ƏLƏVİLƏRİN QİYAMLARI
Həmin bu dövrdə peyğəmbər ayinlərini əsas tutaraq ələvilər də bir çox qiyamlar qaldırdılar. Onlar öz qiyamları ilə xəlifələrin həddi aşmış zülmünə e’tiraz edir, xəlifələrin bütün nöqtələrində səslərini qaldırırdılar.
Uyğun qiyamlar haqqında danışmazdan qabaq xəlifələrin bu dəstədən olan insanlara etdiyi zülmlərə nəzər salaq. Xəlifə Mütəvəkkil rəsmi olaraq Əli (ə) övladlarını düşmən tuturdu. Mütəvəkkilin ələvilərə etdiyi zülmün bütün xəlifəlik dövründə misli görünməmişdi. O, ələviləri iqtisadi mühasirəyə alır, onlara ehsan edilməsinə icazə vermir, göstərişini pozanları ciddi cəzalandırırdı. Onun cəzasından qorxan xalq ələvilərə yardım etməkdən çəkinirdi. Ələvilər elə bir yoxsulluq həddinə çatmışdılar ki, bütün ələvi qadınların yalnız bir köynəyi vardı. Onlar bu köynəyi növbə ilə geyib namaz qılardılar. Bəli, çılpaq qalmış qadınlar çadırları tərk edə bilmirdilər. Elə həmin dövrdə Mütəvəkkil eyş-işrətə kisə-kisə pul xərcləyib, rəqqasələrin ayağı altına qızıl dinarlar səpirdi.
Həmin dövrün böyük yazıçısı Əbu Bəkr Xarəzmi Abbasilərin ələvilərə etdiyi zülmləri qələmə alaraq, Mütəvəkkilin cinayətləri haqqında belə deyir: «Hidayət rəhbərlərindən bir rəhbər, Peyğəmbər ailəsindən bir seyyid dünyadan getdikdə kimsə onun dəfnində iştirak etmir, ona qəbir qazılmır. Amma Abbasilərin təlxəyi öləndə özünü ədalətli sayan böyüklər, qazılar onun dəfnində iştirak edirlər. Peyğəmbər ailəsinin fədakar nümayəndələri məzlumiyyətdə qaldığı halda, təlxəklər üçün əzadarlıq mərasimləri qurulur! Yolunu azmışlar Abbasilərin əzizidir. Onlar yalnız şiələri qətlə yetirir, övladının adını «Əli» qoyanı qanına qəltan edirlər.
Mütəvəkkilin on iki min kənizi vardı. Amma peyğəmbər ailəsindən olan seyyidlər bir kəniz saxlamaq imkanından məhrum edilmişdi. Xümsün halal, sədəqənin haram olduğu peyğəmbər ailəsi fəqirliyin son həddində həlak olurdu. Biri qılıncını, o biri libasını girov qoyurdu. Onların yeganə günahı peyğəmbər nəslindən olmaları idi. Onlar yalnız Fatimə (s) övladları olduqları üçün əzaba düçar edilirdilər. Axı imam Hüseynin (ə) qəbrini şumlamış, oranı əkin sahəsinə çevirmiş bir qövm haqqında nə deyim!»
Mütəvəkkil Misirdəki hakiminə ələvilərlə aşağıdakı qaydalarda rəftar etməyi göstəriş vermişdi: «Heç bir ələviyə heç bir mülk verilməsin, heç bir ələvi atla gəzməsin və başqa şəhərlərə getməsin; ələvilərin birdən artıq qulu ola bilməz; əgər ələvi ilə qeyri-ələvi arasında mübahisə olarsa, qazı əvvəlcə qeyri-ələvini dinləsin, sonra ələvinin dediklərinə qulaq assın».
Mütəvəkkil ələvilərə imam Hüseynin (ə) qəbrini ziyarət etməyi və ümumiyyətlə Kufə şəhərinə yaxınlaşmağı qadağan etmişdi. Heç bir şiə müqəddəs məkanları ziyarət edə bilməzdi. Göstəriş verilmişdi ki, imam Hüseynin (ə) məzarı xaraba qoyulsun və qəbrin yerləşdiyi ərazi şumlanıb əkilsin. Mütəvəkkil imam Hüseynin (ə) qəbrini su altında qoymaq istəsə də, həmin əraziyə buraxılmış su qəbir ətrafında dövrə vurub dayandı. Əliyə (ə) tərəfdar olan istənilən bir şəxsin mülkü müsadirə edilir, özü qətlə yetirilirdi. Mütəvəkkil həzrət Əliyə (ə) münasibətdə o qədər kinli idi ki, öz xidmətçilərini Əliyə (ə) oxşadaraq, məclisdə oxudub-oynadar, məsxərəyə qoyardı.
Təkcə Mütəvəkkil yox, elə başqa abbasi xəlifələri də şiə imamlarının və onların tərəfdarlarının qanına susamışdılar. Bu dövrdə şiə imamları qısa ömür sürmüş, xəlifələr tərəfindən şəhadətə yetirilmişlər. İmam Cavad (ə) 25 il, imam Hadi (ə) 41 il, imam Həsən Əsgəri (ə) 28 il həyat sürmüşdür. Hansı ki, imamların hər hansı qiyamda iştirak etməsi haqqında heç bir dəlil sübut olmamışdır.
Biz bə’zi qiyamlarda imamların rolundan, onların abbasi xilafətinin sütunlarını sarsıtmaq üçün gördüyü işlərdən, ələvilərin müdafiəsində tutduqları mövqedən danışmadan, həmin dövrdə baş vermiş qiyamları və bu qiyamların rəhbərlərinin adlarını sadalamaqla kifayətlənirik. Bu qiyamlar Mö’təsimin xəlifəliyindən Mö’təmidin xəlifəliyinin sonunadək yarım əsri əhatə edir:
1. Məhəmməd ibn Qasimin qiyamı; bu şəxsin künyəsi Əbu-Cə’fər olmuşdur. O daha çox sufi ləqəbi ilə tanınır. Çünki həmişə ağ yundan libas geyərmiş. Məhəmməd elm, fiqh, din və zöhd əhli olmuş, gözəl əxlaqı ilə seçilmişdir. O öz danışıqlarında daim ədalət və tövhidin müdafiəsinə qalxmış, zeydiyyə, carudiyyə əqidəsinin tərəfdarı olmuşdur.
O, Mö’təsimin dövründə Taliqanda qiyam qaldırdı. Əbdüllah ibn Tahir hicri 219-cu ildə onu həbs etdi və Mö’təsimin hüzuruna göndərdi. Məhəmməd xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət edirdi. Bə’zilərinin fikrincə, ona zəhər verilmişdir. Bə’zi zeydiyyə ardıcılları onun imam olduğuna inanırlar. Bə’ziləri isə onun sağ olduğuna və bir gün zühur edəcəyinə inamlı idilər. Məhəmməd zeydiyyə firqəsi tərəfindən qeybdə olan Mehdi (ə) kimi qəbul olunur.
Dostları ilə paylaş: |