KİÇİK QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
Qeyd etdiyimiz kimi, imam Mehdinin (ə) ixtifa dövründən və imam Həsən Əsgərinin (ə) rehlətindən sonra iki növ qeybi olmuşdur. Kiçik qeyb adlanan birinci dövr ixtifa dövrü başa çatdıqdan sonra başlamış və altmış doqquz il davam etmişdir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamış və bu dövr hazırda da davam etməkdədir.
İmam Həsən Əsgərinin (ə) şəhadəti və həzrət Mehdinin (ə) imaməti ilə başlayan kiçik qeyb dövrü həzrətin dördüncü səfiri Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək:
1. Kiçik qeyb dövrü məhdud olmuşdur və yetmiş ilə qədər davam etmişdir. Bu dövr məhdud olduğu üçün kiçik qeyb dövrü adlanmışdır. Böyük qeyb dövrü hazırda da davam etdiyindən və onun müddəti yalnız Allaha mə’lum olduğundan bu dövrü böyük qeyb dövrü adlandırmışlar.
2. Kiçik qeyb dövründə imam Mehdi (ə) əksər insanlardan məxfi şəkildə yaşasa da, öz vəkilləri, səfirləri ilə təmasda olmuşdur. Hətta bu səfirlər bə’zi insanları imam Mehdi (ə) ilə görüşdürmüşlər.
Xalq öz suallarını dörd səfir vasitəsi ilə imama çatdırmış və onlardan cavab almışdır. Uyğun dövrdə müqəddəs nahiyədən dörd səfir vasitəsi ilə şiələrə göstərişlər verilmişdir.
Amma dördüncü səfir Səmərinin vəfatından sonra böyük qeyb dövründə bütün rabitələr kəsilmişdir. Səmərinin ölümündən bir neçə gün qabaq imam Mehdi (ə) ona həyatının başa çatması haqqında xəbər vermişdir. Yetmiş il əvvəl davam etmiş bu sayaq rabitələrə böyük qeyb dövründə təsadüf edilmir. İmamın bu izahatı haqqında növbəti söhbətlərimizdə danışacağıq.
3. Kiçik qeyb dövründə imamın dörd vəkil və ya nümayəndəsi olmuşdur. Bu dörd şəxs üçün biri o birinin ardınca vəkillik hökmü çıxarılmışdır. İmamın digər nümayəndələri bu dörd səfirdən göstəriş almışlar. Amma kiçik qeyb dövrü başa çatdıqdan sonra xüsusi bir nümayəndə olmamışdır. Mə’sum imamların göstərdiyi şərtlərə malik olanlar həzrətin ümumi nümayəndələri sayılmaqdadırlar. Ona görə də kiçik qeyb dövründən sonrakı dövrü fəqihlərin rəhbərlik və ya vəkillik dövrü kimi təqdim etmək olar.
4. Kiçik qeyb dövründə bə’zi insanlar həzrəti görüb tanıya bilərdilər. Böyük qeyb dövründə isə kimsə onu görmür, görənlər isə tanımırlar.
Hətta bə’zi xüsusi insanlar həzrəti görüb tanısalar, bu barədə başqalarına danışmaq haqqına malik deyillər. Yalnız həzrətin öz icazəsi ilə e’tibarlı şəxslərə bu barədə mə’lumat vermək olar.
Dostları ilə paylaş: |