SİYASİ VƏZİYYƏT; İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) MƏDİNƏDƏN SAMİRRAYA KÖÇÜRÜLMƏSİ VƏ CİDDİ NƏZARƏT ALTINA ALINMASI
İmam Həsən Əsgəriyə (ə) qarşı, eynən bir vaxt Mə’munun imam Riza (ə) və imam Cavada (ə) qarşı yürütdüyü siyasətlər izlənilirdi. Mütəvəkkil imam Hadiyə (ə) qarşı hansı tədbirləri görmüşdüsə, imam Həsən Əsgəriyə (ə) qarşı da eyni tədbirlər görülürdü. Onu saraya gətirib, fəaliyyətlərini məhdudlaşdırmaq, onunla şiələr arasında ayrılıq salmaq istəyirdilər. Həzrət öz atası kimi nəzarət altında idi. Həzrət bazar ertəsi və cümə axşamları günləri sarayda xəlifə ilə görüşməli idi.
Hələ bir vaxt imam Hadiyə (ə) qarşı uyğun tədbirlərin görülməsi səbəbi onun Mədinədəki fəaliyyətlərinin Mütəvəkkili narahat etməsi idi. O vaxt imam Hadi (ə) məcburi şəkildə Mədinədən Samirraya gətirildi və ciddi nəzarət altına alındı. Bə’zən silah axtarmaq bəhanəsi ilə imamın otağına soxulub axtarış aparardılar.
İmam Hadidən (ə) sonra imam Həsən Əsgəri (ə) iyirmi iki yaşında imamət məs’uliyyətini öhdəsinə götürdü və iyirmi səkkiz yaşından şəhadətinədək Samirrada xəlifənin mə’murlarının nəzarəti altında oldu.