On ikinci imamın (ə) qeybə çəkilmə hadisəsini araşdırarkən bu mövzuda yazılmış kitablardan, eləcə də bə’zi rical və tarix kitablarından istifadə etmək olar. Hər üç mənbəni qısa şəkildə araşdıracağıq.
QEYB MÖVZUSUNDA YAZILMIŞ KİTABLAR
Bu mövzuda yazılmış kitabları üç qrupa bölmək olar. Bu kitablardan bir qismi on birinci imam Həsən Əsgərinin (ə) həyatı dövründə yazılmış kitablardır. Digər iki qrup kitab kiçik qeyblə böyük qeyb arası və böyük qeyb dövründən bu günədək yazılmış kitablardır.
1. İmam Həsən Əsgərinin (ə) şəhadətindən1 qabaq yazılmış kitablar.
İmamların səhabələri və şagirdləri on bir imamın həyatı dövründə dörd yüzə yaxın kitab yazmışlar. Bu kitablar «Dörd yüzlük üsul» («Əl-üsulul-ərbəə miət») adı ilə məşhurdur. Bu kitablar növbəti IV və V əsrlərdə şiə rəvayətləri toplumunun əsasını təşkil etmişdir. Bu kitabların bə’zilərində peyğəmbərlər və imamlardan imam Mehdinin (ə) qeybi ilə bağlı hədislər nəql olunmuşdur. Nümunə olaraq imamiyyə kitablarından doqquzuncu və onuncu imamın vəkili Əli ibn Məhzyarın «Əl-məlahim» və «Əl-qaim» kitablarını, Həsən ibn Məhbubun «Əl-məşixə» kitabını, Fəzl ibn Şazanın «Əl-ğeybət» kitabını göstərə bilərik.
2. Kiçik qeyb («Ğeybəte-Suğra») dövründə, yə’ni hicri 239-260-cı illərdə yazılmış kitablar.
Bu kitabların əksəri əvvəlki dövrə aid mənbələrə əsaslanmışdır. Bu dövrə aid əsərlərin müəllifləri on ikinci imam (ə) vasitəsi ilə rəhbərlik edilən vəkalət qurumunda məxfi fəaliyyət göstərən fəqihlər və təbliğatçılar olmuşdur. Ona görə də bu kitablarda qeyd olunan mühüm mə’lumatlarla tarix kitablarında rastlaşmaq mümkünsüzdür. Bu kitablara nümunə olaraq, İbrahim ibn İshaq Nəhavəndinin «Əl-ğeybət», Əbdüllah ibn Cə’fər Həmirinin «Əl-ğeybət vəl-heyrət», İbn-Babəvəyhin «Əl-imamət vət-təbsirə minəl-heyrət» kitablarını göstərmək olar. Məşhur İslam alimi Kuleyni də öz «Kafi» kitabının mühüm bir hissəsini «Əl-höccət» adı altında qeyb məsələlərinə həsr etmişdir. Kuleyni öz mə’lumatlarında imamlar haqqındakı ümumi mə’lumatlara, həmin dövrdə imamın səfirlərinə istinad etmişdir. Kuleyni on ikinci imamın (ə) qeybi haqqında imamlardan nəql olunmuş hədisləri toplamışdır. O, öz kitabında verdiyi mə’lumatları qədim vaqifiyyə və imamiyyə yazıçılarından, eləcə də Həsən ibn Məhbub, Əbdüllah ibn Yəqub Usfuri, Həsən ibn Səmaətdən nəql etmişdir. İmamiyyənin məfxi fəaliyyətləri haqqında on ikinci imamın vəkillərinin rəvayətləri əsas götürülmüşdür.
3. Hicri 329-cu ildən başlayaraq böyük qeyb dövrü ilə bağlı yeni bir tarixin əsası qoyulur.
İmamın qeybi uzun çəkdiyindən və günün suallarına cavab vermək zəruəti yarandığından başqa yazılara da ehtiyac duyulmalıdır. Bu səbəbdən də şiə fəqihləri və alimləri uyğun mövzuda çox dəyərli əsərlər yazmışlar. Bu dövrün əsərlərini imamiyyə məzhəbində olanlar üçün əqidə əsası kimi götürmək olar. Həmin dövrün beş əsəri ilə tanış olaq: No’maninin «Əl-ğeybət», Səduqun «Kəmalud-din və Təmamun-ne’mət», Şeyx Müfidin «Əl-Füsulul-işrət fil-ğeybət» və «Əl-irşad», Şeyx Tusinin «Əl ğeybə» əsərləri.
Dostları ilə paylaş: |