Bu qurum zahirən xüms-zəkat və digər dini ödənclərin toplanması məqsədi ilə təşkil olunsa da, onun siyasi fəaliyyəti tarixi gerçəklikdir. Hətta bu siyasi fəaliyyətlər olmasaydı da, dini ödənclərin toplanması Abbasilərin nəzərincə siyasi fəaliyyət sayılırdı. Unutmamalıyıq ki, xəlifə Mənsur və Harun imam Sadiq və imam Kazimi məhz dini ödənclərin toplanmasına görə ittiham edirdilər. Onlar bu işin Abbasilər hökumətinin ziddinə yönəldiyini düşünürdülər. Mütəvəkkil də imam Hadini (ə) uyğun məsələyə görə ittiham etmişdir. O, imam Hadinin (ə) vəkillərinin fəaliyyətindən xəbərdar olduqdan sonra qurumu dağıtmaq və onun üzvlərini həbs etmək qərarına gəlmişdi. Hətta vəkillərin yaxın adamları həbs olunurdu. Vəkillərə uyğun işdə yardımçı olan Əbu Əli ibn Raşid, İsa ibn Asim, İbn Bənd şəhadətə yetirilmişdilər. Vəkalət qurumu üzvlərinin Abbasilər tərəfindən tə’qib olunması uyğun qurumun siyasi fəaliyyət göstərməsinin sübutudur. Əgər bu qurumun siyasi rolu yox idisə, nə üçün abbasi xəlifələri bir bu qədər narahat olurdular?! Uyğun siyasi fəaliyyətin digər bir dəlili qurumun təqiyyəyə əməl edərək, öz fəaliyyətini gizli şəkildə aparması idi. Əgər qurum hakimiyyət tərəfindən sıxıntılara mə’ruz qalmasaydı, daha böyük işlər görülərdi.