VAQİFİYYƏ
Hicri 183-cü ildə imam Kazim (ə) dünyasını dəyişdikdən sonra onun bir qrup yaxın adamı və müxtəlif nöqtələrdəki vəkilləri iddia etdilər ki, imam sağdır, sadəcə, nəzərlərdən gizlidir. Guya o, tezliklə qaim adı ilə zühur edib, ədalətli bir İslam hökuməti quracaq. Onlar əvvəlcə imamın səkkiz aydan sonra zühur edəcəyini bildirirdilər. Bir qrup şiə onların bu baxışını müdafiə edirdi. İmam Kazimin (ə) qaim olduğuna və ondan sonra heç bir canişinin olmamasına inananlar şiələr arasında «vaqifiyyə» ardıcılları kimi tanınmağa başladılar. Vaqifiyyə məsləkində olanlar arasında tanınmış alimlər və mühəddislər də vardı. Bə’zi şiə alimləri vaqifiyyə məzhəbinin hicri beşinci əsrdə məhv olub getdiyini təsəvvür etsələr də, ən azı hicri altıncı əsrin ortalarınadək bu məzhəbin ardıcılları mövcud idilər.
İmam Kazimin (ə) ən yaxın tərəfdarlarından və vəkillərindən ibarət olan vaqifiyyə başçıları ilə tanış olaq: Əli ibn Əbu-Həmzə Bətaini, Osman ibn İsa Ərrəvasi, Ziyad ibn Mərvan əl-Qəndi, Əhməd ibn Əbu-Bəşər əl-Sərrac, ibn Əbu-Səid əl-Məkari, Mənsur ibn Yunus Bəzərc.
Bu vəkillərin ixtiyarında şiələrin imam Kazimə (ə) göndərdiyi dini haqlar toplanmışdı. Təbii ki, həzrətin vəfatından sonra bu əmlak onun canişini imam Rizaya (ə) təhvil verilməli idi. Amma yuxarıda adı sadalanan vəkillər ixtiyarlarında olan əmlaka tamah salaraq, imam Rizanın (ə) canişinliyini inkar etdilər. Vəkillərin belə bir məqsəddə olduğunu müxtəlif rəvayətlər təsdiqləyir. Bu rəvayətlərdən biri də Yunus ibn Əbdür-Rəhman tərəfindən nəql olunmuşdur. Rəvayətin məzmunu belədir: «İmam Kazimin vəfatından sonra onun vəkillərinin ixtiyarında böyük miqdarda əmlak toplanmışdı. Vaqifiyyə söhbətinin ortaya atılmasının və imamın vəfatının inkar olunmasının səbəbi həmin bu əmlak idi. Məsələn, Ziyad ibn Mərvan Qəndinin ixtiyarında yetmiş min, Əli ibn Əbu-Həmzənin ixtiyarında otuz min dinar toplanmışdı». Yunus ibn Əbdür-Rəhman vəkillərin bu çaşqınlığını müşahidə etdikdən sonra xalqı imam Rizanın (ə) imamətinin qəbuluna də’vət etmişdir. Onun bu çağırışlarından xəbər tutan Əli ibn Əbu-Həmzə və Ziyad ibn Mərvan Yunusa on min dinar təklif edərək bu çağırışlardan çəkinməsini istəmişlər. Yunus onların cavabında demişdir: «İmamlardan rəvayət olunmuşdur ki, ortaya bid’ət çıxdıqda bundan agah olan şəxs bildiyini izhar etməlidir. Əgər belə etməsə, Allah iman nurunu ondan alar. Mən heç bir halda cihad və ilahi göstərişə arxa çevirmərəm». Həmin iki şəxs Yunusun cavabını eşitdikdən sonra onunla düşmənçiliyə başlamışlar.
Vaqifiyyə başçılarını doğru yoldan sapdıran səbəblərdən biri də onların imam Rizanın (ə) məqamına həsəd aparmaları ola bilər. Əlbəttə ki, vaqifiyyə başçılarının iddialarına qəlbən inananlar da olmuşdur. Vaqifiyyə başçıları öz iddialarını xalqın beyninə yeritmək üçün bütün vasitələrdən istifadə edirdilər. Nəql olunur ki, Məhəmməd ibn Bəşir insan formalı bir müqəvva düzəldib, onu müxtəlif üsullarla hərəkətə gətirər və avam adamların beyninə yeridərdi ki, bu imam Kazimdir. İmam Riza (ə) bu hərəkətinə görə Məhəmməd ibn Bəşirin qanını halal buyurmuşdu. İmam (ə) Əli ibn Hədid Mədainiyə buyurmuşdu: «Əgər bacarsan, onu qətlə yetir. İmkanın olduğu halda onu öldürməsən, günahkar olacaqsan».
Dostları ilə paylaş: |