Əbu-Xalid Kabuli imam Səccaddan (ə) müfəssəl bir rəvayət nəql etmişdir. Rəvayətin xülasəsi belədir: «İmam Səccada (ə) ərz etdim ki, itaəti vacib edilmiş şəxslər haqqında mənə xəbər verin. Həzrət buyurdu: «Allah tərəfindən xalqın itaət etməsi vacib edilmiş kəslər Əmirəl-mö’minin Əli ibn Əbi-Talib, Həsən və Hüseyn, Əlinin iki övladlarıdır». Ərz etdim ki, ey mənim ağam, yer üzünün ilahi höccətsiz qalmayacağı rəvayət edilib. Səndən sonra höccət və imam kimdir? Həzrət buyurdu: «Övladım Məhəmməd, sonra Cə’fər». Sonra həzrət Peyğəmbərdən nəql olunmuş rəvayətə işarə edərək buyurdu: «Övladım Cə’fər dünyaya gələndə onun adını Sadiq qoyun. Çünki onun beşinci övladının adı Cə’fər olacaq və o yalandan imamlıq iddiası edərək Cə’fəri-Kəzzab (Yalançı Cə’fər) kimi tanınacaq. Allahın vəlisinin qeybi zamanı ilahi pərdəni kənara çəkmək istəyən odur». Sonra imam Səccad (ə) ağlayıb buyurdu: «Sanki Allahın vəlisinin əmrinin təftişinə təhrik edən Cə’fəri görürəm.» Sonra buyurdu: «Allahın vəlisinin, peyğəmbər vəsilərinin on ikincisinin qeybi uzun çəkəcək. Ey Əba-Xalid! Həqiqətən, qeyb dövründə onun imamlığına inananlar və zühurunun intizarını çəkənlər bütün dövrlərin əhalisindən üstündürlər. Çünki onlar ağıl və düşüncələrinin çoxluğundan sanki qeybi müşahidə edirlər. Allah-təala onları peyğəmbər yanında cihad edənlər dərəcəsində qərar vermişdir. Onlar, doğrudan da, ixlaslı və həqiqi şiələrdir, eləcə də, Allahın dininə doğru də’vət edirlər. Ən böyük qurtuluş Fərəc (imamın zühuru) intizarıdır».