Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır.
Aqreqat halına görə məhlullar maye, bərk, qaz halıda olurlar. Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi, qaz qarışığı məhluldur. Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür. Təbii sular, qan, limfa və fizioloji mayelər məhluldur; qidanın mənimsənilməsi onun məhlula keçməsi nəticəsində mümkün olur;kimyəvi çevrilmələrin çoxu mühiti maye olan müxtəlif məhlullarla bağlıdır. Həll olan maddə və həlledici eyni aqreqat halında olduqda çoxluq təşkil edən maddə həlledici hesab edilir. Həqiqi məhlullardan əsas xüsusiyətlərindən biri odur ki, onlar həllolan maddə ilə həlledicinin sadəcə olaraq toxunmasından əmələ gəlir. Bu isə öz-özünə baş verən qarşılıqlı diffuziya prosesi ilə əlaqədardır. Qarışdırma, çalxalama və başqa mexaniki təsir isə məhlulun əmələgəlmə prosesini yalnız sürətləndirir. Maddənin həllolma qabiliyyəti onun müəyyən həlledicidə həll olması xassəsidir. Həllolma qabiliyyəti müəyyən temperaturda maddənin 100 q həlledicidə həll olan maksimum miqdarı ilə ifadə olunur. Suda həllolmalarına görə bütün maddələri 3 qrupa bölürlər:yaxşı həll olan, pis həll olan və praktiki olaraq həll olmayan maddələr. Maddələrin suda həll olması ilk növbədə onun təbiətindən asılıdır. Müəyyən edilmişdir ki,qeyri-polyar və ya az polyar həlledicilərdə elə maddələr yaxşı həll olur ki,onların molekulları qeyri-polyar və ya az polyar olsun.Belə həlledicilərdə polyarlığı çox olan maddələr az, ion quruluşlu olan maddələr isə praktiki olaraq həll olmur. Əksinə, polyarlıq dərəcəsi nisbətən çox olan həlledicilər polyar və ion tipli maddələri yaxşı, qeyri-polyar maddələri isə pis həll edir. Bərk maddələrdən nitrat və nitritlər, ammonium və qələvi metalların bütün duzları, sulfat turşusunun dəmir, manqan, sink, aluminium və mislə əmələ gətirdiyi duzlar suda yaxşı həll olur. Sulfat turşusunun barium və qurquşunla, sulfid turşusunun isə ağır metallarla əmələ gətirdiyi duzlar suda praktiki olaraq həll olmur. Temperatur artıqda bəzi bərk maddələrin, məsələn, kalium-nitratın, ammonium-nitratın həll olma qabiliyyəti artır.