Mə’sudi yazır: «Mütəvəkkil yalnız şiə olduqları üçün İshaq ibn İbrahimi Samirra, Sirvanı Cəbəl hakimliyindən uzaqlaşdırdı. Eyni bəhanə ilə bir çox başqa insanlar da tutduğu vəzifələrdən kənarlaşdırıldılar. Onların əksəri təsdiq edirdilər ki, uyğun məhrumiyyətlərin səbəbi onların imamla ünsiyyətdə olması idi.
Mütəvəkkil Hüseyn (ə) övladlarına məxsus olan fədək torpaqlarını müsadirə etdi. Seyyid ibn Tavusun yazdığına görə, Fədək mülkünün gəliri iyirmi dörd min dinar təşkil edirdi. Mütəvəkkil Fədəki öz əlaltılarından olan Abdullah ibn Bəzyara bağışladı. Hicaz əhlinə ələvilərlə istənilən bir yaxınlıq və iqtisadi yardım qadağan edilmişdi. Əbül-Fərəc İsfəhani yazır: «Mütəvəkkil ələviləri iqtisadi sıxıntıya salırdı. Onlara yardımı qadağan edirdi. Onun bu göstərişinə qarşı çıxanlar ciddi cəzalandırılırdılar».