BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
İslam təfəkkür, düşüncə, elmi və mə’nəvi təkamül dinidir. Qur’an ayələri, İslam peyğəmbəri və onun haqq canişinlərinin hədisləri başdan başa elm və mə’rifət, hidayət və qurtuluşdur.
İslam dini insan və Allah, insanla onun özü, insanla cəmiyyət və təbiət arasındakı düzgün rabitəni müəyyənləşdirir. İlahi kəlamlarda insanın mə’nəvi təkamülünün tə’mini üçün ən üstün elmi və tərbiyəvi, ictimai və siyasi nizam tanıtdırılır. Agahlıq və dəlillər yolu ilə insanın inkişafı üçün şərait yaradılır. Mə’nəvi inkişafa mane ola biləcək daxili və xarici səbəblər insana tanıtdırılır və bu maneələrin aradan qaldırılmasında insanın bütün imkanları səfərbər edilir.
Ona görə də insanın ağıl, fitrət kimi daxili imkanları önə çəkilir, sonra isə diqqət ailə və cəmiyyət kimi xarici amillərə yönəldilir. İnsanın təkamülünə mane olacaq cəhalət, qürur, nəfsə itaət kimi xarici və daxili amillərlə mübarizəyə çağırılır.
Həmin bu məqamda da təkamülün maneələri ilə ideoloji və siyasi mübarizə başlayır. Təhrif olunmamış Məhəmmədi İslam qanunlarının hakimiyyəti İslamın son məqsədi kimi tanıtdırılır.
İnsanların ideoloji və siyasi baxışlarının formalaşdırılması həzrət Peyğəmbərin dövründə onun öhdəsinə idi. Həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra bu vəzifə imamların çiyninə düşdü. Qeyb dövründə isə ləyaqətli alimlər imamət və mərcəiyyət (ideoloji və siyasi istiqamətləndirmə) kimi iki mühüm əsası öhdəyə götürdülər. Mə’sum imamların vəzifələri məcmusuna nəzər salmaqla böyük qeyb dövründəki nümayəndələrin də vəzifəsi mə’lum olur.
İslam Peyğəmbəri insanın dünya həyatı və axirət səadətinin tə’mini üçün kamil bir din gətirməkdən əlavə, siyasi bir nizam, ilahi bir dövlət də tə’sis etdi. Elə bir ümmət formalaşdırdı ki, bu ümmət onun tə’limlərindən agah oldu, Allah və onun rəsulunun göstərişlərinə itaət etdi. Peyğəmbər dünyasını dəyişdikdən sonra kamil dinin, yeni tə’sis olunmuş dövlətin hifzi onun haqq xəlifələrinə tapşırıldı. Qur’ni-kərimin təfsiri, cəmiyyətin ehtiyaclı olduğu hökmlərin aydınlaşdırılması, dövlət və ümmətin təhlükələrdən qorunması, e’tiqadi, əxlaqi və əməli dəyərlərin müdafiəsi mə’sum imamların vəzifələrindəndir. İmamların ideoloji və siyasi rəhbərliyi tarixdə aydın şəkildə əks olunmuşdur. Bəli, onların İslam cəmiyyəti üçün layiqli rəhbər olmasına tarix şahiddir.
İmamların ağır missiyası, onların böyük qeyb dövrü və onun tələblərindən xəbərdar olmaları bu dövrdə insanların ideoloji və siyasi baxımdan istiqamətləndirilməsi üçün onlardan yeni bir münasibət tələb edirdi. Onların sə’ylərinin əsas bir hissəsi İslam dünyasının gələcəyi üçün rəhbər kadrların tərbiyəsinə həsr olunmuşdu. Bu əsasla da şiələr və mə’sum imamların ardıcılları bütün islami elmlərin banisi sayılmış, uyğun istiqamətdə mühüm rol oynamışlar. İslamın həqiqi simasının ilkin müdafiəçiləri şiə alimləri olmuşlar. Onların bir çoxları bu yolda canlarından keçmiş, şəhadət şərbətini içmişlər.
Şiə alimlərinin mübarizəsi ictimai həyatın müxtəlif sferalarını əhatə etmişdir. Onlar xarici və daxili düşmənlərlə həm silah, həm də elm vasitəsi ilə vuruşmuşlar. Belə ki, qeyb dövrünün müxtəlif mərhələlərində ali məqamlı şiə alimləri mübarizə meydanını boş qoymamışlar.
Dostları ilə paylaş: |