ABBASİLƏRİN TƏZYİQLƏRİ, ŞİƏLƏRİN VƏ ŞİƏ MƏKTƏBİNİN İMAM TƏRƏFİNDƏN QORUNMA ZƏRURƏTİ
Qeyd etməliyik ki, düşmənlərin heç bir maneçiliyi olmadığı halda da imamla şiələr arasında rabitə yaratmaq çətin bir iş idi. Həmin dövrün rabitə və nəqliyyat vasitələri uzaq məntəqələrdə yaşayan insanların əlaqə saxlamasını çətinləşdirdi. Əgər azad bir şəraitdə belə bir rabitənin yaradılması mümkünsüz idisə, şübhəsiz ki, Abbasilərin təzyiqləri bu işi daha da çətinləşdirirdi. İmamları nəzarət altında saxlayan Abbasilər onların bütün hərəkətlərini izləyirdilər. Saysız-hesabsız casuslar ordusu şiələri bir an olsun belə gözdən kənar qoymurdular. Belə bir şəraitdə imamlarla şiələr arasındakı rabitəni qorumaq, ən əsası İslam məktəbini hifz etmək üçün vəkalət qurumunun müstəsna rolu vardı. Yarandığı gündən kiçik qeyb dövrünün sonunadək vəkalət qurumunun gizli fəaliyyət göstərdiyinə şahid oluruq. Çünki bu qurumun vəzifəsi təkcə şər’i ödəncləri, zəkatları toplamaqdan ibarət deyildi. Vəkalət qurumunun təşkil olunmasının əsas səbəbi Abbasilərin təzyiqləri olmasa da, bu təzyiqləri həmin qurumun fəaliyyətlərinin güclənməsi amili kimi qəbul etmək olar. Ona görə də imam Kazim (ə) və imam Hadinin (ə) dövrlərində uyğun fəaliyyətlərin güclənməsinə şahid oluruq.