SON FƏRMAN
Müqəddəs nahiyə tərəfindən son fərman Əli ibn Məhəmməd Səmərinin vəfatından altı gün qabaq verilmişdir. Bu fərmanda imam Mehdi (ə) Səmərinin vəfat tarixini bildirir və e’lan edirdi ki, bu səfirdən sonra xüsusi naib olmayacaqdır. Qeyd olunurdu ki, Səmərinin ölümü ilə kiçik qeyb dövrü başa çatır və böyük qeyb dövrü başlayır. Həmin bildirişdə deyilirdi: «Rəhman və Rəhim Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səməri! Allah sənin ölüm müsibətində din qardaşlarının mükafatını böyük edər. Altı gündən sonra dünyanı dəyişəcəksən. Öz hesab-kitabını qaydaya sal və naiblik, canişinlik haqqında kimsəyə vəsiyyət etmə ki, sənin yerində otursun. Çünki ikinci qeyb dövrü başlamışdır. Allah istədiyi günə qədər zühur olmayacaq. O, qəlblərin bərkləşəcəyi, yer üzünü zülm-sitəm bürüyəcəyi uzun bir müddətdən sonra baş verəcək. Çoxları müşahidə iddiası edəcək. Bil ki, Süfyaninin ayağa qalxmasından və Səmadan nida qopmasından qabaq kim məni gördüyünü iddia etsə, yalançıdır. Güc və qüdrət uca mərtəbəli Allaha məxsusdur».
Şeyx Səduq Əbu Məhəmməd Həsən ibn Əhməd Mükəttəbin dilindən yazır: «Biz Əli ibn Məhəmməd Səməri dünyasını dəyişəndə Bağdadda Mədinətus-Səlamda idik. Ölümdən bir neçə gün qabaq onunla görüşdük. O, həzrətin bu fərmanını bizə göstərdi. Biz imamın göstərişlərinin üzünü köçürdük və Əli ibn Məhəmməd Səmərini tərk etdik. Və’d olunmuş altıncı gün çatdıqda onun yanına getdik və ölüm yatağında olduğunu gördük. Ondan soruşdular ki, özündən sonra canişini kimdir, imam Mehdinin (ə) naibi kim olacaq? O dedi: «Allah öz istəyini yerinə yetirəcək. (Yə’ni kiçik qeyb dövrü başa çatmışdır və böyük qeyb dövründə imam Mehdinin (ə) xüsusi naibi olmayacaq; Bu Allahın iradəsidir). Bu sözləri deyib canını yaradana təslim etdi. Bu sözlər onun son sözləri oldu».
Bu tarixdən başlayaraq xüsusi naiblərlə imam Mehdi (ə) arasındakı əlaqə kəsildi və böyük qeyb dövrü başladı. Mə’lumdur ki, Əli ibn Məhəmməd Səmərinin vəfat tarixi hicri 329-cu il şə’ban ayının on beşinə təsadüf edir. Amma Şeyx Səduq onun üç yüz iyirmi səkkizinci ildə vəfat etdiyini bildirir.
Dostları ilə paylaş: |