Kimyəvi element - nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdə nuklon adlanır.
Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Yer qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.
Elementlərin xassələri
Elementlər metallar, qeyri-metallar və təsirsiz qazlar olmaqla üç əsas təsnifə bölünür. Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa doğru isə dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi vəziyyətdə düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər ayrılıqda müvafiq olaraq əsas və əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A qrupu) deyilir. Yalnız böyük dövr elementlərindən təşkil olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu) deyilir.
Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I, II, III qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At) diaqonalından aşağıda yerləşir. Metalların atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar güclü reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır. Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə qabiliyyətinə də malikdir.
Dostları ilə paylaş: |