DÖRD NAİBİN VƏZİFƏLƏRİ VƏ MƏS’ULİYYƏTLƏRİ; HƏZRƏT MEHDİNİN VÜCUDU İLƏ BAĞLI ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI
Kiçik qeyb dövründə siyasi şərait ağır olduğundan şiələr imam Həsən Əsgərinin (ə) övladı olmasından xəbərsiz idilər. Əgər həzrət Mehdi (ə) məxfi həyat sürməsəydi, zalım rejim tərəfindən öldürülərdi. Hicri 360-cı ildə imam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdə yalnız ən yaxın adamlar həzrət Mehdinin (ə) varlığından xəbərdar idi. Dörd naibin, xüsusi ilə birinci səfirin ən mühüm vəzifələrindən biri bu idi ki, imam Həsən Əsgərinin (ə) övladı olduğunu şiələrə sübut etsin.
İmam Hadi (ə) və imam Həsən Əsgəri (ə) tərəfindən e’timadlı sayılan və imamiyyə şiələrinin böyüklərinin sədaqətli bildiyi Osman ibn Səid Əmri uyğun həssas dövrdə xalqın imam Mehdi (ə) ilə bağlı şübhələrini aradan qaldıra bildi. Eləcə də sübuta yetirdi ki, o, müqəddəs nahiyə tərəfindən xüsusi vəkildir. Bə’zənsə Osman ibn Səid Əmrinin gətirdiyi dəlillərlə kifayətlənmir və ondan kəramət, mö’cüzəyə oxşar bir şey istəyirdilər. Osman müqəddəs nahiyənin yardımları ilə insanları həqiqətə inandırırdı.
Məhəmməd ibn Yə’qub Sə’d Əş’əri Qummidən bu barədə belə nəql edir: «Qum şiələri arasında xüsusi məqama malik olan Həsən ibn Nəzr imam Həsən Əsgərinin (ə) vəfatından sonra tərəddüddə qaldı. O, Əbu-Səddam və başqaları ilə qərara gəldi ki, növbəti imamı axtarsınlar. Həsən ibn Nəzr Əbu-Səddama dedi: «Bu il həccə getmək istəyirəm». Əbu-Səddam ondan bu səfəri tə’xirə salmasını istədi. Amma Həsən ibn Nəzr yuxu görüb qorxduğunu və bu səbəbdən də hökmən həccə gedəcəyini bildirdi. O, yola çıxmazdan qabaq Əhməd ibn Yə’la ibn Həmmamdan imama çatası əmlak haqqında vəsiyyət etdi. Tapşırdı ki, imam Həsən Əsgərinin (ə) canişini mə’lum olanadək bu əmanətləri qorusun. O, Bağdada getdi və orada müqəddəs nahiyə tərəfindən verilmiş bir fərman əlinə keçdi. Beləcə, həzrət Mehdinin (ə) imamətinə və Osman ibn Səid Əmrinin xüsusi vəkilliyinə əmin oldu».
Osman ibn Səid Əmrinin dövründə bu vəzifəni yerinə yetirmək çox ağır idi. Digər səfirlərin fəaliyyəti zamanında həzrət Mehdinin (ə) imamlığı və səfirlərin tə’yinatı hansısa bir həddə şiələr üçün sübuta yetirilmişdir. Məhəmməd ibn Osmanın dövründə də müəyyən həddə şəkk-şübhələr vardı. Bu səbəbdən də uyğun mövzuda Məhəmməd ibn Osmandan rəvayətlər nəql olunmuşdur.
Dostları ilə paylaş: |