Dörd naibin mühüm vəzifələrindən biri də fiqhi və e’tiqadi suallara cavab verilməsi idi. Onlar bə’zən bu ehtiyacın ödənilməsi üçün imamla gizli görüşlərini açıqlamalı olurdular. Bə’zən müqəddəs nahiyə tərəfindən verilmiş fərman vasitəsi ilə şübhələr aradan qaldırılırdı. Bə’zən də fiqhi və e’tiqadi suallar imama ərz edilir və alınmış cavab şiələrə bildirilirdi. Misal olaraq İshaq ibn Yə’qubun və Qum əhlinin dördüncü səfirə ünvanlanmış suallarını göstərmək olar. Səfir sualları imama ərz edib, aldığı cavabları ünvanına çatdırdı. Bə’zən isə mübahisəli məsələlərdə həqiqəti üzə çıxarmaq üçün imam Mehdidən (ə) dəlillər öyrənilir və bəyan olunurdu.