VƏKİLLİK İDDİASINDA OLAN FIRILDAQÇILARLA MÜBARİZƏ
Dörd naibin vəzifələrindən biri də vəkillik iddiasına düşmüş fırıldaqçılarla mübarizə aparmaq, onları ifşa etmək idi. Peyğəmbər və imamların əsas məqsədi insanların hidayəti, doğru yola sövqü olduğundan xalqın fırıldaqçılar tərəfindən aldadılmasının qarşısı alınmalı idi. Ona görə də imamın xüsusi səfirləri fırıldaqçılarla mübarizə aparır, mümkün çaşqınlıqların qarşısını alırdılar. Bu istiqamətdə fəaliyyətin əsasını imam Mehdinin (ə) xüsusi naiblərinin tanıtdırılması təşkil edirdi.
Yetmiş illik kiçik qeyb dövründə bir çox fırıldaqçılar ifşa edildi. Belələrinə misal olaraq Hüseyn ibn Mənsur Həllacı, Məhəmməd ibn Əli Şələmğanini, ibn Əzaqiri, Əbu-Bəkri, Məhəmməd ibn Müzəffəri və başqalarını göstərmək olar. Dörd naib hər biri öz növbəsində belələrinə qarşı mübarizə aparır və müqəddəs nahiyədən fərmanlar alırdılar. Bu yalançı zümrənin işinin mahiyyətinin açıqlanması imamiyyə şiələrini çaşqınlıqdan qoruyurdu. Nəticədə xalq dörd naibin səfirliyinə daha çox e’timad göstərirdi. Uyğun məsələ ilə bağlı verilmiş fərmanlardan bə’zilərini nəzərdən keçirək: Əhməd ibn Hilal Kərxi yolunu azdıqda və bə’zi dini zərurətləri inkar etdikdə, eləcə də, Məhəmməd ibn Osman Əmrinin naibliyinə qarşı çıxdıqda müqəddəs nahiyə tərəfindən fərman verildi. Həmin fərmanda imam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə xitabən buyurdu: «Biz ibn Hilal və ondan uzaqlaşmayan hər bir kəsə arxa çeviririk. Allah onu bağışlamasın. Sən İshaqı və onun həmvətənlərinə dediklərimi e’lan et. Hər kəs səndən İbn-Hilal haqqında soruşsa, əhvalatı danış».
Eləcə də, Məhəmməd ibn Osman Səid Əmrinin səfirliyi dövründə naiblik iddiası edən Əbu-Məhəmməd haqqında müqəddəs nahiyə tərəfindən fərman verildi və onun kimliyi şiələrə açıqlandı.
Dostları ilə paylaş: |