilə bütün yorğunluqlarını unutdular.

23 sentyabr 2013-cü il tarixində Beyləqan rayonu Baharabad icmasında “İcmadaxili sosial qruplar”, Günəşli icmasında “Dövlət qurumları ilə əməkdaşlıq”, Ağcabədi rayonu Qiyaməddin icmasında “Problem ardıcıllığı - strateji plan”, Təzəkənd icmasında isə “İctimai təşkilatlanma – ictimai kapital” mövzularında müzakirələr aparıldı.

Həmin gün səfər iştirakçılarının yaddaşına başqa bir hadisə ilə də həkk olundu. Beyləqan rayonunun ərazisində yerləşən “Cərcis Peyğəmbər” ziyarətgahında olan insanlar heç zaman unutmayacaqları bu gün üçün AzKİL2 rəhbərliyinə, xüsusilə Direktor müavini və İcma İnkişafı üzrə menecer Gülbəniz xanim Qənbərovaya öz dərin təşəkkürlərini bildirdilər. Layihələrində də mənəvi dəyərlərə üstünlük verən AzKİL2-nin bu səfər zamanı da hər addımda bunu isbat etdiyini vurğulayan iştirakçılar, heç zaman bu günü unutmayacaqlarını qeyd etdilər.

24 sentyabr 2013 -cü il tarixdə isə Bərdə rayonu Alaçadırlı icmasında “Yerli xüsusiyyətlərin texniki icraya təsiri”, Qazaxlar icmasında “İstismar və Dayanıqlıq”, Soğanverdilər icmasında “Donorla Əməkdaşlıq”, Ağcabədi rayonu Gələbədin icmasında isə “İcma töhfəsinin təşkili” mövzularnda müzakirələr aparıldı.

Fərqli icmalar və fərqli mövzularda aparılan müzakirələr, görüşlər icmalara əvəzsiz təcrübələr qazandırdı. Qazanılan təcrübələr AzKİL2-nin gələcək fəaliyyətində daha möhtəşəm nailiyyətlərə atılan addımlara təkan verir.
Hər iştirakçı təcrübə mübadiləsində bir kitabdır:

Zonalararası qarşılıqlı görüşün başlandığı ilk gün qapalı bir kitaba bənzəyən iştirakçılar görüşün sonunda öz fərqli dünyalarının qapılarını digərlərinə açaraq, bütün bacarıq və qabiliyyətlərini, səmimilik və qeyri-adiliklərini hamıya göstərdilər. Tərtər Kəbirli İQ üzvü olan Zakir Bayramov qeyri-adi səsi və natiqlik qabiliyyəti, Beyləqan rayonu Aşıqlı-1 İQ sədri Yeganə Məmmədova fərqli səsi və fəallığı ilə, Bərdə rayon Alpout İQ üzvü və Qarabağ müharibəsi veteranı Əli Məhərrəmov liderlik qabiliyyəti ilə və bunun kimi onlarca iştirakçı öz fərqliliklərini göstərə bildilər. Bu onu göstərir ki, AzKİL2 yalniz icma inkişafına deyil, insan inkişafına da nail olur. İllərlə öz daxili aləmlərində gizlənən insanlar bu görüşlər nəticəsində əsrarəngiz dünyalarını tanıtmağa və öyrənərək tanımağa çalışırlar. Bu uğur, bu möhtəşəm addımlar AzKİL2 ilə addımlayan hər bir icma sakinində öz əksini tapır.


SESSİYA İŞTİRAKÇILARIN TƏƏSSÜRATLARI:

 

Sessiya ərzində insanlar bir-birləri ilə sərbəst şəkildə müzakirələrə qoşulurdular. Beş zonadan gəlmiş icma nümayəndələri zonalararası inteqrasiyadan danışırdılar. Müzakirələr zamanı Zaqatala rayonunun Faldarlı İQ üzvü Mərhəmət Şərifovanın dediyi bir cümlə hər kəsi kövrəltdi: "Mən bir az əvvələ qayıtmaq istəyirəm. Çox yox, bir neçə ay bundan əvvəl bu günümüzü mənə təsvir etsəydilər, mən sadəcə buna bir xəyal kimi baxıb başımı bulayardım. Yaşımdan bəri kənddə və digər yerlərdə belə canlanmaya rast gəlməmişəm. Bu sessiya mənim və icmamızın inkişafında çox böyük rol oynayacaq."

 Oğuz rayonunun Padar icmasının bələdiyyə sədri, eləcə də İQ üvü Səxavət Hidayətova xüsusi vurğuladı: "Mən məsələyə digər tərəfdən yanaşmaq istərdim. Bələdiyyə sədri olsam da sıravi kənd sakini kimi icmada son vaxtlar gedən proseslərə və dəyişikliklərə biganə qala bilmərəm. Bu dəyişikliyi görməmək sadəcə mümkün deyil. İnsanların psixologiyasında kök salmış laqeydlik, etinasızlıq hissləri sanki son aylarda buz kimi yavaş-yavaş əriməyə başlayıb. İcmada gedən icma inkişafı prosesi insanlarda özünəinam və etibar hissinin baş qaldırmasına səbəb olub. İctimai işlərdə və icmanın ümumi mənafeyinə xidmət edən məsələlərdə, xüsusilə, qadınlarımızda və gənclərimizdə bir fəallıq müşahidə olunur. Buna görə AzKİL-ə böyük təşəkkürümü bildirirəm. Sessiya zamanı öyrəndiklərimi icmada İQ ilə birlikdə tətbiq edəcəyəm. Qarşılıqlı Görüşlər Sessiyası bir daha bizlərə göstərdi ki, biz tək öz icmamızın İQ üzvlərinin bilik və bacarıqları ilə inkişaf edə bilmərik. Sessiyada iştirak edən bütün icmaların təcrübələrini dinlədikcə bir daha bu qənaətə gəlmişəm".

İsmayıllı rayonunun Təzəkənd icmasının bələdiyyə sədri, həmçinin İQ üzvü Azər Bağırov bildirdi: "İcmamız AzKİL2-nin dəstəyi ilə ikinci layihəni uğurla həyata keçirmişdir. Bələdiyyə sədri kimi mənim üçün sevindirici haldır ki, artıq camaatımız hər şeyi bələdiyyə və digər təşkilatlardan gözləmir. Şüurlardakı oyanış insanların öz problemlərinin həllində ilk növbədə özlərinin maraq və hərəkətdə olmasını tələb edir. Yaradılmış İcma qrupu bələdiyyə ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Məncə, qüvvələrimizin səfərbər olunması icmanın infrastruktur yönümdə inkişafına öz uğurlu töhfəsini vermişdir."

Beyləqan rayonunun Aşıqlı-1 icmasının İQ üzvü Əzət Qurbanovanın dedikləri:

"Mən hamıdan fərqli olaraq deyə bilərəm ki, bu sessiya mənə vətənin gözəlliklərini göstərdi, mənim bu rayonları, kəndləri gəzməyə heç vaxtım və imkanım olmayıb. Mən kəndimizə çox böyük təəssüratlarla qayıdıram. Ən əsası isə mən icmalardan öyrəndiyim fondun inkişafı, dayanıqlığın qorunması, icmadaxili konfiliklərin həlli yollarına dair təcrübələri oz icmamızın inkişafı üçün tətbiq edəcəyəm. Bu sessiyada AzKİL-in rəhbərliyinin və sessiyada iştirak edən bütün əməkdaşlarının icma üzvülərinin hər birinə fərdi yanaşması, onlara diqqət və qayğı göstərməsi insanın əhval ruhiyyəsini yüksəltməklə yanaşı məsulliyyət hissini artırdı. AzKİL-in bu fəaliyyətinin uzun ömürlü və bu cür tədbirlərin daha cox olmasını arzulayıram".
Qarşılıqlı Görüşlər Sessiyasının yekun seminarı:

Yekun konfrans da açılış konfrası kimi Qəbələ rayonunda baş tutdu. Dünya Bankının İctimai İnkişaf üzrə Avropa və Mərkəzi Asiya Regionunun Sektor Meneceri Elizabet Hyubenz qonaq qismində konfransda iştirak edirdi. Konfrans zamanı əvvəlki Zonalararası Qarşılıqlı Görüşlərdən fərqli olaraq hər bir zonanın özünəməxsusluğunu əks etdirən sərgi təşkil olunmuşdu. İcma Nailiyyətləri Sərgisi hər kəsin marağına səbəb oldu. Xarici qonaqlar da sərgi ilə yaxından tanış olaraq, belə sərgilərin icmaların özlərini fərqli təqdim etmələrində uğurlu bir addım olduğunu qeyd etdilər.

Seminar iştirakçılarını salamlayaraq İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov konfransı açıq elan etdi. O, bildirdi ki, Qarşılıqlı Görüşlər Sessiyası İcma Şəbəkəsinin icmalarımız tərəfindən çox sevilən bir hissəsidir. Belə tədbirlərdən hamımız nə isə öyrənirik, nə isə görüb götürürük. Mən inanıram ki, belə tədbirlər nə qədər çox keçirilsə yenə də öyrənəcəyik.

Növbəti söz Dünya Bankının AzKİL2 üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouenə verildi. O, bildirdi ki, Qarşılıqlı Görüşlər Sessiyasında sizinlə birgə olduğum üçün qürur duyuram. Mən iştirakçıları qonaq saxlayan icmalara təşəkkürümü bildirirəm. Görüşlər zamanı sizin bir-birinizə olan münasibətiniz mənə xoş təsir bağışladı. Siz öz yanaşmanızla göstərdiz ki, birgə fəaliyyət necə olar. Qarşılıqlı Görüşlər Sessiyasının əsas məqsədi qarşılıqlı öyrənməkdir. Bizə məlum oldu ki, sizlərin RƏO-larla əlaqəsi yaxşı qurulub. Elə bu da gələcəkdə sizin AzKİL-lə Gəlir Gətirən Layihələr işləməyinizə əsas verir. Hamıya uğurlar arzulayıram!

Sonra söz Dünya Bankının İctimai İnkişaf üzrə Avropa və Mərkəzi Asiya Regionunun Sektor Meneceri Elizabet Hyubenzə verildi. O, qeyd etdi ki, bu mənim Azərbaycana ilk səfərimdir və məndə artıq xoş təəssüratlar yaranıbdır. Daniel AzKİL haqqında mənə çox danışıbdır. Dünya Bankı AzKİL kimi layihələri çox bəyənir və istəyir ki, belə layihələr çox olsun və daha da genişlənsin. Siz bu 6 günlük görüşlərdən inanıram ki, çox şey öyrəndiz. Ona görə də mən bu gün çox şey eşitmək istəyirəm!

Səfər haqqında hazırlanan film isə iştirakçılarda həm sevinc, həm də kədər hissi doğurdu. Bu formada təşkil olunan tədbirə cəlb olunduqları üçün sevinən iştirakçılar, tədbirin son günü olduğu üçün xeyli kədərləndilər.

Növbəti çıxış üçün söz AzKİL2 LİQ-in Direktor Müavini, Bacarıqların Artırılması və İcma İnkişafı üzrə Menecer Gülbəniz Qənbərovaya verildi. O, bildirdi ki, biz istədik dostların uğurlarını görək və buna nail olduq. Görüşlər zamanı 3 layihənin açılışını gördük, 16 müxtəlif mövzularda müzakirələr apardıq, 16 icmada qonaq qaldıq, Dünya Bankından qonaqlarımız oldu, maraqlı anlarımız oldu, bir çox şeylər öyrəndik. Bizim layihələrin əsas hissəsi olan dayanıqlıqla bağlı çox danışdıq. Biz sevinirik ki, Dünya Bankı dünyaya, həmçinin Azərbaycana İcma İnkişafı kimi bir dəyəri vermişdir. Bu sessiyanın əsas məqsədi insanların birliyidir. Afrika deyiminə görə: “Əgər bərk getmək istəyirsənsə tək get, uzaq getmək istəyirsənsə birgə get” Biz sizlərlə birgə addımlayiriq – uğurlu sabahlara, daha firavan günlərə doğru!

ÇOX YAŞAYAN ÇOX BİLMƏZ, ÇOX GƏZƏN ÇOX BİLƏR:
Sessiya işini “Biz nə gördük, nə öyrəndik, nə tövsiyə edirik” başlığı altında 4 qrupda iş ilə davam etdirdi. Uğurlardan, icmalardakı inkişaf proseslərindən, insanların yanaşma tərzindən, məsuliyyətlərindən, sosial kapital anlamından, vətəndaş cəmiyyətinin formalaşmasından, hökumət və qeyri hökumət təşkilatları ilə təcrübələrdən, qadınların iştiraka cəlb edilməsindən, potensial imkanlardan, inteqrasiyadan, özünə-inamdan, şəffaflıqdan, səmimiyyətdən, qazandıqları təcrübələrdən danışan İQ üzvləri fikirlərini də fərqli formada çatdırdılar. Biri şerlə, biri musiqi ilə, digəri isə lətifə ilə öz gördüklərini və qazandıqlarını hər kəsə çatdırmağa cəhd etdi.

İştirakçılar əyani olaraq icmalarda həyata keçirilən layihələrlə daha yaxından tanış olmaqla yanaşı seminarlardakı mövzular ətrafında müzakirələr aparır, fikir mübadiləsi edir və ümumi nəticələrə gəlirdilər.


Belə ki:
1. Layihənin şərti və yekun təhvili, layihənin gələcək dayanıqlığının təmin olunmasında mühüm amildir

2. Şəffaflığın qorunması dayanıqlıq planının işləməsinə müsbət təsir göstərir

3. Dayanıqlıq və istismar fondunu üzvlük haqqı, bələdiyyə töhfəsi ilə yanaşı icmalarda təşkil olunmuş dini bayramlar və digər mərasimlər zamanı toplanmış ianələr, icmadan kənarda yaşayan imkanlı şəxslərin vaxtaşırı verdiyi töhfələr hesabına inkişaf etdirmək olar.

4. İcma qruplarının ictimai təşkilat kimi formalaşması, icmalarda ictimai kapitalın formalaşması, ictimai kapitalın sosial kapitala çevrilməsi

5. İcmalarda maarifləndirmə işlərinin gücləndirilməsi

6. Sosial qruplar arasında inteqrasiyanın əhalinin sosial vəziyyətinə müsbət təsiri

7. Tamamlanmış icma layihələrinin hüquqi statusu düzgün müəyyənləşdirilməli və balansa verilmə sənədləri düzgün hazırlanmalıdır

8. Yerli xüsusiyyətləri layihədən əvvəl dəqiqliklə təhlil etmək

9. Sosial iştirakın icma inkişafına təsiri

10. Mənəvi dəyərlərin nəzərə alınmasının əhali arasında inamın artmasına müsbət təsiri

11. Layihələrin icrası zamanı ətraf mühitin sağlamlaşdırılması və ekologiyaya dəyən ziyanın minumuma endirilməsinə nail olmaq üçün nəzərdə tutulmuş ətraf mühit üzrə plan daimi işlək olmalıdır

12. Ekosistemin daim təmiz olması üçün icmada müntəzəm marifləndirmə işinin aparılması

13. Gəlirgətirən fəaliyyətlərin seçimində bütün icma sakinlərinin iştirakının düzgün qərarın verilməsinə təsiri;

  

Sessiya iştirakçıları seminarlarda əldə etdikləri bilik və bacarıqlarını öz icmalarında həyata keçiriləcək layihələrin uğurla başa çatmasında, dayanıqlığıın qorunmasında tədbiq edəcəklər.


Qarşılıqlı Görüşlər Sessiyasının sonunda AzKİL2-nin Direktoru Sübhan Əsgərov və Direktor Müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova bütün iştirakçılara və bu səfərdə zəhməti olan hər kəsə öz təşəkkürlərini bildirdilər .

Böyük təcrübələr, təkrarsız anlar, yeni öyrənilmiş dərslər qazandıran V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası təntənə ilə başladığı kimi, daha böyük təntənə ilə də öz işini başa çatdırdı.


Hesabatı hazırladı:
Tünzalə Hacıyeva

Gülanə Cuvarlı

AzKİL Köməkçi Heyəti
Yüklə 63,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin