İKİ NÖV RABİTƏ
Şiələr dörd naiblə iki növ əlaqə saxlayırdılar. Bu əlaqələrdən biri vasitəli, digəri isə vasitəsiz idi. Vəkalət qurumunun əsasını vasitəli rabitə təşkil edirdi. Çünki bu qurum Abbasilərin zülmündən aşkar fəaliyyət göstərə bilmirdi. Ona görə də xalqla rabitədə gizli yollardan istifadə olunurdu.
Bu rabitə növündə vəkillər vasitə rolu oynayırdılar. Xalq öz istəklərini vəkillərə bildirir, şər’i ödənclərini onlara çatdırırdılar. Vəkillər də öz növbəsində onlara verilmiş əmanəti imamın səfirlərinə təqdim edirdilər. Müqəddəs nahiyədən səfirlər vasitəsi ilə cavablar əldə olunurdu. Bu rabitə piramida şəklində təsəvvür edilərsə, səfir onun təpə nöqtəsini, vəkillər yan tərəfini, xalq isə oturacağını təşkil etmiş olar.
Bu piramidasayağı rabitə əvvəlcə Bağdad şiələri arasında qurulmuşdu. Uyğun rabitə sonra daha da genişləndi. Məhəmməd ibn Osmanın Bağdadda on vəkili vardı. Bunlardan biri də Hüseyn ibn Ruh idi. Bu adamlar Məhəmməd ibn Osmanın ticarət işlərində vəkilləri kimi tanınırdılar. Əslində isə onlar həzrət Mehdinin (ə) vəkalət qurumunda fəaliyyət göstərirdilər. İşin başlanğıcında hətta ətrafdakı böyük alimlər də imam Həsən Əsgərinin (ə) canişinliyindən xəbərsiz idilər. Məsələn, Məclisinin «Biharul-ənvar», Şeyx Tusinin «Əl-ğeybət» kitabında nəql etdiyi bir rəvayətə əsasən Məhəmməd ibn İbrahim Məhzyar Əhvazi imam Həsən Əsgərinin (ə) vəfatından sonra həzrət Höccəti (ə) tanımırdı. Yalnız bir neçə il ötdükdən sonra o, imamın canişinini tanımaq üçün İraqa səfər etdi.
Dinvərdə xalq imam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il ötməsinə baxmayaraq şər’i ödəncləri kimə verəcəklərini bilmirdilər. Onlar Əhməd ibn Məhəmməd Dinvərinin yanına gedib bu barədə soruşdular. Dinvəri belə cavab verdi: «Ey camaat, hələ ki vəziyyət mə’lum deyil. Hazırda kimin imamın səfiri və naibi olduğu bilinmir».
Dostları ilə paylaş: |