İMAM SADİQ (Ə)
İmam Baqirə (ə) nisbətən uyğun mövzuda imam Sadiqdən (ə) daha çox rəvayət nəql olunmuşdur. Bu rəvayətlərdə imamın qeybinə, onun xüsusiyyətlərinə daha çox toxunulmuşdur. Bu rəvayətlərdən bə’zilərini nəzərdən keçirək:
Səfvan ibn Mehran nəql edir ki, imam Sadiq (ə) buyurdu: «Bütün imamları qəbul edib, həzrət Mehdini (ə) inkar edən kəs bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən şəxs kimidir». Həzrətdən sual olundu ki, Mehdi sənin hansı övladındır? Buyurdu: «Yeddinci övladdan olan beşinci övlad. O, qeybə çəkilər və onun adını dilə gətirməyinizə icazə verilmir».
Müfəzzəl ibn Ömər deyir: «İmam Sadiqə (ə) ərz etdim ki, kaş öz canişininizi bizə tanıtdıraydınız. Həzrət buyurdu: «Ey Müfəzzəl! Məndən sonra imam övladım Musadır. Son imam isə onun beşinci övladıdır».
Müffəzəlin nəql etdiyi başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur: «Allah-təala məxluqları yaratmazdan on dörd min il əvvəl bizim ruhlarımızdan ibarət olan on dörd nur yaratdı». Həzrətdən bu on dörd nur haqqında soruşulduqda o buyurur: «Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarından olan imamlar. Onların sonuncusu qeybə çəkildikdən sonra qiyam edəsi, Dəccalı öldürəsi və yer üzünü zülmdən qurtarası qaimdir».
Bə’zi rəvayətlərdə imam Sadiq (ə) öz şiələrini imamın qeybi məsələsinin qəbuluna hazırlayaraq onlara xəbərdarlıq edir. Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurdu: «Əgər sahibiniz qeybə çəkilsə, məbada onu inkar edəsiniz». Übeyd ibn Zürarə deyir: «İmam Sadiq (ə) buyurdu: «Xalq öz imamını itirər. Onların imamı həcc mərasimində iştirak edər. O, xalqı görsə də, xalq onu görməz».
Bə’zi rəvayətlərdə isə həzrətin qeybinin suğra və kübra olmaqla iki hissədən ibarət olduğu bildirilir.
Müfəzzəl ibn Ömər deyir: «İmam Sadiq (ə) buyurdu: «Əmr sahibinin iki qeybi olacaq. Onun qeyblərindən biri o qədər uzun çəkəcək ki, xalq onun dünyasını dəyişdiyini zənn edəcək. Bə’ziləri də belə düşünəcəklər ki, ona kiçik bir qrup itaət edir və onun yerini yalnız doğru yolda olanlar bilir».
Bu məzmunda rəvayətlər müxtəlif mənbələrimizdə, eləcə də, No’maninin «Əl-ğeybət» kitabında nəql olunmuşdur. O uyğun rəvayəti nəql etdikdən sonra bildirir: «Qeybin iki növ olduğunu göstərən hədislər mö’təbər hədislərdir. Allah-təala imamların kəlamının doğruluğunu aşkar etdi və qeyb iki növ oldu. Birinci qeyb dövründə imamla xalq arasında qərar tutan səfirlər vasitəsi ilə xalq öz suallarına cavab aldı. İkinci qeyb dövründə isə Allahın məsləhəti ilə səfirlər və vasitəçilər olmadı.»
Dostları ilə paylaş: |