Əş’əri məktəbinin yaranması
Uyğun dövrün əqidə durumu ilə bağlı iki məsələni qeyd etmək lazım gəlir. Bu məsələlərdən biri Əş’əri məktəbinin yaranmasıdır. Hicri ikinci əsrin birinci yarısında yaranmış bu məktəblərdən birinin baxışına görə ağıl dəyərsiz bir şeydir, İslami maarifin və məsələlərin dərk olunmasında ayə və rəvayətlərin zahiri bilgisi kifayət edir. Onlar əqlə zidd olan bir hökmü də ayə və hədislərin zahirinə əsaslanaraq qəbul edirdilər. Məsələn, Qur’anın «Allahın əli onların əli üstündədir» ayəsinə əsaslanaraq deyirdilər ki, Allahın da əli var. Hansı ki, ayədə Allahın qüdrətinə işarə olunur. Mə’lum məsələdir ki, Allah cisim deyil və onun əli və ya başqa üzvləri ola bilməz. Bu qrupun adı əhli-hədis idi.
Bu baxışa qarşı çıxan ikinci qrup əqlə ifrat şəkildə əsaslanır və bütün həqiqətlərin əldə olunmasında ağılı əsas götürürdülər. Bu firqə xəlifə Mə’munun dövründə çox gücləndi və əhli-hədisə qalib gəldi. İkinci qrup Mö’təzilə və e’tizal adlanırdı.
Kiçik qeyb dövründən əvvəlki dövrdə əhli-hədis və e’tizal məzhəbləri arasında böyük qarşıdurmalar baş vermişdi. Bə’zən abbasi hakimlərinin himayəsi sayəsində e’tizal məzhəbi qalib gəlirdi, bə’zən isə xəlifənin rə’yinə əsasən o biri məzhəb güclənirdi. Bu qarşıdurmalar hicri IV əsrin əvvəllərində Əbül-Həsən Əş’əri meydana çıxanadək davam etdi. Qırx yaşınadək e’tizal məktəbinin davamçısı olmuş bu şəxs həmin məzhəbə arxa çevirdi və əhli-hədis əqidəsinin əsasları üzərində yeni bir məktəb yaratdı. Bu məktəb onun banisinin adı şərəfinə əş’əri adlandırılırdı. Bu məktəb Müqtədirin himayəsi sayəsinə formalaşmışdı. Onun iyirmi beş illik hakimiyyəti dövründə əş’əri məktəbi e’tizal məktəbi ilə qarşıdurmada oldu. Həmin dövrdən başlayaraq e’tizal məktəbi tənəzzülə uğradı və əş’ərilik hakim məzhəbə çevrildi.
RƏVAYƏT KİTABLARININ TƏRTİBİ
Hicri I əsrdə ikinci xəlifə Ömərin göstərişi ilə İslam tarixi və İslami hədislər barədə kitabların tərtibi qadağan olunmuşdu. 1-ci əsrdə bu siyasət ardıcıl olaraq davam etdi. 2-ci əsrin əvvəllində əməvi xəlifəsi Ömər ibn Əbdül-Əziz bu qanunu ləğv etdi və Mədinə hakimi Əbu-Bəkrə məktub yazıb göstəriş verdi ki, alimlər islami hədisləri toplasınlar. Hicri 2-ci əsrin əvvəllərində bu iş davam etdirilirdi. Abbasilər dövründə, xüsusi ilə xəlifə Mə’munun zamanında bu istiqamətdə xeyli kitab yazıldı.
Kiçik qeyb dövründə də bu iş davam etdirilirdi. Sünnə əhlinin altı mühüm kitabından dördü məhz bu dövrdə yazılmışdı. Həmin dörd kitab Məhəmməd ibn Yəzid ibn Macə Qəzvininin «Sünəne-ibn Macə», Əbu Davud Süleyman ibn Əş’əs Səcəstaninin «Sünəne-Əbu Davud», Termizinin «Əlcameul-Səhih» və Əhməd ibn Şüeyb Nəsainin «Sünəne-Nəsayi» kitablarından ibarətdir.
Bu kitablardan əlavə yüzlərlə başqa kitablar da tərtib olunmuşdur. Bu kitablara misal olaraq «Futuhul-buldan», «Əxbarul-Təval», «Tarixe-Yə’qubi», «Tarixe-Təbəri», «Əl-futuh», «Kafi» və sair kitabları göstərmək olar.
QEYB TARİXİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Əvvəlcə imam Mehdinin (ə) qeyb dövrünün necə başlaması ilə tanış olaq. İslam alimləri arasında bu başlanğıc haqqında bir neçə baxış mövcuddur:
Bə’ziləri kiçik qeyb dövrünün sərdabədən başlandığını bildirirlər. Onların fikrincə, Mö’təmədin mə’murları həzrətin Samirradakı evinə basqın etdiyi vaxtdan həzrətin kiçik qeyb dövrü başlamışdır. Biz qarşıdakı söhbətlərimizdə sərdabə əhvalatı haqqında danışacağıq. Biz bu baxışı düzgün hesab etmirik. İmam Mehdi (ə) Abbasilərin hücumu zamanı qeybə çəkilməmişdir. Bu qeyb həmin basqın hadisəsindən qabaq baş vermişdir.
Bə’zi alimlər, eləcə də, şeyx Müfid kiçik qeyb dövrünün həzrətin dünyaya gəlişi zamanından başladığını bildirirlər. Amma əksər imamiyyə alimləri bu baxışı qəbul etmirlər.
Üçüncü baxışa əsasən, kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) şəhadətindən və birinci səfir Osman ibn Səid Əmri tə’yin olunduqdan sonra başlamışdır. Bu hadisələr hicri 260-cı il rəbiül-əvvəl ayının səkkizinə təsadüf edir. Kiçik qeyb dövrü son səfir Əli ibn Məhəmməd Səməri hicri 329-cu il, şə’banın on beşində dünyasının dəyişdiyi vaxt başa çatmışdır. Beləcə, kiçik qeyb dövrü 69- il davam etmişdir.
Bu baxışı əksər imamiyyə alimləri qəbul edirlər. Kiçik qeyb dövrü həzrətin imamət dövrüdür və bu dövrdə həzrətin dörd səfiri fəaliyyət göstərmişdir.
Həzrətin öz atasının həyatı dövründə məxfi yaşadığı müddət həzrətin imamət dövrüdür. Başqa sözlə, kiçik qeyb dövrünün iki xüsusiyyəti vardır. Onlardan biri həzrət Mehdinin (ə) imamlığı, digəri isə dörd naibin səfirliyidir. Bu iki xüsusiyyətə əsasən, imam yalnız kiçik qeyb dövründə qeybə çəkilmişdir. Hansı ki, imamın xəlvətə çəkildiyi dövrdə bu iki xüsusiyyət olmamışdır.
İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) ŞƏHADƏTİ
Abbasi xəlifəsi Mö’təməd imam Həsən Əsgərinin (ə) nüfuz və məqamından çox narahat idi. Xəlifə məhdudiyyət tədbirlərinin səmərə vermədiyini, əksinə, bu tədbirlər nəticəsində imamın daha çox sevildiyini gördükdə onu qətlə yetirmək qərarına gəldi. Mö’təməd imam Həsən Əsgəriyə (ə) gizli bir şəraitdə zəhər verərək, şiələri imamın hidayət nurundan məhrum etdi.
Bu sayaq şəhadətlər əvvəllər də baş vermişdi. Əməvi və abbasi xəlifələri daim bu siyasətdən yararlanmışlar. İmamlar isə bu planları açıqlamağa çalışaraq, xəlifələrin iç üzünü xalqa göstərmək istəmişlər.
İmam Həsən Əsgəri (ə) öz qeyri-adi biliyi ilə əvvəlcədən hiss etmişdi ki, qarşıda onu ölüm gözləyir. O öz şəhadəti haqqında anasına xəbər verərək demişdi: «Hicri 260-cı ildə bir hadisə baş verəcək; bu, həqiqətən də, imamın abbasi hökuməti tərəfindən şəhadətə yetirilməsi olacaq». Bu xəbər imamın anasını qəm dəryasına qərq etmişdi. İmam ağlayan anasına təsəlli verərək demişdi: «Ana! Allahın hökmü qətidir, dözümsüzlük göstərmə». İmamın xəbər verdiyi kimi, hicri 260-cı ildə bu şəhadət həqiqətə çevrildi.
İmamın şəhadətindən bir neçə gün əvvəl onu dövrün zalım hakimi Mö’təmədin yanına gətirdilər. Bütün xalqın imama tə’zim etdiyini bilən Mö’təməd çox narahat idi. Xalq, doğrudan da, onu bütün ələvi və Abbasilərdən üstün tuturdu. Ona görə də Mö’təməd həzrəti qətlə yetirmək qərarına gələrək, ona öldürücü zəhər içirdi.
İmam ona verilən zəhəri içən kimi bütün bədəni od tutub yanmağa başladı. İmam yatağa düşdü və bu, ölüm yatağı idi. Mö’təmədin göstərişi ilə onun beş mə’muru imamın evinə nəzarət edirdi. Bu evdə baş verən bütün hadisələr izlənilirdi. Eləcə də həkimlərə göstəriş verilmişdi ki, imamın vəziyyətindən gecə-gündüz xəbərdar olsunlar. Hadisədən iki gün keçmiş Mö’təmədə imamın vəziyyətinin ağır olduğunu bildirdilər. Xəlifənin göstərişi ilə həkimlər imamın evini tərk etmirdilər. Mö’təməd qazilər qazisini on nəfərlə birlikdə imamın evinə göndərdi və onlara göstəriş verdi ki, gecə-gündüz orada qalsınlar. Bu insanlar imamın təbii şəkildə dünyasını dəyişdiyinə şahid durmalı idilər. Buna baxmayaraq, daha on beş mə’mur həzrətin evində keşik çəkirdi.
İmam Həsən Əsgəri (ə) rehlət gecəsi bir otaqda, hökumət mə’murlarından gizli şəkildə məktublar yazıb şiələr yaşayan müxtəlif məntəqələrə göndərdi. İmamın vəziyyəti getdikcə ağırlaşırdı və hər an onu ölümə yaxınlaşdırırdı. Həzrət ömrünün son anlarında Allahın zikrinə məşğul idi. O, Allaha həmd oxuyur, Qur’an ayələri tilavət edirdi. Nəhayət, imam üzünü qibləyə tutdu və mübarək ruhu Allah dərgahına pərvaz etdi. Bu canyandırıcı hadisə hicri 260-cı il, rəbiul-əvvəl ayının səkkizi, cümə günü sübh namazından sonra baş verdi.
İmamın dünyasını dəyişməsi müsəlmanlar üçün böyük bir itki idi. Onlar öz rəhbərlərini, sevimli xeyirxahlarını əldən vermişdilər. Daim zəiflərin, yetimlərin, yoxsulların həmdərdi olan bir şəxs dünyasını dəyişmişdi. İmamın evindən nalələr ucaldı. Əli (ə) ailəsinin fəryadları bütün Samirrada eşidilməkdə idi. İmamın dünyasını dəyişməsi xəbəri ildırım sür’əti ilə şəhərə yayıldı və müsəlmanlar öz imamlarının mənzilinə üz tutdular. İmamın evi ətrafında ah-nalə səsləri dövrə vururdu. Bütün dövlət idarələri işini saxlamışdı. İmama hörmət əlaməti olaraq bazarlar bağlanmışdı. Bütün şəhər əzadarlıq içində idi. Samirra şəhəri sanki qiyamət səhnəsinə dönmüşdü.
Samirra belə bir izdiham görməmişdi. Bütün təbəqələrdən, əqidədən olan insanlar bir yerə toplanıb imamın fəzilətlərindən, ilahi xüsusiyyətlərindən danışırdılar. Hamı imamın gedişini müsəlmanlar üçün böyük bir itki sayırdı.
İmamın qüsl, kəfən və dəfn işləri ilə Osman ibn Səid Əmri məşğul oldu. Şiə e’tiqadına görə hər bir imamı ondan sonrakı imam dəfn etməli, onun üçün namaz qılmalıdır. Amma imam Həsən Əsgərinin (ə) vəfatından sonra xüsusi bir şərait yaranmışdı və təqiyyə gözlənilirdi. İkinci bir tərəfdən Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) naibi olaraq bu işləri görürdü. Əlbəttə ki, imamın vəfat etdiyi dövr və şərait əvvəlkilərdən fərqlənirdi. Übeydullah ibn Xaqan deyir: «İmamın cənazəsi dəfnə hazır olduqda xəlifə imamın cənazəsinə namaz qılmaq üçün qardaşı Əbu-İsa ibn Mütəvəkkili göndərdi. Cənazə namaz üçün yerə qoyulduqda Əbu-İsa cənazəyə yaxınlaşdı və həzrətin üzünü açıb onu ələvilərə, Abbasilərə, qazilərə, alimlərə və digər şahidlərə göstərdi və dedi: «Bu Əbu-Məhəmməd Əsgəridir ki, təbii şəkildə dünyasını dəyişmişdir. Onun təbii şəkildə öldüyünə qazilər, həkimlər, mə’murlar şəhadət verirlər». Sonra cənazənin üzünü örtdü, ona namaz qıldı və göstəriş verdi ki, cənazəni dəfn üçün aparsınlar.
Bu üsul abbasi hakimlərinin şiə imamlarına münasibətdə təcrübədən keçirdiyi bir üsul idi. Xalq, xüsusi ilə də şiələr bu üsulla az-çox tanış idilər.
Şeyx Səduqun nəql etdiyinə görə, bu namazdan qabaq evin daxilində həzrət üçün başqa bir namaz da qılındı. Xadim yataqdan bayıra çıxdı və imamın qardaşı Cə’fərə müraciətlə dedi: «Ey mənim ağam, qardaşınız kəfən edildi. Ona namaz qılın». Bu vaxt imam Mehdi (ə) göründü və dedi: «Mən atamın namazını qılmağa daha layiqəm».
Məşhur bir rəvayətə görə, imam Həsən Əsgəri (ə) Mö’təməd tərəfindən zəhərləndikdən sonra xəstələndi və rəbiul-əvvəlin səkkizində dünyasını dəyişdi. Buna əsasən də, imam Mehdinin (ə) imaməti həmin tarixdən götürülməlidir. Həzrət elə həmin vaxtdan da pərdə arxasındadır. Şübhəsiz ki, həzrət bir gün zühur edər və yer üzünü ədalətlə doldurar.
Dostları ilə paylaş: |