İMAM ƏLİ (Ə)
Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-mö’minin Əli ibn Əbi-Talibin (ə) yanına getdim. O, gözünü yerə dikib dərin fikrə getmişdi. Ərz etdim ki, ya Əmirəl-mö’minin (ə), yoxsa yerə rəğbətiniz var. Həzrət buyurdu: «Yox, vallah! Heç vaxt nə yerə, nə də dünyaya rəğbətim olub. Məndən olan on birinci övladım haqqında düşünürəm. Yer üzündə ədaləti bərpa edəcək Mehdi odur. O, qeybə çəkiləcək və bu qeyb ilə əlaqədar kimi hidayət olacaq, kimi yolunu azacaq». Əsbəğ deyir. Ərz etdim ki, belə bir iş olacaqmı? Həzrət buyurdu: «Bəli! Bu qəti bir işdir. Sən hara, belə bir məsələdən xəbərdarlıq hara?! Ey Əsbəğ! Onlar bu ümmətin seçilmişləridir və bu ailənin böyükləri olacaqlar». Ərz etdim ki, bəs ondan sonra nə olacaq! Buyurdu: «Sonra Allah öz iradəsini yerinə yetirəcək. Çünki Onun istəkləri və məqsədləri var».
Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, həzrət Əli (ə) belə buyurmuşdur: «Bizdən olan qaim üçün uzun bir qeyb dövrü var. Şiələri qaimin qeyb dövründə çoban ardınca gedən və onu tapa bilməyən sürü kimi görürəm. Hər kəs qaimin qeyb dövründə dinində möhkəm olsa, qeyb uzun çəkdiyindən qəlbi bərkiməsə, həmin şəxs qiyamət günü mənimlə və mənim dərəcəmdə olar. Sonra imam buyurdu: «Həqiqətən, bizim qaim qiyam edəndə onun öhdəsində kimsənin bey’əti yoxdu. Ona görə də məxfi şəkildə doğulmuş və özü qeybə çəkilmişdir».
Dostları ilə paylaş: |