İMAMIN XÜSUSİYYƏTLƏRİ
Mühəddislər və tarixçilər həzrət Peyğəmbərdən (s) və mə’sum imamlardan nəql olunmuş rəvayətlərə əsasən öz kitablarında həzrət Mehdinin (ə) xüsusiyyətləri haqqında mə’lumatlar vermişlər. Onlardan bə’zilərini nəzərdən keçiririk.
Həzrət Mehdinin (ə) çöhrəsi gənc və buğdayı, qaşları hilal və dartılmış, gözləri qara və iri, çiyinləri enli, dişləri parıltılı, burnu gərilmiş və gözəl, alını uca və parlaq, sümükləri möhkəm, əlləri və barmaqları iri, yanaqları arıq və azca sarımtıl, sağ yanağında müşki bir xal, əzələləri möhkəm, saçları qulaqlarına tökülmüş, vücudu mütənasib və gözəl, görünüşü xoş və iki çiyni arasında peyğəmbər nişanəsi kimi bir nişanə.
Həzrət Peyğəmbər (s), İslamın girami xanımı həzrət Fatimə (s) övladı olması imam Mehdinin (ə) səciyyəvi xüsusiyyətlərindəndir. Onun iki qeyb dövrü olmuşdur. Həzrət yer üzündə zülm-sitəm ərşə dirəndiyi bir vaxt ədaləti bərpa edəsidir.
Bəli, Mehdi (ə) belə bir şəxsiyyətdir. Onun özünün, zühurunun dəqiq sadalanmış əlamətləri vardır. O hazırda qeybdədir. Həzrət Mehdi (ə) haqqın xəlifəsi, mütləq vəlidir. O, övliyaların sonuncusu, canişinlər canişini, son xilaskardır. O gələcək ki, Kə’bəyə istinad edərək peyğəmbər bayrağını əlinə alsın, Allahın dinini canlandırsın, bütün yer üzündə ilahi hökmləri rəhbər etsin. O, əlində qılınc gələr və yer üzünü bürümüş fitnə-fəsadın kökünü kəsər. Bütün yer üzündə mehribanlıq və ədalət hakim olar.
Həzrət (ə) qiyam və cihad, ibadət və təcəhhüd, xüzu və xüşu, zöhd və sadəlik, səbr və dözüm, ədalət və ehsan əhlidir. Həzrət (ə) elm və biliyin zirvəsi, ədalət və bərəkətin tə’minatçısıdır.
Həzrət Mehdinin (ə) xarakteri, tərbiyəvi, ictimai-siyasi və digər xüsusiyyətləri haqqında söhbətlərimizin davamında bəhs edəcəyik.
Dostları ilə paylaş: |