BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏLƏR
Abbasilərin amansızlığı və ələvilərin ardıcıl qiyamları mövcud hakimiyyətin sütunlarını laxlatdı və şiə dövlətlərinin zühuru üçün şərait yarandı. Bu şərait şiə məzhəbinin azad təbliği üçün də münasib idi.
Hicri IV əsrdə Ərəbistan yarımadasının böyük şəhərlər istisna olmaqla əksər hissəsində şiələr sakin idi. Sünnə əhlinin mərkəzi sayılan Bəsrənin də əhəmiyyətli bir hissəsi şiələrdən ibarət idi. Trablosda, Nablosda, Təbəriyyədə, Hələbdə və Həratda şiələr çox idi. Əhvaz və Fars körfəzinin sahillərində şiələr məskunlaşmışdı.
Bağdad, Bəsrə və Nişabur kimi böyük şəhərlərdə tez-tez şiələr və sünnilər arasında çəkişmələr olardı.
Hicri 5-9-cu əsrlərdə şiəlik genişlənir və şiə dövlətləri iş başına gəlirdi. İranın mərkəz hissəsində yüz əlli ilə yaxın İsmailiyyə hakimiyyətdə oldu. Mər’əşi seyyidləri səkkizinci əsrin ortalarından doqquzuncu əsrin ortalarınadək Mazandarandan Qəzivinədək ərazilərdə hakim oldu. Monqol xanlarından olan sultan Məhəmməd Xudavəndi şiəliyi qəbul etmişdi. Ondan sonra sultanlar arasında şiəlik yayılmağa başladı. Əllamə Hilli və onun oğlunun nüfuzu sayəsində şiəliyin hüdudları daha da genişləndi, inqilabi əhli-beyt məktəbi formalaşmağa başladı.
Təbrizdə Qaraqoyunlu və Ağqoyunlu sultanları hakimlik etmiş, Fars və Kirmanadək məntəqələr onların hakimiyyəti altında olmuşdur.
Ali-Əyyub sultanlarının gəlişi ilə Misir və Şam şiələri dini azadlıqlarını itirmiş və bir çox şiələr qılıncdan keçirilmişdir. Şəhide-əvvəl adı ilə tanınmış Məhəmməd ibn Məkki Amili kimi şiə fəqihi hicri 786-cı ildə Dəməşqdə öldürülmüşdü. Şeyxe-İşraq (Şəhabəddin Söhrəvərdi) Hələbdə fəlsəfə ilə məşğul olduğu üçün günahlandırılaraq qətlə yetirilmişdir.
Bu beş əsr ərzində şiələrin vəziyyəti sultanların məzhəb və qüdrətindən asılı olmuşdur. Uyğun zaman kəsiyində heç bir məntəqədə şiə məzhəbi rəsmi məzhəb kimi e’lan olunmamışdır.
Hicri X əsrin başlanğıcında şiə məzhəbindən olan İsmail Səfəvi öz qiyamına Ərdəbildən başlamışdır. O bir çox döyüşlər apararaq parçalanmış İranı vahid dövlət şəklinə gətirmiş və şiə məzhəbini rəsmi hökumət məzhəbi e’lan etmişdir. On ikinci əsrin ortalarınadək səfəvilər şiə məzhəbini rəsmi məzhəb sayaraq hakim olmuşlar.
Şah Abbas Kəbir ölkənin sahəsini və cəmiyyətini indikindən iki dəfə artıq həddə çatdıra bilmişdir. Şiə məzhəbi hicri on dördüncü əsrədək İranda rəsmi məzhəb sayılmışdır. Hazırda Yəmən və İraq cəmiyyətinin əksəriyyətini şiələr təşkil edir. Əksər müsəlman ölkələrində şiələr məskunlaşmışdır. Dünyadakı müsəlmanların sayı çoxdan bir milyardı aşmışdır.
Hicri on beşinci əsrin əvvəllərində uzun-uzadı mübarizələrdən sonra mütərəqqi «vilayəte-fəqih» nəzəriyyəsi əsasında İranda şiə İslam hökuməti qurulmuşdur.
Dostları ilə paylaş: |